◘«Böyük xəbər» dedikdə Məkkənin fəthi və ya müşriklərin Bədr döyüşündə məğlubiyyəti nəzərdə tutula bilər.2
Bildirişlər
1. İnadkarlar üçün dəlil və ayənin necəliyinin fərqi yoxdur. Onlar hər şeyi rədd edirlər.
2. İnadkarlar və kafirlər eşitmək, düşünmək və araşdırmaq istəmir, həqiqət bəyan olunan kimi onu inkar edirlər.
3. Həm möminlərə haqq yolda olmaları ilə ümid verilməli, həm də kafirlər acı xəbərlərlə qarşılaşacaqları ilə hədələnməlidir.
4. İstehza kafirlərin daim istifadə etdiyi üsuldur.
5. İstehza üç mərhələdə süqut edir: Arxa çevirmə, təkzib və istehza. Hazırkı iki ayədə həmin üç mərhələyə işarə olunmuşdur.
6. ﴿أَلَمْ يَرَوْاْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاء عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ﴾
«Görmədilərmi ki, onlardan qabaq bir çox ümmətləri həlak etdik. Hansı ki, sizə vermədiyimiz yeri və gücü onlara vermişdik. Səmanı (yağış və bərəkəti) ardıcıl olaraq onlar üçün göndərdik və ayaqları altından çaylar axıtdıq. Sonra onları günahlarının cəzası olaraq həlak etdik və onlardan sonra digər bir nəsil gətirdik»
Nöqtələr
◘Tam şəkildə həlak olmuş ümmətə “qərn” deyilmişdir.1 Eyni bir zamanda yaşayan insanlara da “qərn” deyilir. Adətən, bir insan nəsli altmış-yüz il yaşadığından altmış, səksən və ya yüz il bir qərn adlandırılmışdır.2
◘“Midrar” dedikdə bol, ardıcıl, ehtiyac qədərində yağan yağış nəzərdə tutulur.3
Bildirişlər
1. Tarixdən ibrət almayan insanlar məzəmmət olunur.
2. İlkin İslam dövrünün kafirləri keçmiş ümmətlərin tarixindən xəbərdar idilər. Onlar həmin tarixdən ibrət götürə bilərdilər.
3. Nemətlərin əldən çıxması və günahkarların bədbəxtçiliyinə diqqət insanı qəflətdən oyadan amillərdəndir.
4. İslamdan qabaq da mədəniyyətlər olmuş, sonra məhv olub getmişdir.
5. Xalqın ibrət götürməsi üçün gerçək və nəsihətamiz əhvalatların nəqli Quranın tərbiyə üsullarındandır.
6. Allahın verdiyi imkanlardan sui-istifadə edənlərin cəzası məhv olmaqdır.
7. “Səmadan göndərdik” əvəzinə “səmanı göndərdik” təbiri ilahi lütfün nəhayətini bəyan edir.
8. Tarixdəki təbəddülat və hadisələrin amili xalqın əməlidir.
9. Xalqın öz günahına görə həlak olması ilahi qanunlardandır.
10. Allah axirət cəzasından əlavə, bu dünyada da cəza verir.
11. Salehlərin əlində imkan olsa, namazı bərpa edərlər.4 İmkan azğınların əlində olduqda isə fəsad və günah rəvac tapır.
12. Maddi imkanlar ilahi əzabın qarşısını ala bilmir.5
13. Maddi imkanlar xoşbəxtlik əlaməti deyildir.6
14. İki növ ölüm var: Əcəlin çatması ilə həyata keçən təbii ölüm; ilahi cəza və gözlənilməz hadisələrdən ortaya çıxan qeyri-təbii ölüm.
15. Günahkar güclülər elə düşünməsinlər ki, dünya həmişə əllərində olacaqdır. Allah onların yerinə başqalarını gətirər.
7. ﴿وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ﴾
“Əgər sənə kağız üzərində bir yazı göndərərdiksə, ona öz əlləri ilə toxunardılarsa, yenə də (daim bəhanə axtaran inadkar kafirlər) deyərdilər: “Bu, aşkar cadudan başqa bir şey deyildir.”
Nöqtələr
◘Müşriklərdən bir qrupu deyirdi: “Biz yalnız mələklər vasitəsi ilə kağız üzərində yazı nazil edilsə, ona iman gətirərik.” Amma onlar yalan deyirdilər və bəhanə axtarırdılar.
◘“Qirtas” üzərində yazı yazılan şeydir. Bu həm kağız, həm ağac, həm dəri, həm də daş ola bilər. Dövrümüzdə isə yalnız kağıza «qirtas» deyilir.
Bildirişlər
1. İnadkarlıq olan yerdə bütün dəlillər faydasızdır. İnadkarlar hətta toxunub hiss etdiklərini belə inkar edirlər.
2. Müşriklərin peyğəmbərlərə münasibətdə ən məşhur ittihamları onları cadugər adlandırmaları idi.
8. ﴿وَقَالُواْ لَوْلا أُنزِلَ عَلَيْهِ مَلَكٌ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِيَ الأمْرُ ثُمَّ لاَ يُنظَرُونَ﴾
“(Bəhanəçi kafirlər) dedilər: (Əgər Məhəmməd peyğəmbərdirsə,) nə üçün ona bir mələk nazil olmayıb (ki, dəvətində ona köməkçi olsun.) “Hansı ki, əgər mələk nazil edərdiksə (yenə inadkarlıq göstərərdilər) və işləri bitərdi, onlara heç bir möhlət də verilməzdi.”
Nöqtələr
◘Kafirlərin istəyi əsasında mələk nazil olsaydı, o ya peyğəmbər sifətində, ya da öz həqiqi simasında olmalı idi. Onun həqiqi simasını görməyə isə kimsədə taqət yoxdur.1
◘Şeytani təkəbbür ruhiyyəsi insanı özü kimi bir bəşərə ardıcıllıqdan çəkindirir. Gah deyir ki, nə üçün peyğəmbərlər bizim kimi xörək yeyir, bazarlarda gəzir, bizim kimi geyinirlər?2 Gah da bir-birlərinə deyirlər ki, əgər özünüz kimisinə itaət etsəniz ziyana düşmüşsünüz.3
Bildirişlər
1. Bəhanəçi kafirlər insanı risalət məqamına layiq bilmir, mələk istəyirdilər.
2. İlahi sünnə, qanuna əsasən, xalqın istəyi əsasında möcüzə göndərilsə və həmin möcüzəni xalq inkar etsə, hökmən həlak olmalıdırlar.4
( Peyğəmbərlərin dəvəti azadlıq, təvəkkül, seçim və möhlət prinsiplərinə əsaslanır. Mələyin elçi olaraq göndərilməsi, səmadan süfrə nazil edilməsi kimi istəklər möhləti başa çatdırır və həmin məqamda yeganə yol qəbul etmək olur. Əks-təqdirdə bədbəxtçilik qaçılmazdır.)
9. ﴿وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلاً وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ﴾
“Əgər (peyğəmbəri) mələk qərar verərdiksə, hökmən onu bir kişi surətində gətirərdik. (Yenə də deyərdilər ki, bu bizim özümüzdəndir və öz şübhələrini təkrarlayardılar.) Həmin işi onlar üçün şübhəli (seçimli) etdik, necə ki, onlar (öz iradları ilə ) işi başqaları üçün şübhəli etmişdilər.”
Dostları ilə paylaş: |