Tasua günündə həbs olunana qədər belə çıxışları davam etdirdim. Həmin gün məni polis bölməsinə apardılar. Bu, polis dindirməsinə dair ilk təcrübəm idi. O vaxta qədər polis bölməsinin içərisini görməmişdim. Məni leytenant rütbəli gənc bir zabitin yanına apardılar. O, boynunun damarlarını şişirdib məni sərt şəkildə danlamağa başladı. Ona sakitcə cavab verdim: "Sən mənə edamdan artıq heç nə edə bilməzsən! Heç buna səlahiyyətin də çatmır. Odur ki nə istəyirsən, elə. Mən hazıram. Mən evdən çıxanda ölümə hazırlaşmışam, özünü yorma!"
Leytenant belə bir cavab gözləmirdi. Heyrətdən donub qaldı, qəzəbi yatdı, səs tonunu dəyişib bir neçə dəfə təkrar elədi: "Mən sizə nə deyim?!" Bir qədər sakit qalandan sonra dedi: "Sizin ata-ananız, həyat yoldaşınız varmı?" Dedim ki, ata-anam var, amma ailəli deyiləm. Yenə təəccüblə dedi: "Mən sizə nə deyim?!" Ona dedim: "Sənin öz tapşırığın var, mənim öz tapşırığım. Sən öz tapşırığına əməl et, mən də öz tapşırığıma".
Aşura günü günortaya qədər polis bölməsində qaldım. Bayırda nə baş verdiyindən xəbərsiz idim. Sonradan öyrəndim ki, bütün İranda vəziyyət gərgin imiş. Bircənddə dəyərli şəxsiyyət, müctəhid, ədib, natiq və cəsarətli insan olan Ayətullah Təhami sonradan mənə dedi ki, sən həbs olunanda Bircənddə vəziyyət çox gərginləşdi. O mənə dedi: "Camaat səni azad etmək üçün polis bölməsini mühasirəyə almış, polislərlə vuruşmağa hazırlaşmışdı. Əza heyətləri də bununla bağlı mənə müraciət edirdilər".
Güman ki rəsmi qurumlar vəziyyətdən xəbər tutmuş, Tehranda və İranın digər şəhərlərində baş tutmuş izdihamlı ümumxalq etirazlarının Bircənddə də baş verəcəyindən qorxmuş və Şəhər Şurasında fövqəladə iclas keçirmişdilər. Bu şura sürgün hökmünə səlahiyyətli orqan idi və mənim öz şəhərim Məşhədə sürgün hökmümü çıxardı. Güman ki sürgündən öncə xalqın qəzəbini yatırtmaq istəyirmişlər. Məni azad etdilər və şərt kəsdilər ki, xütbə söyləməyim.
Bircənd əhalisi mənimlə həmrəyliklərini bildirir, sevgilərini ifadə edirdilər. Ələmin qüdrətinə baxmayaraq, əhalinin İslam təbliğatçılarına belə duyğusal dəstəklərini görüb sevinirdim.
Həbsdən sürgünə, yəni məhərrəmin 9-dan 15-ə qədər bütün İranda hakimiyyət əleyhinə güclü etiraz və nifrət dalğası hökm sürdü, Tehranın rövzə məclisləri inqilabi növhəxanlıqlara çevrilib tağutu qorxuya saldı. Aşura günü İmam Xomeyni Qumda şah rejiminin sonunun başlanğıcı olan tarixi çıxışını etdi və 1963-cü ilin 3 iyununda həbs olundu.
Həmin günlərdə polkovnik rütbəli bir hərbi müstəntiq Məşhəddən Bircəndə gəlib məni görmək istədi. Mən indiyə qədər onun tapşırığının nə olduğunu bilmirəm. Dedi ki, sizi Məşhədə göndərəcəyik, amma orada da vəziyyət qarışıqdır, çoxları həbs olunublar və Məşhəd həbsxanalarında yer yoxdur. O, Məşhədin vəziyyətini təsvir etməklə məni qorxutmaq istəyirdi. Bundan sonra mənə dedi: "Yaxşısı budur ki, vəziyyət sakitləşənə qədər bir neçə gün Bircənddə qalasız".
Böyük ehtimalla onun tapşırığı təkcə bu cümləni mənə çatdırmaq idi. Lakin bundan ötrü nə üçün Məşhəddən bir nəfər göndərilməli idi? Bunu Bircənddəki məmurların biri də söyləyə bilərdi. Həm də nə üçün o, polkovnik olmalı idi. Güman ki dövlət qurumlarının təşvişi yüksək həddə çatıbmış və hər şey barədə min cür fikirlər edirmişlər.
Dostları ilə paylaş: |