Bu əməkdaşlıq çərçivəsində sadə bir təklif irəli sürdüm: Əhli-sünnə rəvayətinə görə, Peyğəmbərin (s) mövludu olan 12 rəbiüləvvəldən Şiə hədislərinin göstərdiyi 17 rəbiüləvvələ qədər şiə və sünnilər arasında müştərək bayram tədbiri keçirmək.
Ali-Rəsul məscidini bayram tədbirinə hazırladıq. Mövlud isti yay günlərinə təsadüf edirdi. Havanın temperaturu günəş altında 63, kölgədə isə 53 dərəcəyə çatırdı. O zaman bizim üçün ən çətin işlərdən biri günorta vaxtı tualetə getmək idi. Tualet həyətdə yerləşirdi, oraya getməkdən ötrü 20 metr günəş altında yerimək lazım idi. Günəşin istisi adamın üzünü kabab edir, dərisini yandırırdı. Günboyu hava eləcə isti olurdu. Axşam saat onda mülayim bir külək hiss olunurdu. Külək get-gedə çoxalıb havanı sərinlədirdi, amma yer hələ də isti qalırdı; nə qədər döşəkçə atırdınsa, yenə də üstündə rahat oturmaq olmurdu.
Bayram günü isə hava tam fərqli oldu. Buludlar qalxıb günəşin önünü tutdu, günün o saatlarında misli görünməmiş sərin külək əsməyə başladı, ardınca da azca yağış yağdı. Bildik ki, axşam gözəl hava olacaq.
Axşamüstü insanlar dəstə-dəstə bayıra çıxıb havadan həzz alır və Ali-Rəsul məscidinə yollanırdılar. Məscid, şəbistan və eyvan adamla doldu. Şəbistana bahalı xalçalar döşənmişdi. Mehrabda şam namazına başladım. Namazın ikinci rəkətində qəribə bir səs gəldi; sanki bir araba xurma ağacının budaqlarını yerlə sürüyə-sürüyə gedirdi. Səs kəsilmədi. Araba olsaydı, keçər və səs bitərdi. Bir qədər sonra suyun şırıltısını eşidəndə bildim ki, sel gəlib.
Dostları ilə paylaş: |