Heydər Hüseynovun
100 illiyinə həsr olunmuş konfrans
18 iyun 2009-cu il, Bakı, Azərbaycan
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında görkəmli filosof, ədəbiyyatşünas, elm təşkilatçısı, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirildi.
Tanınmış alimlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Prezident İlham Əliyevin Heydər Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətini vurğuladı. Alimin elm sahəsində səmərəli xidmətlərini qeyd edən A.Həşimov, onun xatirəsinin daim əziz tutulacağını bildirdi.
Məruzələrlə çıxış edən fəlsəfə elmləri doktorları İlham Məmmədzadə və Zümrüd Quluzadə H.Hüseynovun mənalı ömür yolundan, geniş elmi yaradıcılığından bəhs edərək Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi onun ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafındakı böyük xidmətlərini diqqətə çatdırdılar. H.Hüseynov 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib, Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olub. 1939-cu ildə fəlsəfə elmləri namizədi, 1944-cü ildə elmlər doktoru alimlik dərəcəsi alıb, professor elmi adına layiq görülüb. O, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Uzun müddət ali məktəblərdə və elm müəssisələrində məsul vəzifələrdə çalışıb, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub. 300-dək monoqrafiya, kitab və məqalələrin müəllifi olan H.Hüseynov ölkəmizdə elmin, təhsilin inkişafına çox dəyərli töhfələr verib.
Akademik Fuad Qasımzadə, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov və digər alimlər də akademik Heydər Hüseynovun Azərbaycan fəlsəfə tarixindəki yerindən və rolundan, əsərlərinin əhəmiyyətindən danışdılar.
Dostları ilə paylaş: |