«Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevir!»
(Səff-4).
Bəli, onlar həqiqət düşmənlərinə qarşı çox sərtdirlər, amma öz aralarında mehriban, mərhəmətli və birlik simvoludurlar. Bu, Qur᾽an baxımından islam cəmiyyətinin ictimai xüsusiyyətlərindən biridir. Amma biz, neçə əsrlərdir ki, onu unutmuşuq. Qur᾽an Fəth surəsinin 29-cu ayəsinin davamında belə deyir: «Sən onları [namaz vaxtı] rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir...» Allah onların ictimai xüsusiyyətlərini bəyan etdikdən sonra tez onların ilahi dəyərlərini sadalayır. İctimai baxımdan həmin vəziyyətdə olan insanlar Allah müqabilində rüku və səcdə edirlər, ürəklərində Allahla danışırlar, öz Allahlarından tərəqqi və yüksəliş istəyirlər, olduqları vəziyyətə qane olmayıb gün-gündən irəliləmələrini istəyirlər, bütün pərəstişləri yalnız Allah rizasını əldə etmək üçündür, yə᾽ni Allaha ən ali şəkildə ibadət edirlər və çöhrələrində ibadət nişanəsi görünür. Ayənin davamında islami cəmiyyət üçün, həmin cəmiyyətin necə çiçəklənən və boy atan bir qurum olmasını açıqlamaq məqsədi ilə belə misal çəkir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana qüvvət gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur.
Qur᾽an digər bir yerdə bu iki xisləti birlikdə bəyan edib: «[Onlar Allaha] tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar [və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerə gedənlər], rüku və səcdə edənlər [namaz qılanlar], yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlərdir. [Ya Məhəmməd!] Belə mö᾽minləri [Cənnətlə] müjdələ!»
(Tövbə-112).
Ayədə onların ilahi cəhətlərini, yə᾽ni tövbə, ibadət, şükr-səna etmələri, oruc tutmaları, rüku və səcdə etmələrini sadaladıqdan sonra birbaşa, onların öz cəmiyyətlərini islah etmək məqsədi ilə yaxşı işlər görməyi əmr edib pis işləri yasaq etmələrini qeyd edir.
Digər bir ayədə isə belə buyurur: «...O bəndələr ki [müsibətlərə] səbr edən, [sözlərində və işlərində] doğru olan, Allaha itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı Allahdan bağışlanmaq diləyənlərdir [sübh namazına qalxanlardır].»
(Ali-İmran-17).
Səbr kəlməsi Qur᾽anın hər yerində müqavimət, xüsusilə döyüş meydanında müqavimət göstərmək mə᾽nasında işlədilib. Bu ayədə də ictimai xislətlərin ardınca birbaşa, onların səhərlər Allahdan bağışlanmaq diləmələri, yə᾽ni abidlikləri zikr edilib. Deməli, islamda bu iki xislət bir-birindən ayrılmazdır. Bunlardan birinə qarşı e᾽tinasızlıq göstərmək digərinə e᾽tinasızlıq göstərmək deməkdir.
İmam Zaman (ə)-ın səhabələrinin sifətləri barəsində xüsusi bir ifadə var ki, mən onu bir hədisdə deyil, bir çox hədislərdə görmüşəm. Hədislərdə deyilir ki, onlar gecələr rahib, gündüzlər isə aslandırlar. Onları gecə görsən bir qrup rahibi gördüyünü düşünərsən, amma gündüz rastlaşsan, onların aslan olduğunu sanarsan.
Dostları ilə paylaş: |