Qloballaşma
və bütöv bəşəriyyət ideyası
Александр Н.ЧУМАКОВ
Глобализация. Контуры целостного мира.
(Москва, Проспект, 2009)
Q loballaşma mövzusunda son dövrlərdə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə çox müxtəlif səpkili tədqiqat əsərləri çap olunmuşdur. Bu problem üzrə ölkəmizdə nəşr olunan ən sanballı əsər Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı monoqrafiyasıdır. Bu əsərdə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda gedən proseslərin səciyyəsi verilmiş və ümumiyyətlə qloballaşma haqqında elmi-nəzəri təlimlərin məğzi açıqlanmışdır. Bununla belə, bəşəriyyəti narahat edən bir sıra problemlərin başqa prizmalardan da açıqlanmasına böyük ehtiyac vardır. Xüsusən dünyanın ən böyük dövlətlərindən olan Rusiyanın mövqeyi çox önəmlidir. Keçmiş sosialist məkanından dünyaya açılan pəncərədən baxdıqda, müasir Qərb prioritetlərinə də nə kimi fərqli münasibətlər ola biləcəyini təsəvvür etmək mümkün olur.
Yeni iqtisadi münasibətlər sisteminə sosialzmdən keçən bir ölkə olaraq Azərbaycanın yaşadığı sosial-iqtisadi təbəddülatlar və inkişaf perspektivləri MDB ölkələri ilə xeyli dərəcədə oxşardır. Lakin bununla belə, təkcə Rusiya və Azərbaycan üçün, hətta bütün keçmiş sosialist platforması üçün deyil, bütövlükdə bəşəriyyət üçün təhlükə törədə biləcək qlobal problemlərin birgə səylərlə öyrənilməsinə böyük ehtiyac vardır.
Tanınmış Rusiya fəlsəfəçisi, professor A.N.Çumakovun “Qloballaşma. Bütöv dünyanın konturları”1 adlı monoqrafiyası məhz bu baxımdan böyük elmi-nəzəri və fəlsəfi dəyərə malikdir.
Qloballaşma prosesinin məğzini düzgün anlamaq üçün ilk növbədə sivilizasiya və mədəniyyət (culture) anlayışlarının fərqləndirilməsi lazımdır. Belə ki, ümumplanetar miqyas kəsb edən əslində sivilizasiyadır, çünki o, öz təbiəti etibarı ilə bütün bəşəriyyətin inkişafını ifadə edən prosesdir. Mədəniyyət, xüsusən, mənəvi mədəniyyət isə müxtəlif xalqlar üçün fərqli olur. Lakin buna baxmayaraq, təəssüf ki, bir çox tədqiqatçılar qloballaşmanı məhz milli mədəniyyətləri də əhatə etdiyini göstərməyə çalışırlar. Məsələn, S.Hantinqton sivilizasiyanı dil və dinlə əlaqələndirməklə mədəniyyət və sivilizasiya arasındakı fərqi faktiki olaraq nəzərdən qaçırmış olur. Digər amerikan ideoloqu Piter L.Berqer də uyğun mövqedən çıxış edir. Təsadüfi deyildir ki, onların birgə redaktorluğu ilə nəşr olunmuş “Çoxüzlü qloballaşma. Müasir dünyada mədəni müxtəliflik” adlı kollektiv monoqrafiya da həmin ideya əsasında yazılmışdır. Burada, məsələn, mədəni qloballaşmanın hind variantından, Macarıstanda, Türkiyədə, Çilidə mədəni qloballaşmadan bəhs edən məqalələr toplanmışdır.2 Belə çıxır ki, hər bir xalq öz yolu ilə qloballaşmaya doğru gedir. Yəni bu hadisə heç də məhz Amerikadan başlayan və bütün dünyaya transfer edilən bir proses olmayıb, bütün ölkələrin mədəniyyətlərini ehtiva edir və bu zaman hər bir xalq özü sanki qloballaşmanın bir subyekti olur.
Əslində, müxtəlif xalqların mədəniyyətləri iki kənar halda (qütb effekti) bərabərləşə bilər. Ya həddindən artıq aşağı qata, instinklər səviyyəsinə endikdə, ya da çox yüksək sənətkarlıq zirvəsində yaxınlaşmadan və eyniyyətdən danışmaq olar. Çünki insanın bir millət nümayəndəsi kimi deyil, sadəcə bioloji varlıq kimi çıxış etdiyi ibtidai hisslərin önə keçdiyi məqamlarda milli mədəniyyət ümumiyyətlə olmur. Bu səviyyədə ancaq kütləvi mədəniyyətdən danışmaq olar. Digər tərəfdən, insanın sosial varlıq kimi özünüdərkin miqyası və mərtəbəsi yüksək olduqda, o ümumbəşəri ideallara can atdıqda. Onun yaratdıqları da, sadəcəc bir millət üçün deyil, bütün bəşəriyyət üçün olur. Və bu yüksək məqamda milli fərqlər aradan götürülür. Beləliklə, insan ən aşağı səviyyədə də, ən ali məqamda da “millətsizləşir”.
Milli mədəniyyət əslində insanın ibtidaidən aliyə, heyvani instinklərdən ilahi duyğulara yüksəliş yolunda bir keçid mərhələsidir. Və əksər xalqların mədəniyyət spektrində hər iki qütbün əlamətlərinə rast gəlmək olar. Ağırlıq mərkəzi isə haradasa ortadadır.
Bəs qloballaşma bizə nə vəd edir? İnsanları milli mədəniyyət səviyyəsindən daha ali bir məqamamı qaldırmaq, yoxsa onlar arasında fərqi, – bu fərq məhz milli mədəniyyət mərtəbəsindədir, – götürməklə onları kütləvi mədəniyyət səviyyəsinəmi endirməkmi?
Milli yeməklər əvəzinə McDonaldslar təklif edildiyi kimi, milli ədəbiyyat və incəsənətin də heyvani instinktlərin universallığından irəli gələn, erotik hisslərə və qorxuya, vahiməyə istinad edən kütləvi mədəniyyətlə əvəzlənməsinə cəhd göstərilir. Və bu məqsədlə müasir texnikanın, kommunikasiya sistemlərinin bütün imkanlarından istifadə olunur.
Millilikdən kütləviliyə eniş, milli deqradasiya heç şübhəsiz xalqların öz təşəbbüsü ilə baş vermir. Əlbəttə, icraçı hər bir xalqın öz nümayəndələridir. Lakin ideya müəllifləri harada isə kənardadır. Qloballaşma dalğaları haradansa Qərbdən gəlir. Digər tərəfdən sual oluna bilər ki, bu proses Amerikanın və ya Qərbi Avropanın nəyinə lazımdır? Bax, Çumakovun adını çəkdiyimiz kitabında da bu çür suallara cavab axtarılır. Müəllif məsələyə milli mədəniyyətlər müsəvisindən deyil, elmi-texniki inkişaf və qlobal problemlər müstəvisindən yanaşır. A.N.Çumakov A.Klarkın “Gələcəyi unamaq yox, yaratmaq lazımdır” fikrini rəhbər tutaraq tarixin subtekti kimi insanların üzərinə düşən böyük məsuliyyətdən danışır. Lakin gələcəyi yaratmaq üçün real güc tələb olunur. Bu gücün mənbəyi təbiətdə olsa da, onun realizasiyası üçün insanın öz biliklərini artırması, yeni-yeni optimal modellər qurması və quruculuq proseslərini daha universal ideya bazasında tənzimləməsi tələb olunur.
A.N.Çumakov postindustrial cəmiyyət, elmi-texniki tərəqqi, texniki inqilablar erasından sonra qlobal inqilabların başlandığını göstərməyə çalışır. O, qloballaşmaya təbii-tarixi proses kimi baxır. Mədəniyyət də b prosesin gedişində xüsusi bir mərhələdir. Təbiətin özünə alternativ olaraq insan tərəfindən yaradılmış hər şey mədəniyyətə aid edildikdə, sivilizasiya da onun tərkib hissəsinə çevrilir. Lakin bu halda milli mədəniyyətlər ancaq mənəvi mədəniyyət çərçivəsində başa düşülə bilər. Maddi mədəniyyət isə sivilizasiya ilə eyniyyət təşkil edir. Bu halda belə bir sual ortaya çıxır: tarixin hərəkətverici qüvvəsi mənəvi, yoxsa maddi mədəniyyətlə daha çox bağlıdır? Bu suala birmənalı cavab vermək çətindir. Belə ki, özlüyündə elmi-texniki inkişaf yetərli deyil. Qazanılmış texniki nailiyyətlərin necə və hansı məqsədlə tətbiq olunması artıq daha çox dərəcədə mənəvi inkişaf səviyyəsindən asılıdır.
Digər tərəfdən, vahid sivilizasiyadan, bəşəriyyətin vahid özünüdərk prosesindən danışmaq şpü də bəzi tədqiqatçılara mübahisəli görünür. Məsələn Şpenqler bəşəriyyəti bir subyekt kimi qəbul etmir və onun hansı isı ümumi məqsədindən danışmağı qeyri-mümkün hesab edir. Bununla belə, Çumakov fərqli bir mövqedən çıxış edərək, qlobal inkişafı sistemli bir proses kimi 5 mərhələyə bölür. XVIII əsrin ikinci yarısından XX əsrin 20-ci illərinə qədər bəşəriyyətin coğrafi və iqtisadi cəhətdən və nəhayət xeyli dərəcədə siyasi cəhətdən də bütövləşməsindən bəhs olunur. İkinci mərhələ kimi Çumakov XX əsrin 20-60-cı illərində gedən prosesləri, cəmiyyətin təbiətə qarşı bir küll halında brləşməsini və bu birliyin iqtisadi, siyasi və hətta ekoloji yönlərinin vahid məxrəcə gətirilməsini göstərir. Sonrakı mərhələləri Çumakov qloballaşmanın özünüdərk pillələri kimi təqdim edir. Son mərhələni isə postqloballaşma adlandırır. Bu artıq bəşəriyyətin vahid subyekt halında fəaliyyəti mərhələsidir ki, hələ əldə olunmadığına görə, hipotetik səciyyə daşıyır.1
Ümumiyyətlə, A.N.Çumakovun haqqında bəhs etdiyimiz kitabı, doğurdan da, bütöv dünta miqtasında baş verməkdə olan proseslərə həsr olunmuşdur. Və tədqiqata təkcə son dövrlər cəlb edilmir. Belə ki, əsərdə müasir proseslərin rüşeymləri və ideya mənbəyi min illər bundan əvvəl başlanmış daha fundamental hadisələrdə axtarılır.
Qloballaşma haqqında sosial, iqtisadi, siyasi və kulturoloji aspektlərdə çox kitablar yazılmışdır. Professor A.N.Çumakov isə məsələyə fəlsəfi aspektdə yanaşır və bütün digər tədqiqat istiqamətlərini vahid orta məxrəcə gətirməyə çalışır ki, bu da qlobalistikanın tədqiqində yeni mərhələ hesab edilə bilər.
Dostları ilə paylaş: |