Morfologiya haqqinda məlumat



Yüklə 260,5 Kb.
səhifə15/15
tarix01.01.2022
ölçüsü260,5 Kb.
#103352
1   ...   7   8   9   10   11   12   13   14   15
İnkar əvəzliyi. İnkar əvəzlikləri dilimizdə böyük işlənmə tezliyinə malik olub heç sözünün kim, kəs, nə, bir, şey sözləri ilə birləşməsindən əmələ gəlir: heç kim, heç kəs, heç biri, heç nə, heç bir şey, heç bir kimsə mənasında işləndikdə və s.

Məsələn: Heç kim sənə yaxın düşməz. Mən heç bir şey istəmirəm.

İnkar əvəzlikləri isimlər kimi bütün hallarda işlənir. Heç biri inkar əvəzliyi əv­vəlcə mənsubiyyət şəkilçisi qəbul etməklə substantivləşir, sonra isə hal şəkilçiləri ilə işlənir: heç biri, heç birinin, heç birinə, heç birini, heç birində, heç birindən

MÖVZU 9: FELİN NÖV VƏ ZAMAN KATEQORİYASI

PLAN

1. Fellərdə növ kateqoriyası: məlum, məchul, qayıdış, qarşılıqlı, müştərək və icbar növ



2. Felin zaman kateqoriyası: keçmiş, indiki və gələcək zaman

1. Fellələrdə növ müxtəlifliyi subyektin felə qarşı, subyektin obyektə qarşı və bir də fellə obyekt arasındakı münasibətdən irəli gəlir: hərəkətin icrasında subyektin fəal və ya qeyri-fəal iştirakı, yəni obyektin üzərinə təsir edib-etməməsi, subyektin obyekti və obyektin subyekti əvəz etməsi və s. təzahür edir. Bu səbəblər nəticəsində meydana çıxan bu məna müxtəlifliyinə əvvəllər “felin babları”, indi isə “felin növləri” adı verilir. Müasir Azərbaycan dilində felin növləri aşağıdakılardır: 1) məlum (aktiv), 2) məchul (passiv), 3) qayıdış, 4) qarşılıqlı, 5) müştərək, 6) icbar

Məlum növ. Bu fellər subyektin (iş görənin) müstəqil söz şəklində cümlədə işti­rak edib-etməməsindən asılı olmayaraq, görülən işə qarşı münasibətinin fəal olduğu­nu, yəni işin icrasında subyektin fəal iştirakı ilə zahirdə olmasını, yaxud istənilən zaman zahirə çıxmasını göstərir.

Məlum fellərdə subyektin (iş görənin) məlum olması o demək deyildir ki, sub­yekt müstəqil söz şəklində cümlədə iştirak etməlidir. Ola bilər ki, cümlədə subyekt müstəqil söz şəklində iştirak etmədən fel məlum olsun. Məsələn: Dünənki hadisəni eşitdi cümləsində subyekt zahirdə olmadığı halda, eşitdi feli məlum hesab olunur.

Məlum fellər təsirli və ya təsirsiz olmaq etibarılə iki qismə ayrılır; yəni məlum növ fellərin bir qismi təsirli, bir qismi isə təsirsiz olur. Fellərin məlum növ olması üçün heç bir xüsusi şəkli əlamət yoxdur. Bütün sadə, düzəltmə və mürəkkəb fellət özlüyümdə götürüldükdə, yəni heç bir xüsusi növ şəkilçisi artırılmadığı vəziyyətdə məlum növ hesab olunur.

Məchul növ. Məchul fellərdə işin kim tərəfindən icra olunduğu məlum ol­mur. Burada, əsasən, üzərində iş icra olunmuş əşya ilə (obyektlə) felin münasibəti bildirilir; daha doğrusu, subyekt naməlum olduğundan obyekt onun rolunu ifa edir.

Məchul növ fellərin kökü təsirli fel olur. Müvafiq şəkilçi qəbul etdikdən sonra həmin fellərin hamısı təsirsiz olur, çünki obyekt özü cümlənin qeyri-fəal deyil, fəal üzvü yerini tutur. Məchul fellər həm təsirli məlum fel köklərindən, həm də başqa nitq hissələrindən yaranmış təsirli düzəltmə fellərdən əmələ gətirilir.

I. –ıl4, -ın4, -n şəkilçiləri vasitəsilə təsirli məlum fellərdən məchul fel əmələ gəlir və bu fellər təsirsiz olur: yazdı-yazıldı, qoydu-qoyuldu, döydü-döyüldü və s.

İcbar fellər təsirli fel oduğu üçün onlara –ıl4 şəkilçisini artırmaqla yenidən məchul fel düzəltmək mümkündür: sildir-sildiril, asdır-asdırıl

II. Başqa nitq hissələrindən düzəlmiş fellərdən yalnız –la2 şəkilçisi ilə əmələ gələn fellər təsirli olduğundan məchul fellər də yalnız həmin şəkilçi ilə əmələ gəlmiş fellərdən düzəlir ki, bunlar da iki qismə ayrılır:

a) başqa nitq hissələrindən düzəlmiş fellərdən bir qismi saitlə bitdiyi üçün təkcə -n şəkilçisini artırmaqla məchul fel ola bilir. Məs.: bağlandı, yollandı, paylandı

b) bunların bir qismi də -n samitinin üzərinə -ıl4 şəkilçisinin əlavəsi ilə yaranır: yoxlanıldı, gözlənildi.

Qayıdış növ. Felin bu növü işi görənlə (subyektlə) üzərində iş icra olunan əşya­nın (obyektin) arasındakı münasibəti bildirir. Məchul feldə obyekt subyekti əvəz edir­sə, qayıdış feldə subyekt obyekti əvəz edir.

Qayıdış növ fellər xüsusi şəkilçilər vasitəsilə təsirli fellərdən əmələ gəlir və nə­ticədə təsirsiz fel olur. Bu növün şəkilçiləri aşağıdakılardır: -ın4, -n, -ıl4

Məsələn: Uşaqlar hovuzda yuyunurdular. Səriyyə darandı.

Əgər subyekt bilavasitə fellə münasibətdə olarsa, yəni üzərində iş icra olunan əşyanı da özü əvəz edib, subyektlə fel arasında heç bir əşyanın (obyektin) işlənməsinə ehtiyac olmazsa, fel qayıdış olur. Məsələn: hava açıldı, güllər açldı

Müasir Azərbaycan dilində bəzən geyindi, soyundu kimi fellər müstəsna olaraq, obyekt də tələb edir. Məsələn: Hafiz paltarını geyindi.

Qarşılıqlı növ. Bu növdə də subyektin felə qarşı münasibəti göstərilir, yəni burada da üzərində iş icra olunan əşya olmur. Felin mənasından müəyyən olur ki, onun icrasında yalnız bir subyekt iştirak etmir; iş iki subyekt tərəfindən qarşılıqlı surətdə icra olunur. Məsələn: yazışdım, görüşdüm

Qarşılıqlı növün şəkli əlaməti –ış4, -aş, -əş, -ş şəkilçilərdən ibarətdir. Bu şəkilçilər hər zaman bu mənanı ifadə etmir. Bu cəhətdən onları aşağıdakı qruplara ayırmaq olar:

a) müstəqil mənaya malik sadə fel köklərinə -ış4, -aş2, -ş şəkilçiləri əlavə olunmaqla qarşılıqlı növ fellər əmələ gəlir: deyiş, vuruş, döyüş

b) –la2 şəkilçili bəzi düzəltmə fellərə -ş şəkilçisi artırmaqla qarşılıqlı növdən olan fellər əmələ gəlir: sözlə-ş, daşla-ş

c) bəzi fellər şəkilcə qarşılıqlı fellərə oxşasalar da, onların məzmunlarınada heç bir qarşılıq mənası hiss olunmur: sovuş, sürüş, soruş, görüş

Müştərək növ. Bu növdə də işin icrasında bir subyekt deyil, bir neçə subyekt iştirak edir. Həmin iş də subyektlər tərəfindən eyni vaxtda, həm də birgə və paralel surətdə yerinə yetirilir. Müştərək növün şəkli əlaməti –ış4, -ş şəkilçisindən ibarətdir.

Bu növ fellər təsirsiz fellərdən əmələ gəlir, təsirsiz olaraq qalır: hürüş, ağlaş

İcbar növ. İcbar növü bildirən fellər təsirli fellərdən əmələ gəlir və təsirli olaraq qalır. Felin bu növündə işin icrası bilavasitə birinci subyektə aid olmur. İşi birinci subyektin ya xahişi, ya əmri, ya da tapşırığı ilə başqası icra edir.

2. Müəyyən bir iş, hərəkət və hadisə zamanla əlaqədar olur; yəni işin icra olunub olunmaması müəyyən zamanla bağlı olaraq göstərilir. Buna görə də felə məx­sus kateqoriyalardan biri xaman kateqoriyası hesab olunur. Bu kateqoriya iki işin icrası arasındakı zamanın müddətini müəyyən edir. Fellərin zaman kateqoriyası da keçmiş və gələcək zamanın indiki zamanla olan nisbətindən meydana çıxır. Bu nisbəti ifadə etmək üçün xüsusi şəkli əlamətlərdən istifadə olunur ki, bunlara zaman kateqo­ri­yası şəkilçiləri, yaxud felin zaman şəkilçiləri deyilir.

Keçmiş zaman işin keçmişdə icra olunmuş və ya olunmamış bir iş haqqında indi xəbər verilən vaxt arasındakı bir zamandır; yəni iki iş arasındakı zamandır. Bu işlərdən birisi əvvəlcə icra olunur və ya olunmur, digəri isə onun haqqında xəbər verir. Müəllim gəldi. Mən oxudum.

Azərbaycan dilində keçmiş zamanı iki cür ifadə etmək olar: şühudi və nəqli

Şühudi keçmiş zaman keçmişdə icra olunmuş bir iş barədə indi onun haqqında şahidlik yolu ilə xəbər verilən zaman arasındakı vaxta deyilir. Bu zamanın şəkli əlaməti –dı4 şəkilçisidir: gəldi, oxudu

Nəqli keçmiş zaman keçmişdə icra olunmuş bir iş haqqında indi şahidlik vermədən işin icrasında bilavasitə müşahidəçi olmadan, yalnız işin icrasının nəticəsini bildirən zaman arasındakı vaxtdır. Bu zamanın şəkli əlaməti –mış4 şəkilçisidir.

İndiki zaman icra olunan və ya olunmayan işlə onun haqqında xəbər verilən işin eyni zamanda baş verdiyini bidirir; yəni əvvəlcə bir işin icrasına başlanır və bu icra bitməmiş onun haqqında xəbər verilir. Nəticədə hər iki hərəkət eyni zamanda icra olunur. Bu zamanın şəkli əlaməti –ır4 şəkilçisidir.

Gələcək zaman işin, hərəkətin gələcəkdə icra olunduğu haqda xəbər verir, iki cür olur.

Qəti gələcək zaman işin gələcəkdə icra olunub-olunmayacağını indi qətiyyətlə xəbər vermək deməkdir. Bunun şəkli əlaməti –acaq, - əcək şəkilçisidir.

Qeyri-qəti gələcək bir işin gələcəkdə icrasını indi qeyri-qəti bir şəkildə xəbər vermək deməkdir. Bunun şəkli əlaməti –ar, -ər şəkilçisidir.

MÖVZU 10. FELİN ŞƏXS VƏ ŞƏKİL KATEQORİYALARI

PLAN


  1. Felin şəxs kateqoriyası

  2. Felin şəkilləri:

1. Felə məxsus kateqoriyalardan biri də şəxs kateqoriyasıdır. Fellərin forma­laş­ma­sında, müstəqil nitq hissəsi şəklinə düşməsində əvəzliklərin nə qədər böyük rol oyna­dığı əvəzlik bəhsində qeyd edilmişdir. Həmin qeyri-müstəqil əvəzliklər şəxs şə­kilçisi şəklində, yəni şəxs əlaməti halında fellərin şəxs kateqoriyasını ifadə edir. Hər bir iş və hərəkət müəyyən zaman daxilində icra olunduğu kimi, müəyyən şəxs tərəfindən də icra olunmalıdır. İş və hərəkətin şəxsə olan münasibəti müəyyən şəkli əlamətlərlə tə­zahür etdirilir ki, bu şəkli əlamətlər də ayrı-ayrı şəxsi göstərən şəxs kateqoriyası şəkilçilərindən ibarətdir.

Fellərdə şəxs kateqoriyası bütövlükdə yalnız birinci və ikinci şəxslərə görə formalaşmışdır; əmr şəklini istisna etməklə üçüncü şəxsi bildirmək üçün heç bir şəkli əlamət yoxdur. İşin icrası birinci və ikinci şəxsə aid olduqda xüsusi şəkilçilərdən isti­fadə olunur və bunların vasitəsilə felin subyekti müəyyənləşdirilir.

İşin icrası üçüncü şəxsə aid olduqda isə heç bir şəkli əlamətdən istifadə edilmir. İsimlərdə olduğu kimi, fellərdə də üçüncü şəxs yalnız təsəvvür edilir. Beləliklə, bütün şəxs kateqoriyası şəkilçiləri aşağıdakılardan ibarətdir:

Birinci şəxsin təki: -m; -am (-əm); -ım (-im, -um, -üm)

Birinci şəxsin cəmi: -q, -k, -aq (-ək); -ıq (-ik, -uq, -ük)

İkinci şəxsin təki: -n; -san (-sən)

İkinci şəxsin cəmi: -nız (-niz, -nuz, -nüz); -ın4; -sınız4

Üçüncü şəxsin təki və cəmi: -sın4 (əmr şəklində), -dır4 felin nəqli keçmiş, qəti gələcək zamanlarında, vacib, lazım şəkillərində.

2. Zamana, xüsusən, səklə və kəmiyyətə görə dəyisib - dəyisməməsini nəzərə alıb bütün fel formalarını iki böyük qrupa ayırırlar: 1. Felin təsriflənən formaları; 2. Felin təsriflənməyən formaları.

Felin təsriflənən formalarına elə fellər daxildir ki, onlar bütün hallarda zaman şəkilçiləri qəbul edə bilməsələr də, mütləq şəxsə və kəmiyyətə görə dəyişmiş olsunlar. Beləliklə, subyektin müəyyən əlamətləri öz əksini feldə tapa bilir və bu cür təsriflə­nən, yəni ən azı səxsə və kəmiyyətə görə dəyisə bilən formaları dilçilik ədəbiyyatında Verbum finitum adlandırırlar.

Fellərdə zaman və şəxs şəkilçilərinin iştirakı ilə əlaqədar olaraq, onların xüsusi şəkillərini əmələ gətirən şəkilçilərin də nə zaman və nə münasibətlə işləndiyini nəzərə alsaq, şəkil, zaman və şəxs şəkilçilərinə görə təsriflənən felləri üç qurupa bölmək olar:

1. Zaman və xüsusi şəkil əlaməti olmayan, yalnız şəxs şəkilçiləri qəbul edən fellər.

2. Zaman və şəxs şəkilçiləri qəbul edib, xüsusi şəkil əlaməti olmayan fellər.

3. Xüsusi şəkil əlaməti olan və şəxs şəkilçisi qəbul edib, zaman şəkilçisi qəbul etməyən fellər.

Birinci qrupa felin əmr şəkli, ikinçi qrupa felin xəbər şəkli, üçüncü qrupa felin lazım, arzu, vacib, şərt və davam şəkilləri daxildir.

Əmr şəkli. Zaman şəkilçisi və xüsusi şəkli əlaməti olmayan, yalnız şəxs şəkilçisi qəbul edən fellər əmr şəklinə daxildir. Felin əmr şəklini ifadə etmək üçün heç bir xüsusi şəkli əlamətdən istifadə olunmur. Felin bu şəklində hərəkətin icrası müəy­yən əmr, buyruq, öyüd, nəsihət əsasında olur. Əmr şəklinin zamanı yalnız mənaca təsəvvür edilir. Əmr ifadə edən hər hansı bir fel mənaca nisbətən gələcək zamanı bildirir. Əmr şəklinin bütün şəxslər üzrə şəkilçiləri aşağıdakılardır:

Birinci şəxsin təkində: -ım4; cəmində: -aq (-ək)

İkinci şəxsin təki üçün heç bir şəxs şəkliçisi yoxdur; cəmində isə -ın4

Üçüncü şəxsin təkində -sın4; cəmində -sınlar

Xəbər şəkli. Şəxs və zaman şəkilçilərinin iştirakına görə xəbər şəkli fellərin ikinci qrupuna daxil olur, yəni felin bu şəklində heç bir xüsusi şəkil əlaməti iştirak etmir. Burada zaman və şəxs şəkilçiləri əsas rol oynayır.

Xəbər şəkli bir işin müəyyən zaman daxilində müəyyən şəxs tərəfindən icrasını xəbər verməyə xidmət etdiyi üçün heç bir xüsusi şəkil əlamətinə malik deyildir. Zaman şəkilçiləri, bir qayda olaraq, fel köklərindən sonra, şəxs şəkilçilərindən əvvəl artırılır.

Beləliklə, xəbər şəklində iştirak edən bütün şəxs şəkilçiləri zamanlara görə aşağıdakılardır: Şühudi keçmişdə:

Birinci şəxsin təki –m; cəmi (-k), ikinci şəxsin təki: -n; cəmi: -nız4

Üçüncü şəxsin təki və cəmində şəxs şəkilçiləri yoxdur.

Nəqli keçmiş və indiki zamanda:

Birinci şəxsin təki –am (-əm), cəmi –ıq4; ikinci şəxsin təki –san2, cəmi –sınız4

Üçüncü şəxsin təki (yalnız nəqli keçmişdə) –dır4

Qəti və qeyri-qəti gələcək zamanlarda:

Birinci şəxsin təki –am2, -ıq (-ik); ikinci şəxsin təki –san2, cəmi –sınız (-siniz)

Üçüncü şəxsin təki (yalnız qəti gələcək zamanda) –dır (-dir)

Sadə xəbər şəkli felin zaman şəkilçisi + şəxs şəkilçisi modelində qurulur. Deməli, felə zaman şəkilçisi, onun da üzərinə şəxs şəkilçisi əlavə etdikdə sadə xəbər şəkli əmələ gəlir. Sadə xəbər şəkli iş və hərəkətin müəyyən zaman içərisndə müəyyən şəxs tərəfindən icrasını sadəcə olaraq başqasına xəbər verməyə xidmət edir.

Mürəkkəb xəbər şəkli idi, imiş, isə ədatları vasitəsilə meydana gəlir, yəni felə artırılan zaman şəkilçilərindən sonra, şəxs şəkilçisindən əvvəl idi, imiş, isə ədatların­dan biri əlavə olunmaqla xəbər şəklinin mürəkkəbi əmələ gəlir.

İdi, imiş, isə ədatları imək felindən əmələ gəlmişdir, imək feli vaxtilə müstəqil fel olub, müəyyən mənaya malik olmuşsa da, indi artıq müstəqil işlənmir.

İdi, imiş ədatları şühudi keçmiş zaman şəkilçilərindən sonra işlənmir.

İdi ədatı keçmiş zamandan sonra işləndikdə, bir tərəfdən şahidlik məzmunu, digər tərəfdən, işin icrasının keçmişdə icra olunub bitdiyini və sonradan həmin iş haqqında danışıldığını bildirir. Məs. gəlmişdi, yaxud gəlmiş idi

Zaman şəkilçiləri ilə şəxs şəkilçiləri arasında imiş ədatı, yaxud onun ixtisar şəkli olan –mış4 şəkilçisi iştirak edən felləri şəkilcə xəbər şəklinin mürəkkəbi, məzmunca rəvayəti adlandırmaq doğrudur: gör+əcək+miş+siniz

MÖVZU: 12 KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ: QOŞMA VƏ BAĞLAYICI

PLAN


  1. Qoşma haqqında məlumat

  2. Qoşmanın məna növləri

  3. Bağlahyıcı, quruluşu və məna növləri

Qoşmalar söz köklərindən əmələ gəlib, şəkilçiləşməyə doğru inkişaf edən tamamilə fərqlənən bir nitq hissəsidir. Bu cəhətdən qoşmaların aşağıdakı xüsusiyyətləri vardır:

1. Qoşmaların təklikdə müstəqil mənası yoxdur. 2. Heç bir suala cavab vermir. 3. Müstəqil cümlə üzvü ola bilmir. Yalnız qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. 4. Müəyyən bir sözə qoşularaq həmin sözlə fel arasında sintaktik əlaqə yaradır. 5. Cümlədə, əsasən, yerini dəyişə bilmir. Ancaq qoşulduğu sözlə birlikdə yerini dəyişə bilir. 6. İsmin yiyəlik, yönlük və çıxışlıq hallarına qoşulur.

Qoşmaları müasir vəziyyətinə görə 4 qismə ayırmaq olar:

1) Həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənənlər: bura bəri, qədər, tərəf, başqa, özgə, ayrı, əlavə, qeyri, qarşı və s. sözlər daxildir.

2) Həm qoşma, həm də bağlayıcı kimi işlənənlər: bura ilə sözü daxildir.

3) yalnız qoşma kimi işlənənlər: üçün, ötrü, görə, aid və s.

4) həm qoşma, həm də şəkilçi kimi işlənənlər: -can, -(cən), -dək, ilə (-la, -lə)

Qoşmalar ismin müxtəlif hallarında işlənən sözlərə qoşulduqdan sonra müxtə­lif mənalar kəsb edir. Bu cəhətdən qoşmaları aşağıdakı qruplara ayırmaq olar:

1. İsmin qeyri-müəyyən və müəyyən yiyəlik, eləcə də yönlük halında işlənən sözlərə qoşulanlar: kimi (tək), qədər, -can, -cən

Bu qoşmalar müxtəlif mənalar ifadə edir: a) kimi və tək qoşmaları qeyri-müəy­yən yiyəlik halda işlənən isim, sifət, məsdər, feli sifət və əvəzliyə qoşulduqda təşbih vasitəsi kimi müqayisə və bənzətmə mənasını ifadə edir: Onun gözləri ulduz tək parladı.

b) kimi, -dək, -can, -cən qoaşmaları qeyri -müəyyən yiyəlik halda işlənən feli sifətə, yönlük halda işlənən zaman zərflərinə qoşulduqda zaman mənası ifadə edir: icranın, hadisənin ya dəqiq zamanını, ya da zaman məsafəsi ilə birlikdə son nöqtəsini bildirir: Fərid səhərə kimi çalışdı.

c) kimi, -dək, -can, -cən qosmalari yönlük halında işlənən yer mənalı isimlərə qoşulduqda məkan miqyası bildirir: Qonaqları vağzalacan yola saldıq.

ç) qədər qoşması ismin qeyri-müəyyən və müəyyən yiyəlik halında işlənən sözlərə qoşulduqda kəmiyyətcə ölçü miqyası məzmununu, ismin yönlük halında işlənən sözlərə qoşulduqda isə zaman və məkana görə ölçü miqyasını bildirir: Onu mənim qədər tanıya bilməzsiniz.

II. İsmin qeyri-müəyyən və müəyyən yiyəlik halında işlənən sözlərə qoşulan üçün qoşması. Bu qoşma səbəb, aidlik, tamamlamaq və məqsəd məzmunları ifadə edir: Bu Şeyda üçün gözlənilməz oldu. Bu kitab kim

Qoşma kimi işlədilən haqqında, barəsində, haqda, barədə sözləri bu hallara qoşularaq aidlik mənası ifadə edir: Bu məsələ barədə çox söhbət etmişik.

Üstə, üstündə sözləri də qoşma kimi işlənir və səbəb məzmunu ifadə edir: Sənin üstündə bizə töhmət verdilər.

İsmin qeyri-müəyyən və müəyyən yiyəlik halında işlənən sözlərə qoşulan ilə, -la (-lə) qoması birgəlik, zaman, məkan, tərz, vasitə və iştirak obyekti məzmunu bildi­rir: Onlar telefonla əlaqə saxladılar. Məryəm dəniz kənarı ilə evə qayıdırdı.

İçrə, üzrə qoşmaları ismin qeyri-müəyyən və müəyyən yiyəlik halında işlənən sözlərə qoşularaq isnad və mənbə bildirir.

III. İsmin yönlük halında işlənən sözlərə qoşulan qoşmalar: görə, nisbətən, qarşı, doğru, sarı, tərəf, məxsus, dair, aid, əsasən, -dək, -can, -cən və s. Görə qoşması səbəb, uyğunluq-müvafiqlik, isnad, nisbət məzmununu ifadə edir: Kamrana görə Cavid cavan görünür. O, işləri indiki zamana görə nizamladı.

Nisbətən qoşması yalnız nisbi müqayisə bildirir və görə qoşmasının sinonimi olur: Bu il keçən ilə nisbətən havalar soyuq keçir.

Qarşı qoşması istiqamət, yönəltmə, tam ziddiyyət, müqabillik məzmunu ifadə edir: Yaxşılığa qarşı pislik etmək insanlığa yaramaz.

Tərəf, sarı, doğru qoşmaları istiqamət məzmunu ifadə edir: Tahir ona doğru ge­dib təşəkkür elədi.

Məxsus, aid, dair qoşmaları aidlik məzmunu ifadə edir: O, dostunun tətilə dair məsləhətlərini dinləyirdi.

Dək qoşması iş və hərəkətin son nöqtəsini bildirir: Müəllim onu axıradək dinlədi.

IV. İsmin çıxışlıq halında işlənən sözlərə qoşulan qoşmalar: bəri, ötrü, başqa, savayı, əlavə, özgə, qeyri. Məsələn: işdən ötrü, mayadan başqa, ondan savarı, ondan əlavə, səndən özgə, badi-səbadan qeyri.

a) bəri qoşması. Bu qoşmanın qoşulduğu söz iş hərəkətin, hadisənin baslandiği vaxtı, qoşma isə həmin vaxtın başlanmasından sonrakı məsafəni bildirir.


NİDA. YAMSILMA

PLAN


  1. Nida. Nidaların mənaca növləri

  2. Yamsılama

1. Cümlədə qrammatik vəzifə daşımayan nitq hissələrindən biri də nidalardır.

Anlaşma, bir-birini başa düşmə həm əqli yolla – müstəqil sözlərlə, həm də hiss­lərlə - nida sözləri ilə mümkün olur. Biz “başım ağrıyır” cümləsində ifadə etdiyimiz fikri əlimizi alnımıza qoyaraq “uf!” deməklə də ifadə edə bilərik. Nidalar məfhum bildirmir, başlıca olaraq, subyektin daxili aləmi ilə bağlı olur və müxtəlif hisslər – duyğular ifadə edir. Şifahi nitqdə nidaların mənası situasiya və intonasiya ilə, yazılı nitqdə mətn, kontekst vasitəsilə müəyyən edilir. Hərəkət, mimika və jestlər bu mənaların çatdırılmasında yardımçı rol oynayır. İnsanın hiss-həyəcanını, duyğularını, istək və arzularını, hiddət və nifrətini, coşqunluğunu, nəşə və kədərini bilavasitə ad­landırmadan təzahür etdirən sözlər – nidalar, həmin xüsusi səciyyəli sözlərin birləş­di­yi söz kateqoriyası isə nida adlanır.

Məna bildirməsinə görə nidalar müstəqil sözlərə bənzəyir. Bu cəhətinə görə ni­daları əsas nitq hissələrinə daxil edənlər də vardır. Lakin nidaların mənası spesifikdir – hisslərlə bağlıdır. Onlar adlandırma xüsusiyyətinə malik deyil, özünəməxsus morfo­loji əlamətləri yoxdur, söz yaradıcılığında iştirak etmir. Nə nidalardan şəkilçilər vasi­təsilə yeni söz yaranır, nə də başqa sözlərdən şəkilçilərlə nida yaranır. Nidalar cümlə­də qrammatik vəzifə daşımayan nitq hissəsidir, suala cavab vermir, cümlədə müəyyən üzv yerində işlənmirlər.

Müasir Azərbaycan dilindəki nidaları indiki vəziyyətinə görə iki qismə ayırmaq olar:

1. Müstəqil mənaya malik söz kökü kimi işlənə bilməyən, elə yaranışından hiss və duyğuların ifadəsinə xidmət edən nidalar: A! Ə! Oy! Oho! Ura! Tfu! Vah! Ehey!

2. Müstəqil mənaya malik söz kimi, həm də nida kimi işlənənlər: Vay! Aman! Haray! Can! Ah! Ay şabaş! və s. Məsələn: Bir qərib könül var, səni haraylar. Vurğu­nun ahları yüksəlir göyə (müstəqil söz kimi).

Azərbaycan dilində nidaları leksik cəhətdən iki qrupa bölmək olar: 1. Emosio­nal nidalar. Bu qrupa sırf hissi nidalar və bir sıra əqli-intellektual nidalar daxil olur. Emosional nidaların bir qismi müsbət: Ura! (sevinc, alqış), bir qismi yalnız mənfi hisslər: Tfu! (nifrət), Tü! Fu! Fuş! (iyrənmə, narazılıq), Vaveyla! (qorxu, narahatlıq), bir qismi isə həm mənfi, həm də müsbət hisslər ifadə edir: O! (sevinc, qorxu, təəccüb, şadlıq), Oho! (sevinc, kinayə, heyrət), Of! (ağrı, sevinc, təəssüf).


  1. Əmr və müraciət bildirən nidalar: A! Ə! İlahi! Haydı! Ey! Hey! Şşş! Marş!

Nidaların mənaları özlüyündə çox müxtəlif və rəngarəngdir. Onların bir qismi xitablardan əvvəl gəlir, xitabla birgə işlənir, xitaba çağırış mənası artırır, ikisi birlikdə, çağırış – xitab bildirən nidalar hesab olunur. Məsələn: Ey dövlətimin zavalı oğlum! Ey başı ağır bəlalı oğlum! Ey məktəbü dərsin aşinası! Ey rişteyi- elm mübtəlası!

Xitabsız işlənən nidalar cümləyə hiss-həyəcan, qorxu, kədər, ağrı, təlaş, təəc­cüb, təəssüf və s. mənalar artırır. Məsələn:

1. Vay, vay-vay, ey vay nidaları cümlədə qorxu, vahimə, təlaş, nifrət, qüssə mənaları verir. Məsələn: Vay-vay! Nə yaman müşkülə düşdü işim, Allah!

2. Ah, ax, vah, eh vah nidaları cümləyə iztirab, ağrı, nifrət, qəzəb, şadlıq, arzu, həsrət mənaları verməyə xidmət edir. Məsələn: Ah, nələr duyuram onun səsində; Bu ellər qızının xoş nəfəsində.

3. Oho, paho, pəh-pəh-pəh, pah-pah, oxqay, can, ay can-ay can, bəh-bəh-bəh nidaları sevinc, şadlıq, istehza, zövq, nəşə mənaları bildirir. Məsələn: Paho! Xudaya, bu arvad niyə gəlib yatmır.

4. Haray, ay haray, aman, ay aman nidaları imdad, nifrət, qəzəb, çağırış, yalva­rış kimi mənalar ifadə edir. Məsələn: Aman, ay Molla dayı, bir kitab açdır, fala bax.

5. Bay! Bıy! (Boy! Buy!) nidası təəccüb, sevinc, heyrət, mənaları bildirir. Mə­sələn: Boy! Sən burda nə gəzirsən?

6. Eh, əh nidası etiraz, təsəlli, kədər, təəssüf və s. mənalar bildirir. Məsələn: Eh... Dünya vəfasız, zəmanə amansız oldu.

Quruluşuna görə nidalar sadə və mürəkkəb olur. Birhecalı nidaların (a, ə, ax, oy, ox, of, bay, boy, tfu və s.) hamısı sadə nidalardır. Mürəkkəb nidalar eyni nidaların təkrarı və ya müxtəlif nidaların birləşməsi yolu ilə əmələ gəlir, bitişik, ayrı və defislə yazıla bilir. Daha yüksək tonla, intonasiya ilə tələffüz olunduqda cümlədən nida işarəsi, qismən alçaq tonla tələffüz edildikdə isə vergüllə ayrılırlar. Onlar cümlənin əvvəlində, ortasında və sonunda işlənir.

2. Dilimizdə bir sıra sözlər vardır ki, onlar təbiət və cəmiyyət hadisələrinin təsiri ilə insanda olan eşitmə və görmə təsəvvürlərini ifadə edir. Bu sözlər insanların, hey­vanların çıxardığı təbii səsləri və habelə təbiət hadisələri ilə əlaqədar eşidilən səsləri təqlid etmək, yamsılamaq yolu ilə yaranmışdır. Belə sözlərə yamsılamalar deyilir. Bu sözlər müxtəlif dilçilik ədəbiyyatında başqa terminlərlə - “mimemlər”, “mimeoqrafik sözlər”, “təqlidi sözlər”, “obrazlı sözlər” adı altında verilir.

Semantik müxtəlifliyinə görə yamsılamalar iki qrupda birləşir:


  1. Səs yamsılamaları: vız, tıq, çaq, şırr, pırr, tıq-tıq

  2. Görünüş yamsılamaları: bıldır-bıldır, gildir-gildir, par-par, işım-işım və s.

Səs yamsılamaları təbiət səslərini, eləcə də insanların qeyri-iradi olaraq çıxar­dıqları səslərin təqlid edilməsidir. Məsələn: ağacın sınmasından alınan səsi bildirmək üçün şarak-şarak-şarrak sözü yaranmış olur.

Görünüş yamsılamaları görmə təsəvvürü ilə bağlı olub, zahiri görünüşün, işıq hadisələrinin (parıltı) yaratdığı təəssüratı ifadə edir. Məsələn: bıldır-bıldır gözdən axan yaşın əlamətini bildirir.

Səs yamsılamaları ilə görünüş yamsılamaları arasında bir sıra fərqli və ümumi cəhətlər vardır. Fərqli xüsusiyyətlər bunlardır:

1. Səs yamsılamaları eşitmə, görünüş yamsılamaları isə görmə duyğuları ilə bağlıdır.

2. Səs yamsılamaları ilə təbiət hadisələri arasında müstəqim, bilavasitə əlaqə özünü göstərdiyi halda, görünüş yamsılamaları görmə duyğuları və onların fərdi qavranılması ilə bağlı olduğu üçün belə yamsılamalarla təbiət hadisələri arasında bila­vasitə deyil, dolayı əlaqə olur.

Səs yamsılamaları ilə görünüş yamsılamaları arasında oxşar cəhətlər aşağıdakı­lardır:



  1. Hər ikisində, adətən, samitlərin yanaşı işlənməsi: part, şart, gurp, nıqq

  2. Təkrar formada işlənmələri: gup-gup, mırt-mırt, puçur-puçur

  3. Qrammatik əlaqə və sintaktik funksiyaca oxşarlığı və daha çox tərzi-hərəkət

zərfliyi kimi işlənmələri: vaq-vaq vaqqıldamaq, işım-işım işıldamaq

Bəzi yamsılamalar heç bir fonetik varianta düşmədən müxtəlif təbiət səslərini ifadə edir. Məsələn: Çıq-çıq, çıq-çıq çıqqıldayır saat. Ancaq divardakı saat tıq-tıq vu­rurdu.

Quruluş etibarilə yamsılamalar iki yerə bölünür: sadə və mürəkkəb yamsılama­lar

Sadə yamsılamalar birhecalı olub, adətən, iki (qa, qu, du, dü) və üç (vız, tap, cız, qıj) səsdən ibarət olur.



Mürəkkəb yamsılamalar başlıca olaraq iki sadə təqlidi sözün təkrarından yaranır: çak-çak, tak-tak, pırıl-pırıl




Yüklə 260,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin