İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT .........................................................
|
137
|
İXTİSARLARIN VƏ ŞƏRTİ İŞARƏLƏRİN SİYAHISI.........................
|
148
|
GİRİŞ
Mövzunun aktuallığı və işlənmə dərəcəsi: Dili müxtəlif metod və üsullarla tədqiq etmək sahəsindəki inkişaf dil materiallarının emalı və işlənməsi üçün toplanması, onların sistemləşdirilməsi kimi yeni-yeni məsələləri qarşıya qoyur. Kompüter texnologiyasının sıçrayışlı irəliləyişi, çap və nəşr işlərinin kompüterləşdirilməsi, internetin yaranması, informasiya mübadiləsinin sürətlənməsi və son dərəcə böyük miqdarda dil materialının elektron daşıyıcılarında toplanıb qalması həmin mənbələrdən istifadə etmək imkanlarından bəhrələnməyi tələb edir. Dil materialının, xüsusən sözlərin kartlara qeyd edilərək linqvistik vasitələrin (lüğətlərin) tərtibində tətbiq edilməsi və bu cür kartotekaları qoruyub saxlamaq mümkünlüyü müasir dilçilikdə korpus linqvistikası istiqamətinin meydana gəlməsinə səbəb olmuşdur.
Kompüter dilçiliyin yeni bir qolunu təşkil edən korpus linqvistikası ikili mahiyyət daşıyır. Bir tərəfdən, korpusların qurulması, onun altfondlarını təyin etmək, korpus mətnlərini zəruri annotasiyalarla təchiz etmək, korpuslararası əlaqələri qurmaq, digər tərəfdən, korpusdan istifadə etməklə linqvistik araşdırmalar aparmaq, korpusun daha hansı məsələlərin həllində yardımçı olacağını müəyyənləşdirmək lazım gəlir. Müxtəlif dillərin, o cümlədən də ingilis dilinin riyazi və statistik metodların köməyi ilə tədqiqi, dilin kəmiyyət göstəricilərinin sinxron və diaxron planda öyrənilməsi, tezlik lüğətlərinin tərtibi, linqvistik informasiyanın avtomatik axtarış sistemlərinin qurulması, maşın tərcüməsi, avtomatik təhlil sistemlərinin yaradılması ilə bağlı bu günə qədər xeyli iş görülmüşdür. Lakin, bu tədqiqatlar, tətbiqi araşdırmalar kifayət qədər iri həcmli dil materialları əsasında aparılmamışdır. Korpuslar material həcminə görə kifayət qədər böyük və geniş olduğundan indiyədək aparılmış tədqiqatlardan əldə edilmiş nəticələrin dəqiqliyini yoxlamaq, reprezentativ nəticələr verəcək müasir araşdırmalar aparmaq imkanları meydana çıxmışdır. Bütün bunların həlli, ilk növbədə, mövcud korpusların təhlilini, onların linqvistik potensialını, təkmilləşmə xüsusiyyətlərini aydınlaşdırmağı tələb edir. Azərbaycan dilinin milli korpusunun yaradılması istiqamətində əsaslı işlər görülsə də, korpusun linqvistikasının bütövlükdə öyrənilməsi ilə bağlı tədqiqatlar yerinə yetirilməmişdir. Braun, LOB, FLOB və digər korpusların qurulma prinsipləri, onlara daxil edilmiş materialların seçilmə meyarları, annotasiyalamanın əsasları dilçiliyimizdə həllini gözləyən aktual məsələlərdəndir.
İnformasiya-kommunikasiya texnologiyalarının müasir səviyyəsi yeni, müasir dil emalı sistemlərinin yaradılması üçün baza təminatı verir. Ondan səmərəli istifadə yollarını axtarmaq korpusların imkanlarını hərtərəfli öyrənmək zərurətini ortaya atır.
Braun, LOB, FLOB korpusları əsasında aparılan araşdırmalar göstərir ki, dil variantları, dialektlər, dilin tarixi dövrləri üzrə materialların müqayisəli tədqiqatlarına yeni istiqamətdən yanaşmaq üçün kifayət qədər böyük baza yaradır. Belə bir bazadan istifadə etmək üçün standart ingilis dilinin, ingilis dili variantlarının, dialekt və slenqlərinin korpusların vasitəsilə araşdırılması prinsiplərini müəyyənləşdirmək, oxşar məsələləri Azərbaycan dili və ümumiyyətlə, türk dilləri səviyyəsində qoyulmasına təminat verir.
Azərbaycan dilinin dialektlər altfondunun qurulması, dialektlərin korpus materialları əsasında yenidən araşdırılmasına real zəmin yaradır. Bu cür altfondun qurulması həcm, keyfiyyət və aktuallıq baxımından daha qlobal bir problemin həlli üçün korpus quruculuğunun tətbiqinə keçməyə əsas verir. Türk dillərinin vahid korpusunun qurulması məsələsi bu gün olduqca aktualdır. Şübhəsiz ki, ayrı-ayrı türk dillərinin milli korpuslarının bir sistemdə birləşdirilməsi probleminin həlli yollarını axtarmağın vaxtı çatmışdır.
Korpus linqvistikası kompüter dilçiliyinin bir qolu sayılır. Tezlik lüğətlərinin tərtib olunması ideyasının işığında cücərmiş bu yeni linqvistik istiqamət maşın tərcüməsi, riyazi-statistik metodların dilçilikdə tətbiqi, nəhayət, təbii dillərin emalı sistemlərinin yaradılması kimi problemlərlə əlaqəli inkişaf edir. Korpus linqvistikasının gələcək inkişafı onun bütün kompüter dilçiliyi məsələlərini özündə birləşdirə biləcəyini istisna etmir. Bunun nə dərəcədə həqiqət olması müasir kompüter dilçiliyində korpus linqvistikasının yerini müəyyənləşdirməyə də kəskin ehtiyac olmasında özünü göstərir.
Korpuslardan istifadə etmək müasir dilçiliyin səciyyəvi cəhətlərindən biridir. Korpuslardan alınan müxtəlif xüsusiyyətli linqvistik məlumat və materiallar geniş çeşiddə dil problemlərinin həllində tətbiqini tapır. Bir sıra linqvistik faktların aşkara çıxarılması, belə faktların qanunauyğunluğu və təsadüfiliyinin təsdiqi olduqca böyük həcmə malik dil materialını araşdırmağı, təhlilə cəlb olunmasını tələb edir. Bu, məsələnin həlli yalnız korpus linqvistikası səviyyəsində mümkündür. Korpus linqvistikası dilin istər tətbiqi, istər tədrisi, istərsə də tədqiqi problemlərinin həllində istifadə olunur. Bütün bunlar korpus linqvistikası ilə bağlı tədqiqatın aktuallığını təsdiq edən amillərdir.
Dostları ilə paylaş: |