XAHİŞLƏR
Məhəbbət tələb deyil, xahiş edir. Arvadıma əmr verəndə, mən — ata, o isə uşaq olur. Məhz ata öz üç yaşlı övladına nəyi edib-etməməyi deyir. Çünki körpə hələ həyatın amansız dalğalarında üzməyi bacarmır. Ancaq nikahda biz bərabərik. Təbii ki, heç birimiz kamil deyilik. Amma kifayət qədər böyük insanlarıq və əməkdaşlıq edirik. Bir-birimizi qarşılıqlı başa düşmək istəyiriksə, onda biz qarşı tərəfin arzularını öyrənməliyik. Bir-birimizi sevmək istəyiriksə, qarşı cinsin nə istədiyini mütləq bilməliyik.
Lakin bu istəyimizi hansı tərzdə təsvir etməyimiz çox vacibdir. Əgər biz tələb edir və ultimatum qoyuruqsa, həyat yoldaşımızı özümüzdən uzaqlaşdıraraq mümkün olan hər cür yaxınlığı məhv edirik. İstəyimizi xahişlə bildiririksə, deməli, bu, hərəkət etməyimiz üçün qapıdır. «Sənin bişirdiyin piroqları elə sevirəm ki. Bəlkə bu həftə alma piroqu hazırlayasan? Sənin hazırladığın alma piroquna söz ola bilməz» — ər belə deyərsə, onda arvadına sevgisini çatdırır və bu, yaxınlıq yaratmağa kömək edir. Əgər ər: «Sonuncu dəfə haçan piroq yediyimi xatırlamıram. Görəsən, nə vaxtsa bu həyatda piroqun dadına yenə baxa biləcəyəm?» deyərsə, onda özünü yetkin insan kimi deyil, yeniyetmə kimi aparır. Bu kimi tələblərlə yaxınlıq qurmaq mümkün deyil. Əgər arvad: «Bu bazar sən su borularını təmizləyə bilərsənmi?» deyirsə, o, xahiş etdiyi üçün məhəbbəti ifadə edir. Amma o: «Birdə görəcəyik ki, su borularında ağaclar bitib. Nə vaxtsa onları təmizləmək fikrin var?» deyərsə, daha sevmədiyini bildirir. Bu, əsl səlahiyyətli ananın səs tonudur.
Həyat yoldaşınıza xahişlə müraciət edəndə, siz onun dəyərini və ləyaqətini vurğulamış olursunuz. Mahiyyətcə, onun sizin üçün vacib və faydalı nəsə edəcəyinə qabil olduğunu göstərirsiniz. Tələb edəndə isə, siz sevən həyat yoldaşı deyil, zalım hökmdara çevrilirsiniz. Siz onu ruhlandırmır, əksinə alçaldırsınız. Xahiş həmişə seçimə yer verir. Həyat yoldaşınız ondan xahiş ediləni yerinə yetirib-yetirməməyə seçim edir. Çünki məhəbbət — həmişə seçimdir. Əks halda onun heç bir mənası olmazdı. Əgər arvadımın məni sevdiyinə və xahişlərimi yerinə yetirdiyinə əminəmsə, onda onun qayğıma qaldığını, mənimlə fəxr etdiyini və məni razı salmaq istədiyini hiss edirəm. Əmr verməklə sevgini əldə etmək olmaz. Ola bilər ki, arvadım mənə tabe ola bilər, amma bu, sevgiyə görə deyil. Bu, qorxu, təqsir və ya hansısa bir hiss səbəbindən ola bilər, lakin sevgidən irəli gəlmir. Beləliklə, xahiş məhəbbəti ifadə etməyə imkan yaradır, əmr isə onu öldürür.
Dostları ilə paylaş: |