SÖZLƏ RUHLANDIRMA
Uşaqlar balaca olanda, valideynlər nəvazişli sözləri əsirgəmirlər. Onlar körpələri ilə fəxr edirlər: «Ay, bunun necə də gözəl gözləri var! Necə də şirin burnu, qulaqları var!». Körpə iməkləməyə başlayanda, valideynlər heyran olurlar. Yeriməyə başlayanda isə ata ilə ana onu ruhlandırır: «Ay sağ ol! Bax belə! Afərin!» Əgər körpə yıxılarsa, o, yəqin ki, belə sözlər eşitməyəcək: «Ay səni fərsiz! Bir ayağının altına bax da!». Əksinə, valideynlər deyəcək: «Eybi yox, ağıllı bala! Qalx, heç nə olmaz!». Uşaq ayağa qalxıb davam edəcək.
Uşaq böyüyür və nədənsə ruhlandırma məzəmmətlə əvəz olunur. Sizin yeddi yaşlı oğlunuz öz oyuncaqlarını otağa dağıdanda, siz səliqə yaratmağı xahiş edirsiniz. Beş dəqiqədən sonra qayıdanda, oyuncaqların yarısının hələ də döşəmədə olduğunu görürsünüz. Bu vaxt siz nə deyəcəksiniz? «Adama nə qədər demək olar? Tez ol, yığışdır hamısını, yoxsa...» Axı o, artıq yığışdırmağa başlayıb. Nəyə görə onu həvəsləndirməyək? Onda qalan oyuncaqlar da tezliklə öz yerinə qoyulacaq. Uşaq böyüdükcə onu daha az tərifləyir və yalnız səhvlərini görürük.
Uşaq böyüdükcə onu daha az tərifləyir
Və yalnız səhvlərini görürük.
Əgər uşağın doğma məhəbbət dili ruhlandırıcı sözlərdisə, tənqid ona əks təsir göstərir. İyirmi il keçəndən sonra onun qulaqlarında belə sözlər səslənəcək: «Sən necə də gombulsan! Kim səni bəyənəcək?!», «Kütbeyinin biri kütbeyin! Nə əcəb səni məktəbdən qovmayıblar?», «Sənin kimi fərasətsiz həyatda heç nəyə nail ola bilməz». Belə olan halda siz onun nə sevgiyə, nə də hörmətə layiq olmadığını təlqin edirsiniz. Siz onu ömürlük şikəst edirsiniz.
VAXT
Uşaqla vaxt keçirtmək — bütün diqqətinizi ona ayırmaq deməkdir. Əgər o, hələ körpədirsə, siz döşəmədə oturub onunla top yuvarlaya bilərsiniz. Bir az böyük uşaqla isə gəlincik, maşın oyunu oynaya, ya da qumdan qəsr düzəldə bilərsiniz. Bəlkə də siz düşünürsünüz ki, ciddi insan üçün belə boş işlərlə məşğul olmaq mənasızdır. Amma bilin ki, siz indi onun dünyasına daxil olmaq istəməsəniz, daha sonra o, sizi oraya buraxmayacaq.
Uşaq böyüdükcə onda yeni maraqlar oyanır. Qoy, həmin maraqlar sizinki olsun. Onun basketbol xoşuna gəlirsə, qoy, sizin də xoşunuza gəlsin. Uşağınızla oynayın və onu basketbol oyunlarına aparın. Pianinoda ifa edəndə, yanında əyləşib onu diqqətlə dinləyin. Əgər övladınıza qarşı diqqətlisinizsə, o, sizin üçün nə qədər əhəmiyyətli olduğunu hiss edir və sizə onunla olmaq xoşdur.
Uşaqların əksəriyyəti uşaqlıqda valideynlərinin onlara nə dediyini deyil, nə etdiyini xatırlayır. Bir kişi mənə dedi: «Mən məktəb komandasında oynayanda, atam bir oyunu da buraxmırdı. Mənə aid olan hər şeylə maraqlanırdı». Bu insan üçün valideynin diqqəti böyük məna kəsb edirdi. Əgər bu, övladınızın doğma məhəbbət dilidirsə, o, anlayır ki, siz həmin dildə danışırsınız. Ola bilər ki, keçid dövründə o, sizinlə daha çox olmaq istəyəcək, nəinki küçə qruplaşmasında. Əgər indi vaxtınızı ona çox görürsünüzsə, sonra o, sizdən üz çevirəndə, təəccüblənməyin.
Dostları ilə paylaş: |