Qarnizon zindanı
Məhərrəmin on beşində məni üç polis məmurunun nəzarəti altında Məşhədə göndərdilər. Bircənddən Məşhədə qədər məsafə 540 km-dir. Bizi aparan hərbi SUV avtomobili bu məsafəni çox sürətlə və dayanmadan getdi. Yolda yalnız bircə dəfə yemək üçün bir qəhvəxananın önündə azca dayandıq. Yolda bir neçə şəhərdən, o cümlədən Qain, Günabad və Türbət-Heydəriyyə rayonlarından keçdik.
Polislər qorxu içində idilər. Məşhəddə məni bir polis bölməsinə təhvil verdilər. Orada çətin bir gecə keçirdim. Polis patrulları atla küçələrdə gəzişirdilər. Gecə bölmənin həyəti növbətçi polislərlə dolu olurdu. Onlar orada yatırdılar. Mənə yatmağa yer tapılmadığına görə dar və kiçik bir otağa apardılar. Səhər çağı məni SAVAK-a təhvil verdilər, oradan da Məşhədin qarnizon zindanına göndərdilər. Oradakı dustaqların çoxu ya mitinqdə iştirak etmiş, bəyanat paylamış gənclər idilər, ya da natiqlər, hövzə və universitet tələbələri. Onların arasındakı bəzi şəxslər sonradan fəal siyasi mübarizəyə qoşuldular. Onların biri Pərviz Puyan idi. O, altmışıncı illərin sonlarında solçu silahlı hərəkat rəhbərlərindən oldu və silahlı bir əməliyyatda öldürüldü. Həmçinin sonralar İslami Şura Məclisinin üzvü olan ağa Fakir1 də orada idi.
Kameraya girəndən sonra ilk saatlarda özümü qərib və yalqız hiss edirdim. Ora sonralar həbs olunduğum kameralar kimi deyildi. Qonşu otaqlardakı məhbusların kim və neçə nəfər olduqlarını bilmirdim. Yandakı otaqlarda olsalar da, özümü onlardan çox-çox uzaqda hiss edirdim.
Bir qədər sonra qonşu otaqda bir beyt şeir oxundu; həm ritmi gözəl idi, həm də şeirin xüsusi mənası vardı. O vəziyyətdə belə bir avazı eşitmək insanı rahatladır, iradəsini gücləndirirdi. Şeir Mövlanadan idi:
Ar nayəd şir ra əz silsile, - - Nist mara əz qəzayi-həqq gile.
Zəncirlə bağlanması aslana eyib deyil. Biz Haqqın qəza və qədərindən şikayətlənmərik.
Səsin sahibini tanıdım; Məşhədin məşhur vaizlərindən biri idi. Onun da həbs olunduğunu bildim.
Məhbus qonşumu tanımaq, oxuduğu şeiri eşitmək məni rahatlatdı, qürbət hissi qəlbimdən çıxdı.
Saxlandığımız bina həbsxana deyildi, anbar idi, ölkədəki etiraz dalğasından sonra zindana çevirmişdilər. O günlərin gərgin böhranı rejimi buna məcbur eləmişdi. Bu baxımdan, otaqlar əsla yararlı deyildi. Məni saldıqları ilk otaq çox rütubətli idi, hətta yerdə su vardı. Bir neçə saatdan sonra məni başqa bir otağa saldılar.
Hər səhər bizi məcburi əməyə aparırdılar. Bu işlərin biri qarnizonun həyətindəki alaq otlarını təmizləməkdən ibarət idi. Həyət yabanı otlarla dolu idi, onları qopara-qopara belə zümzümə edirdim: “Məni gül işinə göndərmişdilər, gil (palçıq) işinə yox”.1
Bizi qarnizonun daxilindəki yolların kələ-kötürlərini düzəltməyə də məcbur edirdilər. Mən inqilabdan sonra oraya getdim və çıxışımda hərbçilərə dedim: "Mən bu qarnizonun əksər yollarının hamarlanmasında iştirak etmişəm".
Dostları ilə paylaş: |