Giriş
Deyirdi ki, biz əfqanıstanlı hərəm müdafiəçilərinə Fatimiyyun - Fatiməçilər deyirlər. Çünki biz həzrət Fatimə (ə) kimi həm qəribik, həm də bəzən məzlum oluruq. Mən bu qəribliyi və məzlumluğu onun həm fatiməçi olmazdan öncəki, həm də ondan sonrakı xatirələrində hiss edirdim.
Bu xatirələrin müəllifi kod adında olduğu kimi, doğrudan da nəcib adamdır. Onunla söhbətləşdiyimiz saatlarda bəzən xatirələrdən vəcdə gəlir, bəzən o günlərdən ötrü darıxır, başına gələnləri, enişli-yoxuşlu həyatında baş verənləri səmimi şəkildə danışırdı. O qədər təvazökar idi ki, “mən” yerinə “biz” sözünü işlədirdi. İlk görüşdə bildim ki, “biz” deyəndə çox vaxt özünün etdiklərindən danışır, təvazökarlıqdan, ya da başqa səbəbdən özünü öyməkdən çəkinir.
Şəhid yoldaşları, birlikdə qədəm qoyduqları bu yolu sonacan getmişdilər. Seyid Qulamsəxi Hüseyninin, Əli Şarjinin, Seyid İbrahimin və digər dostlarının şəhadətindən danışanda üzünə təbəssüm qonurdu, əvvəldən inanırdı ki, onlar getməlidilər, qalsalar, təəccüb etmək lazımdır. Ancaq Əbu Hamidin şəhadətinə görə hələ də kədərli idi. Ömrünün son aylarında onun köməkçisi olmuş, şəhadətini yaxından görmüşdü. Ondan danışdıqca sanki illər öncə atasını itirmiş, hələ də matəmdən çıxa bilməyən bir kişinin inanılmaz qəm-qüssəsinə şahid olurdum.
Döyüş xatirələrini söyləyərkən səmimiyyəti qəlbimin yarısını lərzəyə gətirsə də, yarısını bərkidir, mənə öyrədirdi ki, həqiqət həmişə acı deyil, həqiqət bir olsa da, onun iki üzü var: şirin və acı üzü. O, doğrunu söyləməkdən, həqiqətin hər iki üzünü göstərməkdən çəkinmirdi.
Sonda əziz anasına, mehriban həyat yoldaşına və gözəl qızına, eləcə də dəyərli şəhidlərə və bütün bu hadsələrin səbəbkarı olan Əhli-beyt xanımına dərin hörmətlərimi ifadə edirəm.
Zəhra Sabiti
Mart, 2020
Dostları ilə paylaş: |