Tədqiqat metodları. Dissertasiya işi əsasən sinxron tədqiqat xarakteri daşıyır. Buna baxmayaraq ayrı-ayrı şəkilçilərin izahı zamanı sinxronik tədqiqatla yanaşı, diaxronik istiqamət üzrə də iş aparılmış, zəruri məqamlarda dildaxili və dillərarası müqayisələr aparılmışdır. Bu mənada dissertasiya işində daha çox təsviri, tarixi-müqayisəli metod, eləcə də həmin metodların tədqiqat işinin xarakterinə müvafiq üsullarından (anologiya üsulu, linqvistik müşahidə üsulu, tarixi-müqayisəli üsul və s.) istifadə olunmuşdur.
Müdafiəyə çıxarılan əsas müddəalar. Müdafiəyə dissertasiya işinin aşağıdakı əsas müddəaları təqdim edilir:
‒Müasir Azərbaycan ədəbi dilindəki qeyri-məhsuldar şəkilçilər mənsubiyyət etibarilə milli və alınma mənşəli ola bilir;
‒Ədəbi dilimizin şəkilçilər sistemindəki qeyri-məhsuldar budaq morfemlərin, xüsusilə də milli mənşəli qeyri-məhsuldar şəkilçilərin çoxu dilimizin tarixi qrammatikasında da işlək olmuşdur;
‒Alınma mənşəli qeyri-məhsuldar şəkilçilərin bir hissəsi, xüsusən də onların içərisindəki ərəb-fars mənşəli qeyri-məhsuldar şəkilçilər mənbə dildə müstəqil söz kimi işlənə bilir və onlar dilimizə keçdikdən sonra, lüğəviliyini itirib şəkilçi funksiyasında çıxış edir;
‒Milli mənşəli şəkilçilərin böyük bir hissəsi əksər türk dillərində müəyyən fonetik fərqlərlə işlənə bilir.
Dostları ilə paylaş: |