Keçəl İsmayıl və şeytan



Yüklə 0,52 Mb.
səhifə11/31
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#52713
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
Səbr daşı və səbr bıçağı

Biri var idi, biri yox idi, kasıb bir ailə var idi. Bunların bircə qızları var idi. Nargilə adlı bu qız kasıbçılıqla bir təhər böyüyür. Nargilənin ata­sı həmişə odun yığar, aparıb satar və qızına, bir də qarısına çörək alıb gətirərdi.

Günlərin bir günü bunların qapısına qarğa qonur. Başlayır qarıldamağa:

-Qıyıq-qıyıq Nargilə, sən meyidə qismətsən.

Nargilənin atası qarğanı qovur, qarğa bir neçə gün gəlmir.

Bir gün qarğa yenə də gəlir və başlayır ki:

-Qıyıq-qıyıq Nargilə, sən bir meyidə qismətsən.

Bunlar əlac­sız qalıb deyirlər ki, gəlin burdan köçək. Olandan-olmazdan götürüb yola düzəlirlər. Az ge­dir­lər, çox gedirlər gəlib bir komaya çıxırlar. Baxırlar ki, komanın qapısı bağlıdır. Nə qədər əlləşirlər, aça bilmirlər. Elə bu anda həmin qarğa gəlib başlayır sözlərini təkrar etməyə. Bunlar qarğanı yenə qovurlar.

İndi də qapını açmaq növbəsi Nargiləyə çatır. Qapı o dəqiqə açılır. Nar­gilə içəri girir, qapı bağlanır. Nə qədər eləyirlər qa­pı açılmır ki, açılmır. Nargilə içəridə, ata ilə anası çöl­də qalırlar.

Nargilə komanın içində bir qapı oldu­ğunu görür. Qız qapını açır, gedir. Baxır, bura elə bir saraydır ki, heç padşahın da belə sarayı olmaz. Burada çoxlu qızıl-gümüş, xalı var. Qız bir az get­dik­dən sonra görür ki, bir gözəl oğlan var, ancaq ölüdür. Bunun bədəni iynə ilə doludur. Qız qorxur, nə etdiyini bilmir, qaçıb komaya gəlir. Çığırıb ata-anasına deyir:

-Burada bir meyid var, bədəni də iynə ilə doludur.

Qızın ata-anası bir neçə gün qapının ağ­zında qalır. Axırı əlaclarını Allah kəsir, çıxıb gedirlər.

Bir gün qarğa gəlir və deyir:

-Qıyıq-qıyıq Nargilə, iynəni meyiddən təmizlə.

Nargilə gəlib oturur meyidin yanında, başlayır iynəni yavaş-yavaş çəkməyə. Bir gün belə, beş gün belə, otuz doqquz gün təmizləyir. Qırxıncı gün Nargilə dözə bilmir. Gedir komanın qapısına baxır ki, qapı açıqdır. Çölə çıxıb görür ki, qaraçılar köç edir. Köçün dalıncan bir qız gedir, amma bu qıza baxan yoxdur. Qaraçılardan soruşur:

- O qız kimdir?

Qaraçılar cavab verirlər:

- O qız yetimdir. İndi biz hara getsək, o da ora gedir.

Nargilə onlara qızıl-gümüş verir və qızı alır. Qıza deyir:

- Sən bu meyiddə qalan iynələri çıxart, mən də gedim meşədəki çayda başımı-gözümü yuyum, sonra gəlib yenə də özüm iynələri çəkərəm.

Nargilə belə də edir, o qayıdana qədər oğlan dirilir və yanında qaraçı qızını görür. Oğlan onu diriltdiyi üçün qaraçı qızla evlənmək qərarına gəlir.

Nargilə gəlir ki, oğlan dirilib. Özü də bu qızla bir-birini sevirlər. Nargilə çox kədərlənir. Oğlan onun kim olduğunu soruşur. O, deyir ki, mən də burada ya­şa­yıram. Oğlan bir söz demir.

Günlərin bir günü qaraçı qızı oğlanı yaxınlıqdakı bazara göndərir. Özü də xeyli şey tapşırır ki, alıb gətirsin.

Oğlan bir az gedir, görür ki, Nargilə oturub bir kolun dibində ağlayır. Ondan soruşur:

- Niyə ağlayırsan?

Qız cavab verir:

-Ata-anam­dan ayrı düşmüşəm. Özüm də ki, gör necə yaşa­yıram.

Oğlan deyir:

-Bazara gedirəm, sənə nə alım?

Nargilə deyir:

-Mənə səbr daşı, bir də səbr bıçağı alarsan.

Oğlan soruşur:

-O nə olan şeydir?

Qız cavab verir:

-Sən dəmirçilərə desən özləri biləcək.

Oğlan gəlib bazara çıxır. Axtarıb dəmirçini tapır, deyir:

- Mənə səbr daşı və səbr bıçağı lazımdır.

Dəmirçi duruxur. Deyir:

-Verirəm, amma kimə alırsansa o, özünü öldürmək istəyir.

Oğlan qaraçı qızına aldıq­larını aparıb verir. Sonra Nargilənin yanına qayıdıb, səbr daşını və bıçağı ona verir. Özü də daşın dalında gizlənir. Nargilə səbr daşını əlinə alır, əvvəldən axıra başına nələr gəlirsə, hamısını bir-bir danışır. Nəhayət, qurtardıqdan sonra səbr daşını yerə oyub, səbr bıçağını götürür. Kəlmeyi-şəhadətini oxuyub bıçağı başına çəkəndə oğlan qoy­mur. Nargiləni əvvəlcədən bunları ona demədiyinə görə günahlandırır. Onu götürüb evə gətirir. Qara­çı qızına çoxlu qızıl-gümüş verib yola salır. Özü isə Nargilə ilə evlənir.

Bir gün qarğa gəlib qızın yanında deyir:

-Qıyıq-qıyıq Nargilə, anan-atan sağdılar.

Nargilə oğlana yal­va­rır ki, anamı-atamı da gətirək. Oğlan razı olur. On­lar gedib Nargilənin ata-anasını da gətirirlər. Beləliklə, Nargilə xoşbəxt ailə qurur.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin