Maddi hesablarla düz gəlməyən şeylərdən biri də, bizim əvvəlki söhbətlərimizdə danışdığımız məsələlər, yə᾽ni insani dəyərlər, başqa sözlə desək insanın insanlığıdır. Təəccüblü məsələlərdən biri də budur ki, siz hər hansı bir varlıqla maraqlansanız onun, özü üçün ayrılmaz bir sifət olduğunu görərsiniz. Pələngin pələnglik, itin itlik, atın isə atlıq sifəti var. Biz atlıq sifətinə malik olmayan at, itlik sifətinə malik olmayan it və pələnglik sifəti daşımayan pələng tapa bilmərik. Amma insanlığa malik olmayan insan tapmaq mümkündür. Çünki, keçən söhbətlərimizdə insanın insanlığı adlandırdığımız və ona şəxsiyyət verən şeylər bəşəri və dünyəvi olmalarına baxmayaraq, insanın cisminin qurluşu ilə bitmir. Onun insanlığının me᾽yarı bir baş, iki ayaq, əl və s. şeylərə malik olması ilə tamamlanmır. İnsanın xüsusiyyətləri qeyri-maddi və hissedilməzdir. Başqa sözlə desək, maddi deyil, mə᾽nəvi şeylər qismindəndir. İkinci səbəb budur ki, insanın insanlıq me᾽yarı və onun insani şəxsiyyət və üstünlüyünün göstəriciləri təbiətin əli ilə deyil, yalnız və yalnız onun öz əli ilə qurulur. Məqsədimiz budur ki, insan mə᾽nəviyyat qapısıdır və öz vücud qapısından mə᾽nəvi aləmə yol tapır. Səkkizinci imam həzrət Rza (ə) buyurub: «Mə᾽na aləmində olan şeylər yalnız insanın daxilində olanlar vasitəsilə tanınaraq dərk edilir.» Bu çox maraqlı məsələlərdən biridir.
ötən söhbətlərimizdə dedik ki, insani dəyərlər adlandırılan və insan mə᾽nəviyyatı və me᾽yarı sayılan şeylər çox şeylərə şamildir, amma bütün dəyərləri bir dəyərdə, yə᾽ni «dərdlilik» və «dərd sahibi olmaq»da xülasə etmək olar. Dünyada insani dəyərlər barəsində söz açmış hər bir məktəb insanda heyvanlarla müştərək olduğu bədən və orqanizm dərd və ağrılarından əlavə, başqa bir dərd aşkar edərək müəyyənləşdirib. İnsanın həmin insanlıq dərd və ağrısı nədən ibarətdir? Əvvəlcə dediyimiz kimi, bə᾽ziləri yalnız qəriblik və bu dünya ilə uyuşmazlıq dərdinə tə᾽kid edirlər. Çünki insan başqa bir dünyadan vəzifəsini yerinə yetirmək üçün öz əslindən ayrılaraq bu dünyaya gəlmiş bir varlıqdır deyirlər. Onun öz əslindən bu uzaqlığı, onda şövq, eşq, nalə, qürbət hissi, əsl və vətəninə qayıdışa rəğbət, yə᾽ni Allah və haqqa qayıtmaq meyli yaradıb. İnsan behiştdən qovularaq bu maddi dünyaya gəlib və indi bir daha və᾽d edilmiş həmin behiştə qayıtmaq istəyir. Əlbəttə onun bu dünyaya gəlməsi, səhv bir iş olmayıb, çünki o, müəyyən bir vəzifəni yerinə yetirmək üçün gəlib. Amma hər halda bu hicran onu həmişə narahat edir və nigaran halda saxlayır. Bu məktəbə əsasən insanın dərdi yalnız Allah dərdi, Haqqdan uzaqlıq və Ona yaxınlaşmaq dərdidir. İnsan hər hansı bir məqam və kamala çatmasına baxmayaraq, yenə də öz mə᾽şuquna çatmadığını hiss edir.
İnsan, mütləq kamal vurğunudur. Belə bir söz var: «İnsan həmişə malik olmadığı şeyin arzusunda olur.»
Bu çox maraqlı və təəccüblü bir məsələdir. İnsan həmişə malik olmadığı şeyin arzusunda olur və onu istəyir, amma həmin şeyi əldə etdikdən sonra ondan bezərək soyuyur. Nə üçün? Bir varlığın təbiətində hər hansı bir şeyə meyl olması və həmin varlığı əldə etdikdən sonra onu istəməməsi və özündən uzaqlaşdırması qeyri-məntiqi bir işdir.
Bir nəfər danışırdı ki, xarici ölkələrdəki muzeylərin birində olan əşyalara tamaşa edərkən, gözüm çarpayıda uzanmış çox gözəl bir qadına və bir ayağı həmin çarpayının üstündə, digər ayağı isə yerdə olan, yə᾽ni həmin qadından üz döndərərək qaçmaqda olan bir gözəl gəncin heykəlinə sataşdı. Mən həmin heykəli görəndə, gənc oğlan və qızın bu heykəlini yonmuş heykəltəraşın onların sevişmək səhnəsini deyil, oğlanın qızdan qaçması səhnəsini yonmaqdan məqsədinin nə olduğunu başa düşmədim. Məsələ ilə yaxından tanış olan şəxsiyyətlərdən izah istədim. Onlar dedilər ki, bu heykəl Əflatunun məşhur nəzərinin təcəssümüdür. Əflatunun belə bir nəzəri var ki, insan həmişə əvvəldə hər bir mə᾽şuquna və sevdiyi şeyə doğru böyük eşq, məhəbbət, vurğunluq və rəğbət hissi ilə irəliləyir, amma vüsala çatdıqda eşq orada dəfn edilir. Vüsal eşqin dəfn edildiyi, nifrət və çəkinmənin başlanğıc yeridir.
Görəsən bu nə üçün belə olur? İlk baxışda bu məsələnin qeyri-təbii və qeyri-məntiqi bir iş olması düşünülür. Amma bu barədə dəqiq fikirləşmiş şəxslər onu həll edə biliblər. Onlar deyirlər ki, insan məhdud, fani, məkan və zaman çərçivəsində olan şeylərin aşiqi ola bilmir. İnsan yalnız mütləq kamal, yə᾽ni Haqq və Allahın zatına aşiqdir. Allahı inkar edən şəxs belə, Onun aşiqidir. Allahı inkar edərək Onu söyənlər belə fitrət və təbiətlərinin dərinliyində mütləq kamal aşiqi olduqlarını, amma yol və mə᾽şuqlarını itirdiklərini, səhv saldıqlarını bilmirlər.
Mühyiddin Ərəbi deyir: «Heç bir insan, Allahından başqa digərini sevməyib və indiyə kimi dünyada Allahdan başqa digər birini sevən insan tapılmayıb. Amma Allah-taala Zeynəb, Suad, Hind və bu kimi adların altında gizlənib.» Məcnun Leylinin aşiqi olduğunu güman edir, amma o, öz fitrət və vicdanının dərinliklərindən xəbərsizdir. Buna görə də Mühyiddin Ərəbi deyir ki, peyğəmbərlər Allah eşqi və Ona ibadət edilməsini öyrətməyə gəlməyiblər, çünki bu hər bir insanın fitri işlərindəndir. Peyğəmbərlər, düz və əyri yolları göstərməyə gəliblər. Bu ilahi elçilər gəliblər ki, insana belə desinlər: Ey insan! Sən mütləq kamal aşiqisən. Pul, mənsəb və qadının mütləq kamal olduğunu güman edirsən. Sən mütləq kamaldan başqa, digər bir şey istəmirsən, amma (xarici nümunənin tapılmasında) səhvə düçar olursan. Peyğəmbərlər insanı bu səhvdən qurtarmağa gəliblər.
İnsanın dərdi həmin ilahi dərddir. Əgər səhv pərdələr onun gözünün qarşısından çəkilsə və o, öz mə᾽şuqunu tapsa, Əli (ə)-dan eşitdiyimiz aşiqanə ibadətlərdən edər.
Qur᾽an nə üçün – «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar» – deyir. Ayənin ərəb dilindəki formasında «bi zikrillah» birləşməsi öndə gətirilib, çünki bu tərkib qəlblərin aram tapmasının yalnız və yalnız Allahı zikr etməklə yarana bilməsi mə᾽nasını verir. Belə bir qrammatik tərkib müəyyən bir məsələni yalnız bir şeyə həsr etmək və onu yalnız bir nöqtədə məhududlaşdırmaq məqsədi güdür. Bəşərin qəlbi, yalnız bir şeylə aram tapır, iztirab və sıxıntıdan qurtulur və o, Allahı zikr etmək, Onu yada salaraq Onunla ünsiyyətdə olmaqdır. Qur᾽an deyir ki, əgər insan sərvət və rifaha çatmaqla asayişdə olacağını, iztirab və narahatçılıqdan qurtularaq şikayət və gileylənmədən qaçacağını fikirləşirsə çox səhv edir. Əlbəttə Qur᾽an bu qism şeylərin dalınca getməsinin pis olmasını demir, bəlkə onları əldə etməyin lazım olduğunu bildirir. Amma deyir ki, insana asayiş və sakitlik verən şeylərin bunlar olmasını və insanın onları əldə etdikdə lazımı kamala çatmasını fikirləşmək səhv bir şeydir. İnsanın qəlbi yalnız və yalnız Allahı zikr etməklə sakitləşir. Məktəblərin çoxu, insanın öz əsl və kökündən uzaqlığına tə᾽kid edirlər.
Digər məktəblər isə insanın Allah dərdi deyil, xalq dərdinə malik olması üzərində tə᾽kid edirlər. Hətta bə᾽ziləri insanın Allah üçün dərdə malik olmamasını anlamadıqlarını bildirirlər. Jurnalların birində də Allah, yoxsa insan? başlıqlı məqalə yazılıb və orada müxtəlif fikirlər irəli sürülüb. Biri Allah, digəri insan, üçüncüsü isə Allah və insan prinsipləri ilə çıxış edir. Amma mən Allahla insan bir-birindən ayrı deyil – Allah olmasa insan da olmaz – deyənə rast gəlməmişəm. İnsanda olan Allah dərdini tapmasaq və o, Allaha tərəf getməsə, onun insani dərdi bir yerə çatmayacaq və heç bir nəticə verməyəcək. Allah dərdidir, onun dərdi Allah dərdinə malik olmasından yaranır.
Dostları ilə paylaş: |