Təll-Qərin əməliyyatı
Deyr əl-ədəs kəndində mövqelərimiz möhkəmlənəndən sonra bütün canlı qüvvə növbəti əməliyyata hazırlaşmağa başladı. Plana görə, Fatimiyyun Həbariyyə kəndini, Hizbullah da kəndin sağında yerləşən Fatimə adlı hündür təpəni ələ keçirməli idi. Vətən müdafiəsi qüvvələri də başqa bir səmtdən əməliyyata qoşulacaqdılar. Bu əməliyyatda qələbə çalsaydıq, Həbariyyə kəndindən sonra gələn Təll-Qərinə çatacaqdıq və hər iki tərəf üçün əhəmiyyətli olan Təll-Əntər ayaqlarımızın altında qalacaqdı.
Sarğımı hər iki gündən bir dəyişdirməli idim. Əbu Hamidi maşınla əməliyyat bölgələrinə vəziyyəti öyrənməyə aparırdım, amma əvvəlki kimi onunla hər yerə gedə bilmirdim. Özü kiminsə onunla getməsini istəmirdi. Biz dinməsəydik, təkbaşına maşını götürüb istədiyi yerə gedərdi. Bizsə buna razı olmur, əməliyyat bölgələrinə tək getməsinə imkan vermirdik. Buna görə də, mən gedə bilməyəndə Əbu Rüqəyyə onunla gedirdi. Əbu Rüqəyyə bir neçə dəfə yaralansa və partlayış dalğasına düşsə də, əhval-ruhiyyəsi bir yerdə oturmaqla və ofis işləri ilə uyğun gəlmirdi, həmişə gedib-gəlmək istəyirdi.
Şəxsi heyət Dəməşqdəki İzrə düşərgəsindən Dəra vilayətindəki Qasiyun və Yərmuk adlı iki universitetə köçdü. Yərmuk universiteti yeni tikilmiş, müharibə başladığına görə istifadəsiz qalmışdı. Onun elektrik və havalandırma sistemi çox modern idi, bütün pəncərələrində ikiqat şüşə vardı. Vətən müdafiəçiləri Yərmuk universitetinə, Fatimiyyunla Heydəriyyun da Qasiyun universitetinə yerləşdilər.
Əməliyyata yaxın suriyalı döyüşçülərdən təxminən min nəfər məzuniyyət vaxtlarının gəlməsi bəhanəsi ilə silahları ilə birgə öz şəhər və kəndlərinə getdilər, Suriya ordusu da bu qədər silahlı qüvvənin qarşısını ala bilmədi. Ordu zabitlərinə görə, bu, normal bir şey idi.
Bu əməliyyatda Seyid İbrahim xüsusi təyinatlı hərbi birləşməsi və Seyid Həkim iki batalyonu ilə iştirak edirdi. Fateh əməliyyata az qalmış məzuniyyətdən gəldi. Onun daimi təbəssümünə alışmışdıq, ancaq bu dəfə maraqlı gələn müxtəlif şəraitlərdə danışdığı lətifələr idi. Ondan öncə həmişə gülərüz idi, amma nadir hallarda kiminləsə zarafat edər, daha çox ciddi olardı. Bu dəfə məzuniyyətdən gələndən sonra isə onu hər dəfə görəndə uşaqların biri ilə zarafat edirdi. Hətta uşaqlar arasında şayiə yayıldı ki, Fateh nişanlandığı üçün bu qədər şən və şuxtəb olub.
Biz Fatimiyyun döyüşçüləri Əbu Hamidlə Fatehi bir yerdə görəndə təşkilatımızın gələcəyinə ümidvar olurduq. Əbu Hamid Seyid Məhəmməd Nəqəvi də daxil olmaqla xəttat və rəssam uşaqlara tapşırmışdı ki, Fatimiyyun briqadasına bayraq çəksinlər. Onda İran televiziyasında Fatimiyyun briqadası barədə sənədli film göstərmək qadağan idi, ancaq Əbu Hamid bəzi işlər görür, proqramlar hazırlayırdı.
Fateh Əbu Hamidin rəsmi müavini deyildi, amma bir an da sakit oturmayıb ürəkdən çalışır, daim oyan-buyana qaçırdı. Əməliyyat günü onunla birlikdə son yoxlama və razılaşdırmalardan ötrü döyüş yerinin yaxınlığına qədər getdim. Ən əvvəl tibb məntəqəsinin yerləşdiyi yeri araşdırdıq. Ora ən azı, 50 faizli təhlükəsizliklə təmin olunmalı idi. Məntəqəyə gedən yolu araşdırdıq ki, görək, təcili yardım maşını asanlıqla hərəkət edə bilər, yoxsa yox. Sonra müxtəlif nöqtələrdə yerləşən dəstək mərkəzlərini dəqiqləşdirdik, yaxın kəndlərdə yerləşən anbarlara baş çəkdik. Hər bir əməliyyat başlayanda su və yemək dolu bir neçə maşını bölgəyə ən yaxın məsafədə saxlayırdıq. Bölgə ələ keçiriləndən sonra yolda təhlükəsizlik yaranan kimi yük maşınları sürətlə özlərini şəxsi heyətə yetirir, hər şeydən öncə su paylayırdılar.
Bölük komandirlərinə də baş çəkdik ki, hərə öz yerində olsun. Fateh yolda çox şən görünürdü, maşında mənimlə zarafatlaşıb deyirdi: “Nəcib, sən də özünə görə rəis olmusan. Mənim yerimi tutmaq istəyirsən, hə?!” Zarafat edir, lətifə söyləyir, gülürdü. Qaranlıqda üzü bir an da gülüşsüz qalmır, ağ dişlərinin parıltısı əskilmirdi. Sanki sabah düşmən mövqelərinə hücuma keçməyəcəkdik.
Geri qayıtmaq istəyəndə Fatihə dedim: “Özün maşına min, qayıt, mən Hadinin yanında qalıram”. Hadi bölük komandiri idi. Fateh ayağımı göstərib gülə-gülə dedi: “Bəs Əbu Hamidə nə cavab verəcəksən?” İstədim deyəm ki, Əbu Hamid mənim özbaşınalığıma adət edib. Amma gülüb dedim: “Özü bilir. Mən adi vaxtlarda köməkçi vəzifəmi yerinə yetirirəm, əməliyyat olanda isə piyada qüvvələrlə döyüşdə iştirak etmək istəyirəm”.
Bir dəfə Əfqanıstanda ayağım sınıb gipsləndi. Bütün şəxsi heyət Talibanın pusqularını tapmaq üçün əməliyyata getdi. Ayağım sındığına görə məni aparmadılar, məcbur olub bir həftə hərbi hissədə qaldım. Bu, ömrümün ən əzabverici günləri idi. Daim hərbi hissədə gəzişirdim, amma fikrim uşaqlarda qalmışdı, otaqların səssizliyi məni dəli edirdi. O gün özümə söz verdim ki, heç bir halda geridə qalmayacaq, özümü irəli, döyüş yerinə yetirəcəyəm.
Fateh maşına minib qayıtdı. Gecənin qaranlığında şəxsi heyətin arasına girdim. Çalışırdım ki, bölük komandirləri olan Hadi ilə Məhəmməd Tənha məni görməsin. Onlar məni əməliyyata aparmayacaq, bəhanə edəcəkdilər ki, bəs Əbu Hamidə nə cavab verərik?
Şəxsi heyət qruplara bölünürdü. Mən Hadi ilə Məhəmməd Tənhanın şəxsi heyəti arasında gedib-gəlirdim ki, heç kim duyuq düşməsin. Kim məndən “Hansı taqımdansan?” – deyə soruşduqda cavab verirdim ki, o birindənəm. “Öz taqımının yanına get” söyləyəndə deyirdim ki, bir dövrə vurub qayıdacağam.
Yavaş-yavaş ayın üzü açıldı, hər yer işıqlandı. Hazırlıq atəşi ilə Həbariyyə kəndinə top və raket mərmiləri yağmağa başladı. Eyni zamanda şəxsi heyət də kəndə yola düşdü. Mən Hadinin bölüyü ilə getdim. Torpaq yumşaq idi, ayaqlarımız topuğa qədər torpağa girirdi. Buna baxmayaraq, uşaqlar çox cəld gedirdilər, ayağım ağrıdığına görə onlardan geri qalır, axsaya-axsaya irəliləyirdim. Nəhayət, Məhəmməd Tənhanın bölüyü mənə çatdı. Məhəmməd dedi: “Sən burda neyləyirsən?” Məsələni ona danışdım. Daha orada etiraz edə bilmədi və onlarla birgə hücuma keçdim.
Artilleriya atəşinə görə düşmən qaçmışdı və biz döyüşsüz kəndə girdik. Kəndin sonunda bir çay vardı, plan oraya çatmaq idi. Bütün şəxsi heyət və texnika, o cümlədən, tanklar və zirehli maşınlar kəndə yerləşdi. Fateh daim oyan-buyana gedirdi, telefonunun kamerası açıq idi, sevincək Fatimiyyunun Həbariyyə kəndinə girişini çəkir, uşaqlara xoşgəldin deyirdi.
Kəndin yaxınlığında Əbu Hamidi gördüm. Seyid İbrahimlə danışırdı. Onlara yaxınlaşdım. Xoşbəxtlikdən, əməliyyata qoşulduğum barədə bir söz demədi. Bütün diqqəti Seyid İbrahimdə idi.
- Biz düşmənin cəld geri çəkilməsindən istifadə edib çaydan keçə bilərik. Əgər o taydakı bir neçə evi tutsaq, Təll-Qərinin aşağısına çatacağıq, - deyə Seyid İbrahim bildirdi.
Əbu Hamid bir qədər fikirləşib dedi:
- İrəliləyin, amma problem yaransa, tez qayıdın.
Seyid İbrahim şəxsi heyəti ilə cəld hərəkətə başladı. Xoşbəxtlikdən, düşmən öz qüvvələrini nizama salmadan öncə yüngül döyüşlə təpənin yamacındakı bir neçə evi də ələ keçirdilər.
Mən Əbu Hamidlə birgə kənd evlərinin birinə yerləşdim. Çoxları, o cümlədən xüsusi idarənin uşaqları könüllü şəkildə köməyə gəlmiş, evlərə yerləşmişdilər. Seyid İbrahimdən sonra növbə Hadiyə çatdı. O, Əbu Hamidə yaxınlaşıb dedi: “Deyəsən, təpənin başında heç kim yoxdur”. Əbu Hamid tez dilləndi: “Daha artıqtamahlıqdır. Hələ burayacan da plandan artıq gəlmişik”. Hadi israr etdi: “Siz necə deyirsizsə, elə də edərik. Ancaq düşmən bu axşam məğlub olub. Nə qədər ki nizam-intizamı pozulub, çaş-baş qalıb, təpəni asanlıqla tuta bilərik”.
Hadi də Əbu Hamidi razı saldı. Qərara gəldilər ki, təcrübəli döyüşçülərindən on nəfərlə təpəyə çıxsın, ancaq problemlə üzləşən kimi geri çəkilsin.
Çox çəkmədən Hadi ratsiyadan dedi: “Mən təpənin başındayam, heç bir problem yoxdur”. Düşmənin bir pulemyotu onlara atəş açırdı. Əbu Hamid tez səngərin koordinatlarını aldı, tanklara əmr etdi ki, irəli gedib atəş açsınlar. T-90 tankları idi, gecə durbinləri vardı. Asanlıqla nişan alıb səngəri vurdular.
Dostlarımdan biri mənə Əli Şarjini çox xatırladırdı. Onun kimi qorxmaz və cəsur idi, hər növ topla işləməyi bacarırdı. O, 14,5 mm çaplı topla düşmən mövqelərini vururdu.
Düşmənin səngəri və pulemyotu vuruldu, amma Hadigil hələ bir qrup düşmənlə vuruşurdu. Səhərin ala-toranlığında ratsiyadan bildirdi ki, təpəni uğurla ələ keçiriblər. Təpənin başında bir neçə panel bina vardı, oraya yerləşmişdilər. Seyid İbrahimlə şəxsi heyəti dərhal təpəyə qalxıb qarşı tərəfdən bir qədər aşağıdakı daş-qayaların arxasında mövqe seçdilər. Vətən müdafiəsi döyüşçülərindən bir qrupu da minaatanlarla təpənin başına çıxdı.
Döyüş zamanı uşaqların çoxu əllərindən gələni edirdi, halbuki vəzifələri deyildi. Fazil adlı bir döyüşçü əməliyyat və mühafizə rəisi idi. Hələ günəş çıxmamış ekskavator və buldozerlərlə gəlib təpə ilə kəndin arasında torpaq istehkam qurmağa başladı. Sağ tərəfdə düşmənin nəzarətində olan Kəfər-Nasic kəndi yerləşirdi. Həmin səmtdə də hündür bir istehkam quruldu ki, düşmənin gözü kor olsun.
Təll-Qərin ələ keçiriləndən sonra Fateh o qədər məşğul idi ki, daim çıxıb-düşür və daha video çəkməyə vaxt tapmırdı.
Dostları ilə paylaş: |