I Amerika psixoloqu A. Anastazinin fikrinə görə, məktəb təliminə hazırlıq və ya məktəb yetkinliyi müəyyən bilik, bacarıq, qabiliyyət və motivlərə yiyələnmə ilə bağlıdır. Rus psixoloqu L.İ.Bojoviç məktəb təliminə hazırlığı məktəbdə mütəşəkkil təlimdə iştirak etmək üçün bir-birilə qarşılıqlı əlaqədə olan psixi funksiyaların inkişafı kimi qeyd edir.
Təlimə hazırlıq əqli fəaliyyətin, idrakı maraqların, iradi davranışın müəyyən səviyyələrində formalaşır. Davranışın iradiliyi həm idrakı proseslərin ixtiyari olmasında, həm təlim prosesində iştirak edən müəllim və yoldaşlarına münasibətdə özünü büruzə verir. Mütəxəssislərin fikirlərinə görə, uşağın davranışının iradiliyi məktəbəqədər dövrün sonunda hələ də lazımi qədər formalaşmır, bu da müasir uşaqların məktəb təliminə hazırlığında zəif bir həlqədir. Bu xüsusiyyəti nəzərə alaraq valideyn və müəllimlər iradi davranışın maksimal formalaşması və inkişafı üzərində işləməlidirlər.
Məktəb təliminə hazırlıq eyni dərəcədə uşağın fiziki, intellektual, emosional, iradi, şəxsi və sosial inkişafından asılıdır. Qeyd olunanlar məktəbəhazırlığın müxtəlif növləri deyil, onun fəaliyyət formalarının bir-birindən fərqli təzahür yönləridir. Uşağın məktəbəhazırlığı dedikdə, onun yeni məktəb həyatına psixoloji hazırlığı və məktəbdə təlimə başlamaq üçün müəyyən bacarıq və qabiliyyətlərinin kompleksi nəzərdə tutulur. Məktəb təliminə hazırlıq nəinki təsəvvür ehtiyatının miqdarından, həm də daha çox idrakı proseslərin inkişaf səviyyəsi və oxumaq bacarığına yönələn keyfiyyət kompleksindən ibarətdir. Konkret bilik və bacarıqlardan başqa, uşağa özünütənzimləmə, diqqətini cəmləşdirmə kimi keyfiyyətləri aşılamaq lazımdır. Beş yaşlı uşağa təkcə onun istədiklərini vermək yox, həmçinin onun vəzifələrinə aid olanları da öyrətmək lazımdır. Əsas məqsəd isə uşağın məktəb təliminə keçməsini ağrısız, yüngül və sevincli etməkdir.
II Böyük rus psixoloqu D.B.Elkonin illər boyu ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. O, xatirələrinin birində belə yazırdı: “Birinci sinif uşaqlarının qarşısına 4 dairə qoyub, onların üçünü sarı, birini isə göy rənglə boyamaq təklif olunur. Uşaqlar dairələri müxtəlif rənglərlə boyayır, «Nə üçün belə rənglədiniz?» sualına «Belə daha gözəldir» cavabını verirlər. Bu müşahidə qaydaların hələ ki, uşaq davranış qaydalarına çevrilmədiyini və məktəbə daha hazırlıqlı olmaları üçün öz üzərlərində çox işləməyin lazım olduğunu göstərir.”
Bu qeydləri nəzərə alaraq müəllim müntəzəm olaraq hər bir uşağın idraki inkişafını müşahidə və yoxlama yolu ilə idarə etməli və yönləndirməlidir. Uşaqda bilmək, öyrənmək marağı varmı? Uşaq qarşısına sadə məsələ qoyub, onu mümkün yollarla həll edə bilirmi (müqayisə, müşahidə, sübut etmə)? Uşaq müstəqil şəkildə həll yolları tapır, yoxsa digər həmyaşıdlarının davranışını təkrarlayır? Əqli işgüzarlığı nə səviyyədədir? Diqqətini cəmləşdirib, deyilənləri yadda saxlaya bilirmi? Bütün bu suallar məktəbəhazırlıq qrupunun müəllimini həmişə narahat etməlidir.
İdrakı təfəkkürün passivliyinin təzahürü uşaq inkişafının uğursuzluğundan, uşağın gələcək məktəb təliminə hazırlıqlı olmadığından xəbər verir. Təlim deyildikdə çox zaman uşağın oxumaq, yazmaq, saymaq bacarıqları nəzərdə tutulur. Amma uşaq bütün bu bacarıqlara yiyələnsə belə, o məktəbə hazır olmaya da bilər. Hazırlıq bütün bu bacarıqların hansı fəaliyyətə daxil edilməsindən asılıdır. Məktəbəqədər dövrdə uşaqların bilik və bacarıqları mənimsəməsi oyun fəaliyyətində həyata keçirilir, ona görə bu biliklər başqa bir struktur təşkil edir. Bunu məktəbə daxil olarkən nəzərə almaq lazımdır və uşağın məktəbə hazırlığını onun oxuma, hərflər, rəqəmlərlə tanışlıq, hesablama kimi bacarıq və biliklərinin formal səviyyəsinə görə yox, idrakı və əqli fəaliyyətin inkişaf səviyyəsinə görə ölçmək lazımdır.
D.B.Elkoninın fikrincə, məktəbəhazırlıq səviyyəsini bilmək üçün diqqət ən əvvəl iradi davranışın əmələ gəlməsinə yönəltmək lazımdır. Uşaq necə oyun oynayır, qaydalara riayət edirmi, üzərinə rollar götürürmü? Qaydaların uşaq davranışının daxili instansiyasına çevrilməsi – hazırlığın vacib xüsusiyyətlərindən sayılır.
Dostları ilə paylaş: |