Yeddinci fəsil Yol polisinin binası
Yusif peyğəmbər adlı təpəni ələ keçirməkdən ötrü Hələbin Şeyx Nəccar bölgəsinə yollandıq. Təpədən öndə böyük bir bina vardı, Fatimiyyundan on nəfərlə birgə orada keşik çəkirdik. Binada iki livanlı və iki suriyalı da vardı. Canlı qüvvənin azlığına görə Suriya polisindən iyirmi nəfər də binadan bir qədər aralıda hazırlıqlı vəziyyətdə dayanmışdı. Müharibədən qabaq bu altımərtəbəli binada sürücülük vəsiqəsi verilir, maşınlar texniki baxışdan keçirilirdi. Otaqlar şkaf, qovluq və sənədlə dolu idi. Birinci mərtəbənin pəncərələri o qədər böyük idi ki, tank oradan binanın içinə girə bilirdi.
500 metr irəlidə Yusif peyğəmbər təpəsi yerləşirdi. Təpənin başına qədər bir-birinin üstündə tikilmiş kənd evləri uzaqdan görünürdü. Uşaqlar kənddə döyüşə başlamışdılar, atışma səsi bir neçə saata qədər kəsilmədi.
Bu ezamiyyətdə də Qulamsəxi ilə birlikdə idim. Fatimiyyundan olan biz 11 nəfərin vəzifəsi binanı qorumaq idi. Bu isə asan deyildi. Çünki nə pulemyotumuz vardı, nə də qumbaraatanımız. Ən çətini bu idi ki, ratsiyamız da yox idi, bir-birimizlə əlaqə saxlaya bilmirdik. Yuxarı mərtəbələrdə olanda düşünürdüm: Əgər indi düşmən gəlib birinci mərtəbədəki iki nəfərin başını kəssə, xəbərim olmayacaq. Buna görə də, altı mərtəbəni tez-tez çıxıb-düşür, uşaqlara baş çəkirdim. Aramızda təkcə livanlıda ratsiya vardı, əməliyyat komandiri ilə və qərargahla əlaqə saxlayırdı.
Sonrakı günlərdə Yusif peyğəmbər təpəsi tam ələ keçirildi və bizim mövqeyimiz bərkidi. Buna baxmayaraq, hər an qulağım zəngdə idi. Düşmən hücuma keçsəydi, birinci bu binanı tutacaqdı. Çünki bir yerə hücum edəndə lazım olan ilk şey möhkəm sığınacaqdır. Bu bina da o qədər böyük və möhkəm idi ki, düşmən ona ağır silahlarla atəş açırdı.
Bütün bunlarla bərabər, vəziyyət o qədər sakit idi ki, bəzən binadan bayırda şəhər polisləri ilə oturub çay içir, söhbətləşirdik. Onlar müharibəyə cəlb olunmalarından şikayətlənirdilər. Hərçənd, bunun səbəbini bilirdilər: canlı qüvvə o qədər az idi ki, əli silah tutan hər kəsi döyüşə gətirirdilər.
Yol polisinin binasında bəzi səbəblərdən hələ də çətinlik çəkirdik. Uşaqlar günorta yeməyinin axşamüstü saat 6-da verilməsinə alışınca çox əziyyət çəkdilər. Günortaya qaynanmış buğda, arpa və ya makaron verirdilər, axşam yeməyinə də balıq konservi və ya kolbasa. Çoxunun balıq konservini yeməyə ürəyi gəlmirdi; ağzını açan kimi gözlərini adamın gözünə dikmiş bütöv bir balıq görürdülər.
Xəfif qar yağıb hər yeri ağartmışdı. Binanın içi çölündən soyuq idi. Nə istilik sistemi vardı, nə də qış geyimləri. Qərara gəldik ki, ətrafdakı evlərdən özümüzə bir şey tapaq. Livanlı komandirimizlə danışdıq. Dedi ki, eybi yoxdur, amma gedəndə götürdüyünüz hər şeyi yerinə qoyarsınız.
Yol polisi binasının ətrafı ticarət zonası idi, çoxlu xalça və parça anbarları vardı. Bəzi tərk edilmiş evlərdən bir odun və bir dizel sobası gətirdik. Növbəti problem onların yanacağını tapmaq idi. Nə odunumuz vardı, nə də dizelimiz. Məcbur qalıb binanın arxivindəki qovluqların canına düşdük, nə qədər kağız vardısa, iki həftəyə qədər yandırıb qızışdıq.
Sonra iyirmilitrlik kanistrlərlə dizel tapmaq üçün ətrafı gəzməyə başladıq. Təkcə bir ev qalmışdı. Ora getmək üçün düşmənin gözü önündəki təxminən 200 metrlik ərazidən keçmək lazım idi. “Bir, iki, üç!” sayırdım və iki-üç nəfərimiz qaçırdı. Biz qaçanda düşmən də atəş açmağa başlayırdı, amma bütün güllələr yan keçirdi. Snayperlə atəş açırdılar, amma nişançı nabələd idi, silahını nizamlasaydı, bizi ikinci güllədə endirə bilərdi.
Ümidimiz üzülmədi. Evdə iki dizel çəni vardı. Kanistrlərimizi doldurduq. Bu dəfə güllələrin altından əlidolu və ağır halda keçib özümüzü binaya yetirdik. Dizel götürəndə heç kimin diqqətini çəkməməyə çalışsaq da, Suriya ordusunun uşaqları xəbər tutdular və tez bir zamanda iki çən yanacağın fatihəsini verdilər. Xoşbəxtlikdən, bu dəfə bir odun anbarı tapdıq, axırda da yaxınlığımızdakı artilleriya sursatının qutularını sındırıb sobaya atdıq.
Bir müddətdən sonra döyüşçülərə yun poliver gəldi. Bu isti geyim də bəzi suriyalıların inciməsinə səbəb oldu. Paltarları əvvəlcə iranlı və livanlılara verdilər, sonra əfqanlılara, axırda da suriyalılara. Mən də incidim, amma bilirdim ki, hamı belə deyil və bu ayrıseçkilik xüsusi qərəzçilikdən irəli gəlmir. Ancaq hər halda, bu iş öz təsirini buraxdı; Vətən müdafiəsi təşkilatının uşaqları narazılıqla deyirdilər ki, görürsən, bizi axıra saxlayırlar.
Binadakı livanlı minaçı idi. Onu “Safi” çağırırdıq. Axşamlar mina basdırmaq üçün ön xətdən 400 metr irəli gedir, gündüzlər düşmənin bizim ətrafımızda basdırdığı minaları zərərsizləşdirirdi. Bəzən mən də kömək etmək üçün onunla gedirdim.
Düşməndən qənimət götürülən bəzi silah və sursatlar əl üsulu ilə hazırlandığına görə onlardan istifadə etmək çox təhlükəli idi. Misal üçün, onlar mancanaqla mərmi atırdılar, yalnız başı yerə dəyəndə partlayırdı. Bundan ötrü mərminin başına içində dəmir parçası olan bir stəkan qoyurdular. Beləliklə, mərminin hansı tərəfi yerə dəysəydi, stəkan sınırdı və içindəki dəmir parçası partladıcıya dəyib mərmini partladırdı. Yol polisi binasında olanda Safi bu mərmi və bombaları zərərsizləşdirməyin yolunu bizə öyrətdi.
Bir gün mina sursatlarını təhvil almaq üçün Safi ilə birlikdə Hələbin hava limanına getdim. İşinin uzandığını görəndə beynimə bir fikir gəldi. Hava limanından çıxıb birbaş Həzrət Rüqəyyə qərargahına getdim. Qərargah komandirinin yaxşı cəhətlərindən biri bu idi ki, onu asanlıqla görmək olurdu. Ofisinin rəhbəri dedi ki, hacının iclası var, gərək bir qədər gözləyəsən.
Gözlədiyim müddətdə deyəcəyim sözləri yadıma saldım. Nübl, əl-Zəhra və Hizbullah uşaqlarında yataq kisəsi və balon gödəkcələr vardı, biz on bir nəfərdə isə yox idi. Kənd evlərindən gətirdiyimiz adyallar da güclü soyuğa davam gətirmirdi.
Hacı otaqdan çıxdı. Uşaqlardan eşitdiyim kimi, döyüş mövqelərinə tez-tez baş çəkdiyinə görə üst-başı toz-torpaqlı idi. Salamlaşıb hal-əhval tutduq. Məni görüb təəccübləndi; çünki orada vuruşan 70 Fatimiyyun döyüşçüsü razılaşdırmadan bölgədə get-gəl edə bilməzdi. Vəziyyətimizi izah edib dedim:
- Biz ön xətdəyik, amma yetərincə patron vermirlər. Balon gödəkcəmiz və yataq kisəmiz də yoxdur.
- Axı siz ön xətdə deyilsiz! – dedi və dərhal əlavə etdi: - Aha! Siz yol polisi binasına yerləşmiş on bir nəfərdən birisiz.
Tez əşya xidməti rəisini çağırıb dedi ki, məni anbara aparsın və istədiyimi versin.
Silah anbarının qarşısında ağzım açıq qalmışdı. Böyük bir anbarın dörddə biri daraq qutuları ilə dolu idi, halbuki biz 60 gün idi binada yalnız iki daraqla qalmışdıq.
Binaya əlidolu qayıtdım. Uşaqlar məni dövrəyə aldılar. Qulamsəxi də yaxınlaşıb yataq kisəsini, balon gödəkcəsini və patron darağını təhvil aldı. Ancaq axşam yatmaq istəyəndə gördüm ki, adyalın altında yatıb. Təəccüblə silkələyib soruşdum: “Bəs yataq kisən hanı?”
Başını adyalın altından çıxarıb məsum baxışla dedi: “Bir polis üşüyürdü, verdim ona”.
Adyalı başına çəkib dedim: “İndi adyalın altında titrə ki, adam olasan!”
Ertəsi gün səhər çağı qarovul vaxtı gördüm ki, balonu da yoxdur. Bildim ki, gödəkcəsini də bir suriyalı polisə verib. Bu dəfə ona bir söz demədim, bildim ki, əxlaqı hamıdan fərqlənir. Yalnız bir gecə onunla qalmış suriyalılar dəfələrlə mənə yaxınlaşıb demişdilər: “Necə də mərifətli dostun var! Həqiqətən, Allah övliyalarındandır!”
Təxminən 80 gün idi bu binada idik, amma sanki bir il ötürdü. Evdən, ailə üzvlərimizdən ötrü darıxırdıq. Bəzi axşamlar bir yerdə oturub analarımızın bişirdiyi isti və dadlı xörəkləri yada salırdıq. Həmin gecələrin birində dedilər: “Fatimiyyun komandiri Əbu Hamid gəlib, bayırda sizi gözləyir”.
O vaxta qədər Əbu Hamidi görməmişdik. Bir qədər qorxdum, ehtimal verdim ki, məni görəndə digər uşaqlardan ayrıldığıma görə danlayacaq. Ayağa qalxıb mobil telefonlarımızın fənəri ilə mərmi atəşlərindən uçub-dağılmış pillələrə işıq saldıq. Aşağı enəndə Əbu Hamidi qarşımızda gördük. Onu eynəkli təsəvvür etmirdim. Çöhrəsi qətiyyətli idi, xüsusi heybəti vardı. Bir əli sarıqla bağlanıb boynundan asılmışdı. Sonralar bildim ki, Dəməşqdə yaralanıb, bizi görməkdən ötrü çətinliklə Hələbə gəlib. Yavaşca danışmağa, Fatimiyyun birləşməsini genişləndirmək planları barədə məlumat verməyə başladı.
– Planım budur ki, Fatimiyyun təkcə piyada qüvvələrdən ibarət olmasın, uşaqlar artilleriyada, zirehli birləşmələrdə, snayperdə, rabitədə və digər sahələrdə ixtisaslaşsınlar və inşallah, gələcəkdə müstəqil bir diviziya olub bütün bölmələrimizi idarə edək.
Sonra bir qədər dayandı, mənə baxmadan davam etdi:
– Eşitmişəm ki, bəziləriniz özbaşına hərəkət edirsiz, sözə qulaq asmırsız. İndi hazırlaşın, Dəməşqə qayıdır və bir neçə günlüyə İrana gedirsiz.
Uşaqlar Əbu Hamidə şikayət etmiş olsalar da, mənimlə belə səbirli davranacağını düşünməzdim. Hətta gedəndə uzun saqqalıma baxıb gülə-gülə dedi: “Niyə özünü mövləvilərə oxşatmısan? Sən gərək ləqəbini Nəcib yox, Mövləvi qoyaydın”.
Onda adət belə idi ki, uşaqlar kod adlarını şəhidlərin adlarından seçirdilər. Mən də ilk şəhidlərimizdən olan Nəcibin adını götürmüşdüm.
Qulamsəxi ilə düşünürdük ki, əgər məzuniyyətə getsək, daha Hələbə qayıtmağa icazə verməyəcəklər. Halbuki biz ərəb uşaqlarla dostlaşmışdıq, onlarla birlikdə vuruşmaq istəyirdik. Əbu Hamid bilmədən Safiyə dedik ki, bizi Həzrət Rüqəyyə qərargahına aparsın, komandirlə danışaq. Ona dedik ki, biz məzuniyyətə gedirik, amma qayıdanda yenə Hələbə qayıtmaq istəyirik. Komandir soruşdu: “Həqiqətən, bunu istəyirsiz?” Dedik: “Bəli. Necə məgər?” Mənə bir telefon nömrəsi verib dedi: “Məzuniyyətdən qayıdandan sonra bu nömrə ilə əlaqə saxla, sizin Hələbə göndərilmənizi razılaşdırım”. Bu cəhətdən arxayınlaşandan sonra sevinc içində Dəməşqə getdik.
Dostları ilə paylaş: |