Test Azərbaycanın təhsil sistemi üçün
ən optimal variantdır
Ali məktəb tələbələrinin bilik səviyyəsi qəbulda yox, buraxılışda yoxlanmalıdır.
Yeni təhsil qanununun qəbulu ilə bağlı aparılan müzakirələr ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Hazırki vəziyyətdə isə bir çox məsələlər müxtəlif mübahisə predmetinə çevrilir. Biz də təhsil Qanunun qəbuluna az bir müddət qaldığını nəzərə alaraq, qanunda mübahisə doğuran məqamların müzakirəsini oxuculara təqdim edirik. Bu dəfəki müsahibimiz Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Səlahəddin Xəlilovdur. Həmsöhbətimiz hesab edir ki, hazırda Azərbaycanda təhsil sistemində mövcud olan problemləri müxtəlif fazalara bölmək olar. Onun sözlərinə görə, bu sferada Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)tutmuş müəllim-tələbə münasibətləri səviyyəsinə qədər müəyyən problemlər mövcuddur.
– Səlahəddin müəllim, yeni təhsil qanununu hazırlayan şəxslərdən biri kimi bu qanunu necə xarakterizə edirsiniz?
– Yeni təhsil qanununda ən böyük miqyaslı hadisə orta məktəbdə icbari təhsil müddətinin dəyişdirilməsi olacaq. Əvvəlki təhsil qanununda da bu məsələ açıq qalırdı. Qeyd edim ki, Konstitusiya layihəsi də hazırlananda əsas orta təhsilin icbari olması yazılmışdı. Amma əsas orta təhsil o vaxtkı anlayışlarda səkkiz illik idi. Lakin Konstitusiya qəbul olunarkən son variantda bu ifadə ümumi orta təhsil kimi yazıldı. Ancaq praktika göstərdi ki, Azərbaycan hələ gənc dövlət olduğundan bizim Avropa dövlətləri ilə müqayisə olunmağımıza xeyli müddət lazımdır. Ən qabaqcıl Avropa ölkələrində də belə şey yoxdur ki, tam orta təhsilin icbariliyi haqqında qərar verilsin. Bu ölkələrdə söhbət ancaq neçə yaşa qədər təhsilə cəlb olunmaqdan gedir.
– Sizcə, orta məktəblərdə neqativ halların yaranmasında bu faktor da roll oynayırmı?
– Belə bir qanun müəllimləri və məktəbi məcbur edir ki, hamıya mütləq attestat verilsin. Çünki icbaridirsə, deməli mütləq orta təhsil attestatı olmalıdır. Bu da məktəblərin məsuliyyətini azaldır və müəllimləri çıxılmaz vəziyyətə salır. Faktiki olaraq sonda bu hal məktəbdə saxta attestatların verilməsinə gətirib çıxarır. Dünya praktikasında bu ancaq yaşla həll olunur. Yəni, əksər ölkələrdə icbari təhsil 15 yaşa qədərdir. İnkişaf səviyyəsi bir qədər aşağı olan ölkələrdə 13-14, Azərbaycanın inkişaf səviyyəsində olan ölkələdə isə bu 12 yaşa qədər göstərilir. Axı, sürücü, bənna, və s. olmaq üçün kiminsə tam orta təhsil alması vacib deyil. Bu dövlət vəsaitinin hədər yerə sərf olunmasıdır. Potensial olaraq əgər əhalinin ancaq 50 faizi gələcəkdə elmlə məşğul olmaq səviyyəsinə malikdirsə, belə olan halda 100 faiz hamıya nəzəri biliklər vermək nəyə lazımdır? Biz hələ yaş həddini keçə bilmirik. Çünki konstitusiyada bu müddəa ümumi orta təhsil kimi göstərilir və konstitusiyaya da düzəliş etmək çətindir. Ona görə də biz ümumi orta təhsil anlayışının yeni izahını verməklə, bu məsələni həll etmək istəyirik. Hələ mənim 1999-cu ildə çıxan «Təhsil sistemi» kitabımda bu təklif irəli sürülmüşdür. Sonra ictimaiyyətdə bu fikri dəstəkləyən adamlar da oldu və biz yeni qanun layihəsində ümumi orta təhsil anlayışının məhz doqquz illik təhsil kimi başa düşülməsinin izahını verdik. Bu başqa bir təklifə də imkan yaratdı ki, orta məktəbin buraxılış imtahanları vahid mərkəzi testlə verilsin.
–
Dostları ilə paylaş: |