1. Məktəbəqədər yaşlı uşaqların əməyinin növləri. Məktəbəqədər yaşlı uşaqların əmək növləri özünəməxsus müxtəlifliyə malikdir. Bu müxtəliflik onların əmək fəaliyyətinin növlərində əks olunmaqla aşağıdakılardan ibarətdir: özünəxidmət əməyi, təsərrüfat məişət əməyi və təbiətdə əmək. Ətraf mühitdə fəallıq, cism və hadisələrə münasibət məktəbəqədər yaşlı uşaqların daxili aləmindən irəli gəlir. Çox vaxt uşağın özünə, ətraf mühitə, əşyalara münasibəti qeyri-ixtiyari olur və o, öz fəaliyyətinin məqsədini dərk etmir. Bu da məktəbəqədər yaşlı uşaqların həyat təcrübəsinin azlığından öz fəaliyyətini tənzimləməyə dair müvafiq bilik, bacarıq və vərdişlərinin olmaması səbəbindən baş verir. Uşaq əlindəki əşyanı yerə çırpıb sındırır, atılıb-düşür, paltarını hara gəldi atır, ev əşyalarını korlayır, gülləri qırır, ev heyvanlarını incidir və s. Təcrübə göstərir ki, uşağın fəaliyyəti onun düşüncəsinin nəticəsidir. Yəni uşaq necə düşünür, necə təsəvvür edirsə, elə də fəaliyyət göstərir. Bütün bunlar sübut edir ki, öz fəaliyyətini tənzim etmək üçün uşağın müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnməsinə ehtiyacı vardır. Yəni uşaqda özünə, ətraf mühitə, cism və hadisələrə münasibət bəsləmək qabiliyyəti tərbiyə etmək lazımdır. 2. Özünəxidmət əməyi. Məktəbəqədər müəssisələrdə uşaqların əməyinin müəyyən bir hissəsi özünəxidmət əməyinə aiddir. Bu baxımdan məktəbəqədər müəssisələrdə uşaqların əməyi ilə məşğul olan tərbiyəçilər özünəxidmət əməyinin növlərini yaxşı bilməli və onları həyata keçirməyi bacarmalıdırlar. Başqa əmək növləri kimi özünəxidmət əməyi də uşaqları praktik fəaliyyətə hazırlayır və həmçinin onlarda müstəqilliyin inkişaf etməsinə imkan verir. Uşaqların özünəxidmət əməyinə aşağıdakılar daxildir. a. Kulinariya işləri, b. Parça ilə işlər, c. Məişət işləri. Bu işlərin öyrədilməsi ictimai-faydalı istiqamətlidir. Özünəxidmət əməyi zamanı aşağıdakı vəzifələr həyata keçirilir. a. Uşaqlara kulinariya, mənzil, paltar, dekorativ gül bitkilərinə qulluq etməyə dair ilkin bilik, bacarıq və vərdişlər vermək. b. Məişət texnikası və avadanlığı ilə davranmağı öyrətmək. c. Toxuculuq, tikiş, yeyinti və məişət xidməti müəssisələri və oradakı peşələr haqqında uşaqlara məlumat vermək. Məktəbəqədər müəssisələrdə tərbiyəçi yuxarıda göstərilən vəzifələrin həyata keçirilməsi üçün lazımı bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Yəni ərzaq məhsullarının saxlanması qaydasını, onların bişirilməsini və qənnadı məmulatlarının hazırlanmasına dair bacarıqlara yiyələnməlidir. Özünəxidmət əməyi kiçik yaşlı qruplarda daha çox tətbiq edilir və uşaqlara çətinliyi aradan qaldırmaq, müstəqillik və səliqəlilik kimi keyfiyyətlər aşılayır. Yuyunmaq, geyinmək, yatağı yığışdırıb səliqəyə salmaq, oyun otağını təmiz saxlamaq, yerini təmizləmək və s. vərdişlər uşaqların digər əmək növlərində müstəqil inkişafı üçün şərait yaradır. Bu yaş dövründə özünəxidmət əməyinin həyata keçirilməsi müəyyən çətinliklərlə bağlıdır. Uşaqların əzələlərinin kifayət qədər inkişaf etməməsi, hərəkətin ardıcıllıqla yerinə yetirilməsi zamanı meydana çıxan çətinliklər, onlarda işin vaxtında icraetmə həvəsini azaldır. Buna baxmayaraq tərbiyəçi uşaqlarda bu yaş dövründə işi müvəffəqiyyətlə görüb başa çatdırma, təmiz və səliqəli işgörmə kimi qabiliyyətləri yaradıb inkişaf etdirməyə səy göstərməlidir. Bütün bunlar tərbiyəçidən səbrli və mehriban olmağı tələb edir. Özünəxidmət əməyini həyata keçirərkən tərbiyəçi kollektiv işlə yanaşı, uşaqlara fərdi şəkildə tapşırıq verməli, hər bir uşağı fəaliyyətə ruhlandırmalı, onda öz qüvvəsinə inam yaratmalıdır. Başlıcası isə tərbiyəçi çalışmalıdır ki, bu yaş dövründə uşaqlar özünəxidmətin əhəmiyyətini aydın dərk etsinlər. Bu məqsədlə özünəxidmət əməyində də uşağın qarşısına aydın məqsəd qoyulmalıdır. Özünəxidmət uşağın digər fəaliyyət növlərinin normal həyata keçirilməsinə, müvəffəqiyyət əldə etməsinə kömək edir. Uşaqların biri işdən diqqətini tez yayındırır, digər iş zamanı çətinlik çəkən yoldaşına kömək göstərməkdən həzz alır, üçüncüsü işi yarımçıq qoyub oyuna meyl edir, dördüncüsü isə işi başdansovdu görməyə meyl edir. Uşaqların belə fərdi xüsusiyyətlərini tərbiyəçi hökmən nəzərə almalı və hər bir uşağa öz fərdi xüsusiyyətinə görə təsir etməlidir. Məktəbəqədər yaşlı uşaqların orta qrupunda özünəxidmət əməyinin məzmunu nisbətən inkişaf edir. Bu yaşda uşaqlar müəyyən iş görəndə öz yaşıdlarına da göz qoyur və onların nöqsanlarını nəzərlərinə çatdırırlar. Orta qrupun uşaqları işi nisbətən sərbəst icra edirlər. 5-6 yaşlı uşaqlarda sərbəstlik və müstəqillik daha da güclənir. Onlar özləri geyinir, soyunur özünə müvafiq işləri sərbəst icra edirlər. Çox vaxt özündən kiçik bacı-qardaşlarına nümunə olur, onlara lazımı köməklik göstərirlər ki, bu da həm özlərinin müstəqil işgörmə qabiliyyətinin inkişafına həm də yoldaşlıq köməyi hisslərinin güclənməsinə kömək edir. 3. Təsərrüfat-məişət əməyi. Təsərrüfat-məişət əməyi məktəbəqədər yaşlı uşaqların həyatında başqa əmək növlərinə nisbətən daha geniş yer tutur. Təsərrüfat-məişət əməyi əsasən ictimai xarakter daşıyır. Məktəbəqədər yaşlı uşaqlar təxminən iki yaşından etibarən sadə təsərrüfat-məişət əməyinə cəlb olunurlar. Bu zaman əmək tapşırıqlarının yerinə yetirilməsində uşaqlarda ahəngdar əmək hərəkətlərinin, işgüzarlıq münasibətlərinin düzgün inkişafı nəzərdə tutulmalıdır. Uşaq bağçasında təsərrüfat-məişət əməyi öz məzmununa görə müxtəlifdir. Buraya uşaq bağçasının həyətyanı sahəsində, gəzinti və idman meydançasında soyunma, yuyunma, yataq və məşğələ otaqlarında səliqə-səhman yaratmaq işləri daxildir. Kiçik qrupda uşaqlar yaşlıların məişət əməyi üzrə işini, yəni dayənin qab-qacaq yumasını, aşpazın yemək hazırlamasını, ananın paltar yumasını və ütüləməsini, xadimənin cığırları süpürməsini diqqətlə müşahidə edirlər. Ailə şəraitində ailə üçün görülən işlərə məişət əməyi deyilir. Onlar tədricən belə əmək növlərinə cəlb olunurlar. Məsələn, tərbiyəçinin xahişi ilə balacalar oyuncaqları meydançaya çıxarır, məşğələlər üçün lazım olan materialları gətirib-aparır, döşəmədən kağızları, yaxud sahədən yarpaqları yığır və s. Bütün bunlar uşaqlarda məişət əməyi üzrə bacarıqları formalaşdırır, onları gələcəkdə daha mürəkkəb əmək fəaliyyətinə hazırlayır. Kiçik qrup uşaqlarına hərəkəti necə yerinə yetirməyi təkcə göstərmək və izah etmək azdır. Onlara fəaliyyət zamanı kömək etmək də lazımdır. Belə ki, çalışmaq lazımdır ki, bu və ya digər hərəkət uşaqlarda tədricən vərdiş halına keçsin, böyüklərin köməyinə bir o qədər də ehtiyac qalmasın. Uşaq üçün normal iş şəraiti yaratmaq özünün gücü çatan işi ona icra etdirmək daha səmərəlidir. Tərbiyəçi uşağın qarşısında konkret məqsəd qoymalı (dəsmalı asmaq, dayəyə kömək etmək, həyətdən yarpaqları yığmaq və s.) və onun əmək fəaliyyətini istiqamətləndirməlidir. Orta qrupda təsərrüfat-məişət əməyi özünəməxsus əhəmiyyət kəsb edir. Bu yaşda uşaqlar ilin axırına yaxın qayda-qanuna müstəqil riayət edir, otağın və iş yerinin yığışdırılmasında iştirak edirlər. Tərbiyəçi uşaqları müntəzəm surətdə əməyə cəlb edir, işdə ardıcıllığa, görülmüş işin tərbiyəvi əhəmiyyətini dərk etməyə xüsusi fikir verir. Böyük qrupda uşaqların təsərrüfat-məişət əməyinin məzmunu daha da genişlənir. Belə ki, nahardan sonra stolun üstünün yığışdırılmasında dayəyə kömək edir, məşğələnin sonunda material və vasitələri yerinə qoyur, yapışdırma və rəsm zamanı istifadə olunan fırça, stəkan və əskiləri yuyur, işdən sonra stolları silir, hər həftə qrup otağının yığışdırılmasında iştirak edirlər. Uşaqlar dayə ilə balıncların üzünü keçirir, döşək ağılarını salır və bu işləri görməklə onlar özlərini böyüklərin əsl köməkçisi hesab edirlər. Bu fəaliyyət zamanı əlbir işi elə qurmaq lazımdır ki, uşaqlar hər bir tapşırığın sadəcə olaraq passiv icraçısı olmasınlar, həm dayənin simasında işin təşkilatçısını, həm də onun qrupdakı uşaqlara, xüsusən də ən balacalara olan diqqətini görə bilsinlər. Tərbiyəçi bu prosesdə həm də uşaqlara bir-biri ilə razılığa gəlmək, kömək göstərmək kimi bacarıqları aşılayır. Məktəbə hazırlıq qrupu uşaqlarının, altı yaşlıların təsərrüfat-məişət əməyi özünəməxsus əhəmiyyət kəsb edir. Bu dövrdə əmək məzmunca mürəkkəb xarakter daşıyır. Uşaqlarda tədricən, cəld məharətlə, səliqəli, bacarıqla işləmək, əşyalarla düzgün davranmaq kimi keyfiyyətlər tədricən formalaşır. Tərbiyəçinin vəzifələrindən biri də bu yaş dövründə uşaqlarda təsərrüfat-məişət əməyinə müsbət emosional münasibət tərbiyə etməkdən ibarətdir. Bunun üçün natəmizliyə, pintiliyə qarşı barışmaz olmaq, ətraf mühitə emosional-estetik həssaslıqla yanaşmaq lazımdır. Bu vəzifənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün uşaqlar onların əməklərinin hamıya faydalı olduğunu dərk etməlidirlər. Buradan uşaqlarda işgüzarlıq, xeyirxahlıq, insanların işinə yaramaq, xeyir vermək kimi ictimai motivlər (motiv – tələbatların ödənilməsi ilə bağlı insanı fəaliyyətə təhrik edən aparıcı daxili qüvvədir) yaranıb inkişaf edir. 4. Uşaqların təbiətdə əməyi. Uşaqların təbiətdə əməyi onların sağlamlığında, hərəkətlərinin kamilliyində, bacarıq və vərdişlərin formalaşmasında mühüm rol oynayır. Təbiətdə əmək uşaqların əqli və sensor (hiss edən, hisssedici, sezici) inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaq, bitgi və heyvan növlərini öyrənərkən uşaqlar onların elə əlamətləri ilə tanış olurlar ki, bu onlarda müəyyən əmək alətləri ilə işləmək qabiliyyəti və bacarığını yaradır. Məsələn, alaqetmə zamanı mədəni bitkilərin xarici əlamətlərini alaq otlarının xarici əlamətlərindən fərqləndirmək bacarığı və alaqları əl ilə düzgün tutmaq vərdişini yaradır. Təbiətdə əmək uşaqların görüş dairəsini genişləndirir. Uşaqlar onun vasitəsilə torpağın insan həyatındakı zəruri əhəmiyyətini dərk edib ondan istifadə etməyin yollarını öyrənirlər. İş prosesində uşaqlar əyani surətdə canlı orqanizmin nəyə tələbi olduğunu hiss edirlər. Bitkilərin həyatı ilə tanış olarkən uşaqlar öyrənirlər ki, su bitkilərin inkişafı üçün zəruri şərtdir. Beləliklə iş prosesində uşaqlar təbiətin bir sıra qanunlarını öyrənir, onun idarə olunmasında insan əməyinin rolunu dərk edirlər. Təbiətdə əmək uşaqlarda kənd təsərrüfatı işlərinə marağı gücləndirir. Onlar təbiət guşəsindəki güllərə, quşlara, balıqlara qulluq etməklə bitki və heyvanların həyatı ilə yaxından tanış olurlar. Bütün bunlar uşaqlara təbiətin bitki və heyvanat aləmini öyrənməkdə geniş imkan yaradır. Kiçik qrup uşaqlarının imkanları məhdud olduğundan əmək tərbiyəsi onlara anlaşıqlı olan təbiət hadisələri əsasında həyata keçirilir. Üç yaşlı uşaqların əməyi yalnız əyani təsirli təlim zamanı həyata keçirilir. Bu zaman tərbiyəçi uşaqlara planlı təsir göstərir. İş prosesində tərbiyəçi görüləcək işi uşaqlara başa salmalı, əyani göstərməli və praktik nümunələr verməlidir. Uşaqlar təbiət materiallarından istifadə edərkən tərbiyəçi bu materialların mahiyyətini (su, qum, gil, qaynar su, soyuq su və s.) onlara başa salmalıdır. Günəşin parlamasını, qarın əriməsini, soyuq külək, şaxta və s. təbiət hadisələri haqqında da uşaqlarda məlumat olmalıdır. Heyvanların və quşların hərəkətini öyrənən uşaqlar onların təbiətdə yeri haqqında mühakimə yürüdürlər. Beləliklə, uşaqlar praktik hərəkətlərdən idraki hərəkətlər kimi istifadə etməyə başlayırlar. Yaşından asılı olmayaraq işin məqsədi hər bir uşağa aydın olmalıdır. Əmək prosesinə şüurlu münasibət tərbiyə etmək üçün uşaqlara görülən işlərin əhəmiyyətini başa salmaq lazımdır. Məsələn, soğan, noxud və s. bitkilərin toxumlarının əkilməsi üçün əvvəlcə torpaq yumşaldılmalıdır. Alaq otları sahədən təmizlənməlidir ki, onlar bitkilərin inkişafına mane olmasın. Bu yaşda uşaqlar təbiətin canlı aləmi üzərində müşahidəyə də cəlb olunurlar. Qışda uşaqların diqqəti qışlayan quşların davranışına, qar basmış ağac və kollara cəlb olunur. Bağçada uşaqların iştirakı ilə ağacların dibi qarla basdırılır və onlara izah edilir ki, qalın qar qatı ağacın köklərini şaxtadan qoruyur. İstilik düşəndə isə qar əriyir və ağaclar doyunca su içir. Orta qrup uşaqlarında əməyə şüurlu münasibət nisbətən güclü olur. Uşaqlar təbiət hadisələrini müşahidə edərkən tanış əşyaları səciyyəvi əlamətlərinə görə müqayisə etməyi və qruplaşdırmağı öyrənirlər. Məsələn, qar və çovğunda quşların ac olduğunu düşünüb onları yemləməyə səy edən uşaqlar çox faydalı iş görmüş olurlar. Böyük və məktəbə hazırlıq qrup uşaqlarının əməyi mürəkkəb xarakter daşıyır. Onların əməyi keyfiyyətə, işi vaxtında və müstəqil görməyə görə qiymətləndirilir. Bu keyfiyyətlərini nəzərə alıb tərbiyəçi uşaqları növbətçiliyə cəlb edir. Tərbiyəçi uşaqlara təbiət guşəsində və sahədə növbətçinin vəzifələri haqqında məlumat verir, onları praktik vərdişlərə alışdırır. Belə şəraitdə uşaqlar daha tez lazımi bacarıq və vərdişlərə yiyələnir, sonra isə özləri müstəqil surətdə heyvan və bitkilərə qulluq edirlər. Heyvan və bitkilərə qulluq etmək sahəsində biliyə və təcrübəyə yiyələnən uşaqların əməyi get-gedə gərginlikdən xilas olur, qazandıqları bacarıq və vərdişlər onların fəaliyyətini xeyli yüngülləşdirir. Təsərrüfat-məişət əməyi məktəbəqədər yaşlı uşaqların həyatında başqa əmək növlərinə nisbətən daha geniş yer tutur və uşaqların təbiətdə əməyi onların sağlamlığında, hərəkətlərinin kamilliyində, bacarıq və vərdişlərin formalaşmasında mühüm rol oynayır. 5. Məktəbəqədər yaşlı uşaqların əl əməyi. Uşaq şəxsiyyətinin formalaşmasında əl əməyinin müstəsna əhəmiyyəti vardır. Müxtəlif materiallardan uşaqların oyuncaq və əşyalar düzəltməsi məktəbəqədər yaşlı uşaqların, xüsusən də böyük qrup uşaqlarının əmək tərbiyəsinin mühüm cəhətlərindən biridir. Əl əməyinin məzmununda quraşdırma əıməliyyatı mühüm yer tutur. Bu əmək növü zamanı uşaqlar əşyalar haqqında təsəvvürlərini genişləndirir, texnika haqqında müəyyən məlumata malik olurlar. Belə iş prosesində uşaqlar ən sadə texniki qurğularla tanış olur, oyuncaq alətləri ilə iş vərdişlərini mənimsəyir, əmək materiallarına, əşya və alətlərə ehtiyatla yanaşmağı öyrənirlər. Uşaqlara aydın olur ki, qalın kağızdan kəsmə və yapışdırma yolu ilə müxtəlif əşyalar düzəltməık olar. Ağacı isə mişarlamaq, yonmaq, kəsmək, deşmək və birləşdirmək olar. Əl əməyi məşğələlərində təbiət materiallarları ilə iş də mühüm əhəmiyyət kəsb edir. Belə ki, uşaqlar yarpaqlar, palıd qozaları, şam, qoz ağaclarının qabıqları ilə aparılan iş zamanı həmin təbiət materiallarının rəngi, forması, möhkəmliyi ilə də tanış olurlar. Bu zaman uşaq öz işinin mövzusu haqqında fikirləşir, əşyaları müqayisə edir, özünəməxsus xəyali surətlər yaradır. Onlar hansı materialdan, harada və necə istifadə etməyi öyrənirlər. Əl əməyi zamanı uşaqlar müxtəlif materiallardan oyuncaqlar düzəldirlər. Uşaqlara fırfıra oyuncağını düzəltmək üçün 4-5 sm uzunluğunda ucu şiş çubuq və qalın kartondan kəsilmiş, ortası deşilmiş dairələr verilir. Tərbiyəçi uşaqlara bu iki hissəni necə birləşdirməyi göstərir. Uşaqlar öz hazırladıqları fırfıranı stolun üstündə və yaxud döşəmədə fırladaraq məmnuniyyətlə oynadırlar. Eləcə də uşaqlar qutulardan, şam, küknar, palıd qozalarından, küləş və qarğıdalı saçağından müxtəlif oyuncaqlar hazırlaya bilərlər. Uşaqlara əmək tapşırığı verərkən tərbiyəçi birinci növbədə tapşırığın məzmununu, onun fərdi və ya kollektiv formasını nəzərə almalı, bütün formaların həyata keçirilməsində pedaqoji rəhbərliyə geniş yer verməlidir. Beləliklə, demək olar ki, məktəbəqədər yaşlı uşaqların əmək növləri özünəməxsus müxtəlifliyə malikdir və bu müxtəliflik onların əmək fəaliyyətinin növlərində əks olunur.