İnsanın ürəyində əbədiyyətin
Toxumu var – həqiqət hissi deyildir.
Əsrlər axınını, ənginlikləri
İnsan ancaq onunla qavraya bilir.5
Qəlbinin səsi yağışın pıçıltısına qarışan Ülvi isə belə deyir:
Ürəyinə bir xoş duyğu,
Bir naməlum
hiss çiləyən yağışı.
…
Ancaq onu bilirəm ki,
Bu səs
mənim ciyərimə
təzə nəfəs gətirir.
Ürəyimə sirli həvəs gətirir.1
Bura yeganə məkandır ki, insan orada azad və ilahi aləmlə əlaqəli olduğunu hiss edir. Bura – sonsuzluğa çıxışdır. Bura Şellinqin yazdığı kimi, «… bizim mülkümüzdür, bizim varlığımızdır – bu, həm də əbədiyyətin insana böyük güzəşti, ona inamıdır».2
Mən – real və idealın, məhdud və sonsuzluğun qarşılaşdığı, çarpışdığı bir məkana dönür. Cavan öz gücsüzlüyünü, acizliyini görməklə yanaşı, ruhunun sonsuz bir qüvvə, tükənməz bir mənbədən qaynaqlandığını da hiss edir. Eyni zamanda, mən – bir andır, məhdud bədəndə ilahi başlanğıcın ara-sıra özünü büruzə verdiyi an. Kyerkeqor bu anı belə təsvir edir: «An – elə bir ikimənalılıqdır ki, burada zaman və əbədiyyət bir-birinə toxunur və bununla da müvəqqətilik anlamı yaranır ki, burada zaman dönə-dönə əbədiyyəti ayırır, əbədiyyət isə dönə-dönə zamana nüfuz edir, içindən keçir».3 Bu anın verdikləri gözəl şeirlər, ecazkar tablolar, dərin hikmətli əsərlər şəklində ortaya çıxır. Bu anın hökmüdür ki, 20, 30 yaşında bir gənc min illərin hikmətindən xəbər verə bilir. Bu anın insan həyatındakı əhəmiyyətini hiss edən Ülvi yazır:
İnsan ömrü –
dəqiqələr, saniyələr…
Bu anların biri boşsa,
İnsan ömrü
bu boşluqdan,
soyuq çəkər.4
Bu anın sehridir ki, ona bənd olan cavan bir daha ondan aralanmaq istəmir, onun arzusu ilə yaşayır. Bu anın qüdrətidir ki, cavanda bəşəriyyət qarşısında bir cavabdehlik yaradır – cavan özündə bəşəriyyəti xilas edə biləcək bir güc, yenilik gətirə biləcək bir əzm hiss edir.
İki hiss qarışır bir-birinə: güclü enerji və sonsuzluqla əlaqə imkanı. Ziddiyyətin dialektikasının tələbi, hökmü ilə cavan axtarışa çıxır – bu ikisini birləşdirən, hər ikisini tam əhatə edə bilən bir şeyin axtarışına. Bu, naməlum, sonu görünməyən bir axtarışdır və ilk addımını atan cavan əvvəlcə qarşıda duran bu yolun uzunluğundan qorxur. Ülvi yazır:
Yollara baxıram gözüm qaralır,
Görəsən hayana gedir bu yollar?
Vallah, qınamayın, sona çatınca
Ayağı demirəm, ürək yorular.
Hayanadı bu yollar?1
Lakin axtarış toxumu cavanın qəlbinə düşəndən cücərməyə başlayır və onun rahatlığını əlindən alır. Bu səbəbdəndir ki, Şihabəddin Sührəvərdi 37 yaşına kimi yazdığı 52 əsərində dövrünün az qala bütün fəlsəfi cərəyanlarına toxunur, hər biri haqqında öz fikrini bildirməyə çalışıb. Şellinq 37 yaşına kimi yaradıcılığında artıq üç mərhələ keçir. Bu axtarışlar idi ki, Bayronu, Müşfiqi rahat yatmağa qoymur, Lermontovu bu sözləri deməyə məcbur edir:
Vaxtdır, qoy şəfəqlər rişxənd edərək
Sükut dumanını qovsun, zamandır.
Dərdsiz şair ömrü, de, nəyə gərək?
Tufansız okean nə okeandır?2
Müşfiq də içindəki sakitlikdə dənizdə tufandan öncəki əlaməti hiss edir:
Fikrim qasırğalı dəryalar kimi
İstənilən qədər dalğalanmamış,
Könlüm uzaq gedən xülyalar kimi
İncə buludlarla çulğalanmamış.3
Bu elə bir axtarış odudur ki, cavanın bütün anlarını doldurur. Ülvi də öləziyən közün sakit həyatını istəmir:
Dostları ilə paylaş: |