Nöqtələr
◘Ötən ayələrdə İsanın Allah hüzurundakı sözləri bəyan olundu: “Mən yalnız haqqı deyirəm”; “Əgər nahaq demişəmsə Sən bilirsən”; “Mənə əmr etdiyin tövhiddən başqa Allaha bir şey demədim”; “Nə qədər ki, vardım, xalqa nəzarət edirdim ki, azmasınlar.”
Ayədə Allah-təala buyurur: “İsanın bütün sözləri düzgündür. Bu gün elə bir gündür ki, doğruçuların düzgünlüyü səmərəyə çatır.”
Bildirişlər
1. Əgər möminlər sədaqətlərinə görə dünyada bəzi çətinliklərlə üzləşirlərsə, bu düzlük axirətdə onlar üçün faydalı olur.
2. Sədaqətli olduğunu iddia edənlər yox, yalnız həqiqətən sədaqətli olanlar nicat tapırlar.
3. Allahın razılığı kənarında behişt böyük qurtuluşdur.
4. Yalnız varlıq aləmi üzərində hakimiyyət və mütləq qüdrət sahibi ibadətə layiqdir. Başqaları peyğəmbər də olsalar ibadətə layiq deyillər.
“ƏNAM” SURƏSİ (6-cı surə, 165 ayə) Yeddi, səkkizinci cüzlər “Ənam” surəsinin siması
Yüz altmış beş ayədən ibarət olan bu surənin bütün ayələri birdəfəyə, Məkkədə və xüsusi bir təmtəraqla nazil olmuşdur. Cəbrail bu surəni yetmiş min mələyin müşayiəti ilə peyğəmbərə nazil etmişdir.
Bu surənin ayələrinin əsas çağırışı şirklə mübarizə və tövhidə dəvətdir. Ərəbistan yarımadasındakı müşriklər bəzi dördayaqlıları halal, bəzilərini isə haram saydıqlarından Quran bu sayaq xurafatlarla mübarizəyə qalxaraq surənin 136-cı ayəsindən sonunadək dördayaqlıların hökmlərini bəyan edir. Buna görə də surə “ənam”, yəni “dördayaqlılar” (davar) adlandırılmışdır.
Bu surənin fəziləti və onun tilavətinin faydaları haqqında rəvayətlər nəql olunmuşdur. O cümlədən, İmam Sadiq (ə) buyurur ki, hər kəs (iki salamla) dörd rəkət namaz qılsa və namazda bu surəni tilavət edib sonra dua oxusa, istəyi qəbuldur.1
بسم الله الرحمن الرحيم
Rəhman və Rəhim Allahın adı ilə
1. ﴿الْحَمْدُ لِلّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ثُمَّ الَّذِينَ كَفَرُواْ بِرَبِّهِم يَعْدِلُونَ﴾
“Sitayiş göyləri və yeri yaratmış, qaranlıqları və nuru qərar vermiş Allaha məxsusdur. Amma kafirlər (başqalarını) Allaha bərabər və tay tuturlar.”
Nöqtələr
◘Bütün Quranda “nur” sözü tək, “zülmət” sözü isə cəm formada işlədilmişdir. Həqiqətən də, haqq yol birdirsə, batil yol çoxdur. Bəli, nur vəhdət, zülmət isə pərakəndəlik nişanəsidir. “Ədl” sözündən olan “yədilunə” sözü tay, oxşar mənasını bildirir.
◘Surənin birinci ayəsi varlıq aləminin yaranışı, ikinci ayəsi insanın yaranışı, üçüncü ayəsi isə insanın əməl və rəftarına nəzarət haqqındadır.
◘Həzrət Əlinin (ə) buyruğuna əsasən, bu ayə azğın qrupun suallarına cavab verir. Bu qruplar aşağıdakılardır:
a) İlahi yaranış və varlıq aləminin xəlq olunmasını inkar edən materialistlər
b) Nur və zülməti iki qaynaq bilən ikiliyə pərəstiş edənlər; (Avesta Əhriməni zülmətlərin, Ahura Məzdanı nurun allahı bilir və onlar arasındakı ziddiyyətə inanır.2
v) Allaha şərik və oxşar qərar verən müşriklər.1
◘İmam Musa ibn Cəfər (ə) “Birəbbihim yədilunə” təbiri haqqında buyurmuşdur: “Yəni kafirlər zülmət və nuru, zülm və ədaləti eyni sayırlar.”2
Bildirişlər
1. Allah həm heçdən yaradır, həm də yaratdıqlarına yeni keyfiyyətlər verir. (İlk öncə “xələqə”, sonra “cəələ”.)
2. Allaha şərik qoşmaq bir növ Onun inkarı və küfürdür.
2. ﴿هُوَ الَّذِي خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَى أَجَلاً وَأَجَلٌ مُّسمًّى عِندَهُ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ﴾
“O sizi gildən yaratmış kəsdir. Bundan sonra bir əcəl (ki, dünyada yaşayışınız üçün) qərar verdi. Müəyyən əcəl (dünyada dəyişməzdir,) Ona məlumdur. Yoxsa şəkk-şübhə edirsiniz?”
Nöqtələr
◘Əvvəlki ayədə göylərin və yerin yaranışı, bu ayədə isə insanın xəlq olunması və bu dünyadakı məhdud həyatı haqqında danışılır.
◘Quranda “əcəlun musəmma” təbiri iyirmi bir dəfə işlədilmişdir. (Əcəlun musəmma”-müəyyən əcəl.)
◘Allah insan ömrü üçün iki dayanacaq müəyyənləşdirmişdir: Bu əcəllərdən biri qətidir. Çırağın yanacağı qurtardıqda söndüyü kimi, ömür də başa çatdıqda ölüm qətidir. Digər əcəl qeyri-qəti əcəldir. O insanın əməllərindən asılıdır. Məsələn, bəzən çırağın yanacağı olduğu halda küləyin təsirindən sönür.
◘Rəvayətlərdə sileyi-rəhmi (yaxınları yoxlamaq), sədəqə, zəkat, dua ömrü uzadan səbəblər kimi göstərilir. Əksinə, yaxınlarla əlaqəni kəsmək, zülm ömrü qısaldan amillərdir.3
◘İmam Baqir (ə) “əcəlun və əcəlun müsəmma” təbirləri haqqında buyurmuşdur: “Bu, iki əcəldir: «Bunlardan birincisi dəyişkən, digəri qətidir.”4
◘İbn Abbasın bildirdiyinə görə, Allah insan üçün iki əcəl müəyyənləşdirmişdir: Bunlardan biri doğulandan ölümədək, digəri ölümdən qiyamətədəkdir. İnsan öz əməlləri ilə bəzən birini əskildib o birini artırır. Nəticədə əcəl dəyişməzdir.”5
Bildirişlər
1. Ömrün uzunluğu və həyatın sonu əlimizdə deyil.
2 Yalnız Allah “müsəmma”, yəni qəti əcəldən xəbərdardır.
3. Əgər həm yaranış, həm də işin sonu Allahın əlindədirsə, nə üçün yaranış və məada şəkk edək?!
3. ﴿وَهُوَ اللّهُ فِي السَّمَاوَاتِ وَفِي الأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ﴾
“Göylərdə və yerdə olan Allah Odur. Sizin gizlində və aşkarda olanınızı bilir, əldə etdiklərinizdən xəbərdardır.”
Nöqtələr
◘Azğın çoxallahlılıq əqidəsinin cavabında (yağış Allahı, döyüş Allahı, sülh Allahı, yer Allahı) ayə buyurur: “Hər şeyin və hər yerin Allahı birdir.”
◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “O Öz elmi, qüdrəti, hakimiyyəti ilə bütün məxluqları əhatə edir.”1
Bildirişlər
1. Bütün varlıq aləmi Allahın hakimiyyəti dairəsidir.
2. Allah hakim olduğu kimi də agahdır.
3. İnsanın aşkar və gizlini Allah üçün eynidir.
4. Allahın əhatəli elminə iman həm iş, həm də pis işdən çəkinmək üçün stimuldur.
5. Allah insanın gələcək işlərindən agahdır.
4. ﴿وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلاَّ كَانُواْ عَنْهَا مُعْرِضِينَ﴾
“Allahın nişanələrindən onlar üçün elə bir nişanə gəlmədi ki, (təsdiq və iman əvəzinə) ondan üz döndərməsinlər.”
5. ﴿فَقَدْ كَذَّبُواْ بِالْحَقِّ لَمَّا جَاءهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنبَاء مَا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ﴾
“Elə ki, onlar üçün haqq gəldi, onu təkzib etdilər. Tezliklə məsxərə etdiklərinin mühüm xəbərləri sorağlarına gələcək.”
Dostları ilə paylaş: |