Bildirişlər
1. Ailə məsələləri haqqında söhbət zamanı sözün iffətini qoruyun.
2. Mehriyyənin tə’yini və ödənməsi kişiyə vacibdir.
3. Bağışlama və güzəşt həm qadın, həm də kişi tərəfindən bəyənilmişdir. Ya qadın mehriyyənin yarısını bağışlasın, ya da kişi bütün mehriyyəni.
4. Qadının izdivac icazəsi onun böyüklərinin ixtiyarındadır.
5. Bağışlayanlar təqvaya daha yaxındırlar.
6. Talaq əfv və fəzlsiz olmamalıdır.
7. Talaqda əxlaqi məsələlər və insani kəramətlər unudulmamalıdır.
238. ﴿حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى وَقُومُواْ لِلّهِ قَانِتِينَ﴾
“Bütün namazların, xüsusi ilə orta namazın yerinə yetirilməsinə diqqətli olun və Allah üçün müt’i halda ayağa qalxın.”
◘“Orta namaz” ifadəsi bir neçə cür izah olunmuşdur. Amma ayənin nazil olma şə’ninə diqqət yetirsək görərik ki, bir dəstə müsəlman günortalar hava çox isti olduğundan namazda iştirak etmirdilər. Rəvayət və təfsirlərə əsasən bu ifadə günorta namazını bildirir.
◘Ailə məsələləri ilə bağlı ayələrin arasında namaz məsələsinə diqqət bir işarədir ki, nəfsani istəklər, zövcənin iqtisadi və hüquqi məsələləri insanı namaza diqqətsiz etməsin.
◘Hər bir şeyin qorunması onun özünə münasib olmalıdır. Mal oğrudan, bədən mikrobdan, ruh hərislik, həsəd, təkəbbür kimi əxlaqi bəlalardan, övlad pis dostdan qorunmalıdır. Bəs namaz necə qorunur? Namazı hifz etmək üçün onun sirləri ilə tanışlıq, onu vaxtında və düzgün yerinə yetirmək, namazın hökm və qaydalarını öyrənmək, ibadət mərkəzlərini qorumaq və diqqətli olmaq lazımdır.
Hədisdə oxuyuruq: Namaz bə’zilərinə deyər: “Məni zay etdin, Allah səni zay etsin.” Digər bir qrupa deyər: “Məni hifz etdin, Allah səni hifz etsin.”1
Bildirişlər
1. Namaz davamlı şəkildə qılınmalıdır.
2. Namazın hifzinə bütün xalq məs’uldur.
3. Namazı camaatla qılın.
4. Harada səhlənkarlıq və qəflət daha çox hiss olunursa, orada daha çox diqqətli olmalıyıq.
5. Namaz çox diqqətlə, sevinclə, mə’rifətlə və ixlasla qılınmalıdır.
6. İnsan varlıq nizamı ilə həmahəng olmalıdır. Qur’an varlıq haqqında buyurur: “Göylərdə və yerdə olanlar bütünlüklə Onundur. Hamı Ona boyun əyir.”2 Əgər insan boyun əyməzsə, varlıq aləmində başqa rəngdə görünər.
7. Namazın dəyəri ondakı xüzu ilə ölçülür.
239. ﴿فَإنْ خِفْتُمْ فَرِجَالاً أَوْ رُكْبَانًا فَإِذَا أَمِنتُمْ فَاذْكُرُواْ اللّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ﴾
“Əgər (düşməndən və ya başqa bir xətərdən) qorxsanız, piyada və ya süvari halda (mümkün şəkildə namaz qılın). Əmin-amanlığa çıxdıqda Allahı yad edin. Necə ki, bilmədiyinizi sizə öyrətdi.”
Nöqtələr
◘Qur’anda bə’zən “səlat” yerinə “zikr” sözü işlədilmişdir. Məsələn, cümə namazı haqqında buyurulur: “Allahın zikrinə tələsin.” Başqa bir yerdə Allah-təala Musaya buyurur: “Namaz qıl ki, məni zikr edəsən.” Bu ayədə də məqsəd namazdır.
Bəli, namazın fəlsəfəsi və ruhu Allahın xatırlanmasıdır.
◘Bu ayədə döyüş şəraitində və fiqhdə adı çəkilən başqa şəraitlərdə qılınan qorxu namazına işarə olunmuşdur.
Hədislərdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) Əhzab döyüşündə işarə ilə namaz qıldı. Həzrət Əli (ə) bə’zi savaşlarda işarə ilə namaz qılınması göstərişi vermişdi. Bir şəxs imam Kazimdən (ə) soruşdu: “Əgər yırtıcı bir heyvan bizə hücum etsə və namazın vaxtı dar olsa nə edək?” Həzrət buyurdu: “Hansı vəziyyətdəsinizsə, həmin vəziyyətdə də namaz qılın.” Hətta arxanız qibləyə olsa da!”1
Bildirişlər
1. Namaz heç bir halda insanın boynundan götürülmür.
2. İslamda çətinlik və sıxıntı yoxdur. Bədəni aram saxlamağa, üzü qibləyə dayanmağa şərait olmadıqda və digər şərtlər ödənmədikdə, qayda əsasında namaz qılmaq vacib olmur.
3. Namaz ne’mətlərə şükürdür.
4. İnsan bir çox bilmədiyi məsələləri təcrübədə əldə edə bilər. Bə’zi mə’lumatlar isə yalnız və yalnız vəhy yolu ilə əldə oluna bilər.
240. ﴿وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِّأَزْوَاجِهِم مَّتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ فَإِنْ خَرَجْنَ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِيَ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ﴾
“Sizlərdən ölüm astanasında olan və özündən sonra evdə arvadı qalan kəslər (dolanışıq xərcini ödəməklə) onların bir il müddətində bəhrələnib evdən çıxarılmamasını tapşırsınlar. Amma onlar özü çıxıb, özləri haqqında layiqli bir qərara gəlsələr, sizin üçün günah yoxdur. Allah əziz və həkimdir.”
Nöqtələr
◘Bə’zi təfsirçilərin fikrincə, bu ayə iddə və irs ayələrindən qabaq nazil olmuşdur. Sonrakı ayələr nazil olduqdan sonra bu ayə nəsx edilmişdir. Başqa sözlə, onlara əməl tarixi başa çatmışdır. Bə’ziləri isə belə düşünürlər ki, iddə və irs ayələri zəruri və vacib ölçüləri bəyan etmişdir. Yə’ni qadın filan miqdar irs haqqına malikdir və filan müddət iddə saxlamalıdır.
Amma bu ayəni vacib vəzifələrin kənarında bir müstəhəb əməl şəklində də göstərmək olar. Yə’ni iddə müddətindən sonra qadın ərinə hörmət olaraq bir il müddətində onun evində qalmaq istəsə, ər də onun irsdən payına əlavə olaraq öz üçdə bir vəsiyyət payından bir illik xərcini ödəyə bilər. Başqa sözlə, kişinin öz irsinin üçdə birindən qadını üçün pay ayırmaq haqqı var.1
Bildirişlər
1. Kişilər öz mallarından bir hissəsini arvadlarına vəsiyyət etsinlər.
2. Vəsiyyətdə dul qalmış arvad başqalarından öndə gəlir.
3. Dul qadının gələcəyi tə’min olunmalıdır.
4. Qadın yeni ər seçimində ağıllı, şər’i və məsləhətli qərar çıxarmalıdır.
5. Bütün ilahi hökmlər hikmətə əsaslanır.
241. ﴿وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ﴾
“Təqvalı kişilər üçün boşanmış qadınlarını bəhrəyə çatdırmaq yaxşıdır.”
242. ﴿كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ﴾
“Allah Öz ayələrini sizin üçün belə aşkar edir. Bəlkə düşünəsiniz.”
Dostları ilə paylaş: |