Sel və İmam Hüseyn (ə) torpağı
Namazdan sonra gördük ki, şəhəri sel basıb, su yerdən yarım metr hündürdə olan eyvana da çatıb. Ucadan camaata dedim ki, məscidin xalçalarını toplayıb hündür bir yerə qoysunlar, uşaq və qadınlardan ehtiyatlı olsunlar. Sel 2-3 saat davam etdi, o müddətdə evlərin bir-bir uçma səslərini eşidirdik. Hətta qorxdum ki, məscid də uçar. Hər şey qorxunc idi: elektrik enerjisi kəsildiyinə görə hər yerin qaranlıq olması, amansız gur sel, evlərin uçması, insanların qışqırtısı...
Belə böhranlı və qorxulu şəraitdə insanın beyni fəallaşır, mövcud vəziyyətə qarşı mübarizə üçün hər bir yola əl atır. Əvvəllər eşitmişdim ki, belə qaçılmaz vəziyyətlərdə təhlükəni uzaqlaşdırmaqdan ötrü Allah-Taalanın izni ilə İmam Hüseyn (ə) torpağına təvəssül etmək olar. Allahın Peyğəmbər (s) gülünün məzarı sayəsində şərəfləndirdiyi Kərbəla torpağının bir parçası cibimdə idi. Onu çıxarıb Allaha təvəkküllə selin içinə atdım. Allahın lütfü ilə çox keçmədən sel dayandı.
Sel dayanan kimi zərərçəkmişlərə yardım komitəsi yaratdıq. Həmin gecə mühüm bir fəaliyyət mümkün deyildi. İşi səhərə saxladıq.
Evə getdim. Evdə iki otaq, ortalarında bir müştərək qapı vardı. Mən Raşidlə bir otaqda, Rəhimi və Musəvi Şali də digər otaqda qalırdılar. Onlar da Raşiddən sonra İranşəhrə sürgün olunmuşdular. Rəhimi inqilabdan sonra millət vəkili ikən şəhadətə qovuşdu.
Çatanda gördüm ki, hər şey qaydasındadır. Su evin yaxınlığına qədər gəlib dayanmışdı.
Şəhərdə xəbər dolaşdı ki, sürgün olunanların evini su basmayıb. Bunu bizim kəramətimiz zənn etdilər. Lakin insanlara izah etdim ki, ev hündür yerdə olduğuna görə seldən uzaq qalıb, ortada heç bir möcüzə və kəramət yoxdur.
Dostları ilə paylaş: |