Nöqtələr
◘Həvarilərə vəhy göndərilməsi onların qəlbinə ilham edilməsi mənasında ola bilər. Burada həzrət İsa vasitəsi ilə vəhy göndərilməsi nəzərdə tutulmur. Çünki İmam Sadiq (ə) bu vəhy haqqında buyurmuşdur: “Yəni onlara ilham olundu.”1
◘İmam Rizanın (ə) buyruğuna əsasən, həvarilərin sayı on iki olmuşdur. Onlar daxilən pak olduqlarından, moizə və xatırlatmalarla cəmiyyəti günahdan təmizlədiklərindən «həvariyyun» adlandırılmışlar.2
Bildirişlər
1. Bəzən Allah hazırlıqlı qəlblərə ilham edir.
2. Allaha iman rəsula imandan ayrı deyil.
3. Hidayət batini və ilahi olanda dərindən və dərhal təsir edir.
4. Daxilən ilahi nursuz hidayət ya təsirsizdir, ya az təsirlidir, ya da davamsız.
5. Xalqa ilahi ilham vəhyə qarşı yox, onun təsdiqi üçündür.
6. Daxili iman nişanələrindən biri imanı dildə izhar etməkdir. Qəlb imanı zahiri şüarların dayağı olduğu kimi!
112. ﴿إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء قَالَ اتَّقُواْ اللّهَ إِن كُنتُم مُّؤْمِنِينَ﴾
“(Xatırla,) o zaman ki, həvarilər dedilər: Ey İsa ibn Məryəm! Rəbbin sənin duanla səmadan bizim üçün süfrə (Maidə) endirə bilərmi? “İsa dedi: “Əgər möminsinizsə, Allahdan qorxun.”
113. ﴿قَالُواْ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ﴾
“Dedilər: (Bizim pis məqsədimiz yoxdur və bəhanə axtarmırıq,) ondan yemək istəyirik ki, qəlblərimiz əminlik tapsın. Bilək ki, bizə doğru demisən və həmin səma süfrəsinə şahidlərdən olaq.”
Nöqtələr
◘Surə səma süfrəsi (“Maidə”) istəyi səbəbindən “Maidə” adlandırılmışdır.
◘“Maidə” həm qida, həm də qidalar düzülmüş süfrə mənasını bildirir.
◘Həvarilərin “ya rəsuləllah” əvəzinə “ya İsa”, “Allah lütf edər” əvəzinə “edə bilərmi”, “Rəbbimiz” əvəzinə “Rəbbin” demələri ədəbsizlik sayıldığından onlar “Allahdan çəkinin” cavabını eşidirlər.
Bildirişlər
1. Ey peyğəmbər! Xalqdan çox şey gözləmə! İsanın həvarilərinə ilham olunurdusa, onlar iman gətirib təslim olduqlarını etiraf edirdilərsə də, yenə də könüllərindən möcüzə keçirdi.
2. Həzrət İsanın beşikdə danışması, ölüləri diriltməsi kimi möcüzələrini gördükləri halda Allahın qüdrətində tərəddüd etmələri həvarilərə yaraşmırdı.
3. Pis bir niyyətimiz olmasa da, müraciət edib danışarkən şəxslərin hörmətini qorumalıyıq.
4. Mömin Allahı sınağa çəkməməlidir.
5.Təqva iman nişanəsidir.
6. Qəlb yəqinliyi, əminliyi imandan uca mərtəbədir.
Həzrət İbrahim də Allaha əminlik axtardığını bildirir.1
114. ﴿قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء تَكُونُ لَنَا عِيداً لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ وَارْزُقْنَا وَأَنتَ خَيْرُ الرَّازِقِينَ﴾
“İsa ibn Məryəm dedi: “Pərvərdigara, ey Rəbbim! Bizə səmadan bir süfrə endir ki, indiki və gələcək nəslimiz üçün bayram və Səndən bir nişanə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən üstünüsən.”
Nöqtələr
◘Qurandakı dualar adətən, “Rəbb” adı ilə başlayır. Bu ayədə isə həm “Allah”, həm də “Rəbb” müraciətləri ilə rastlaşırıq. Bəlkə də bu iki müraciət məsələnin əhəmiyyətini göstərir.
Bildirişlər
1. İstəklərin yerinə yetməsi üçün Allahın övliyalarına təvəssül (onları vasitə seçmək) caizdir.
2. Peyğəmbərlər üçün tarixin və keçmiş nəsillərin əhəmiyyəti var.
3. İlahi nişanələrdən daim dərs almaq lazımdır.
4. İlahi bayram və mərasim Quran baxımından düzgündür. Allah övliyalarının doğum günü, həzrət Peyğəmbərin (s) besəti səmavi süfrənin nazil olmasından az əhəmiyyət daşımır.)
5. Həzrət İsa duada diqqəti yemək məsələsinə yox, süfrənin ilahi olmasına yönəldir.
6. Başqalarının süstləşdirici sözlərini islah olunmuş şəkildə nəql edək. Əgər həvarilər öz danışıqlarında süfrə istəyini “edə bilərmi” sualı ilə açıqlayırlarsa, həzrət İsa öz duasında “maidəni” uca bir məqsəd üçün istəyir. O, həvarilərin istəyindəki tərəddüdlü nöqtələri silib atır.
7. Duada Allahı kamil ədəblə, istəklərimizə uyğun sifətlərlə çağıraq. Əgər ayə “ey Allah, “ey Rəbb” xitabları ilə başlayırsa, “ruzi verənlərin ən xeyirlisi” təbiri ilə başa çatır.
8. Maddi istəklərimizə mənəvi rəng verək. Həvarilər əvvəlcə yemək, sonra isə əmin olmaq məqsədində olduqlarını bildirdilər. Həzrət İsa isə əvvəlcə tarixdə nişanə qoymaq, sonra Allahın qüdrətini göstərmək, daha sonra ruzi məsələsini açıqlayır. Bununla da bildirir ki, mənəvi və ictimai məsələlər təşkilati və iqtisadi məsələlərdən öndə gəlir.
9. Diqqətimizi Allaha yönəldək və başqalarına üz tutmayaq.
115. ﴿قَالَ اللّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيْكُمْ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّي أُعَذِّبُهُ عَذَابًا لاَّ أُعَذِّبُهُ أَحَدًا مِّنَ الْعَالَمِينَ﴾
“Allah buyurdu: “Mən onu (maidəni) sizin üçün nazil edərəm. Amma bundan sonra sizdən hər hansınız küfr etsə, ona elə bir əzab verəcəyəm ki, aləmdəkilərdən heç birinə o cür əzab verməmişəm.”
Nöqtələr
◘Maidənin nazil olması əhvalatı Quranda bəyan olunduğu şəkildə İncildə nəql olunmamışdır.1
◘Bəziləri bildirirlər ki, həvarilər ilahi hədələri eşitdikdən sonra öz istəklərindən daşındılar və maidə nazil olmadı. Amma bu baxış ayənin zahiri mənası və rəvayətlərlə uyğun gəlmir. “İnni munəzziluha” təbiri vəd yox, qəti bildirişdir.2
◘Rəvayətdə deyilir: Maidə nazil olduqdan sonra bəziləri kafir olub donuz şəklinə düşdü.3 Bəzi rəvayətlərdə oxuyuruq ki, nazil olan şey çörək və ət idi.4
◘Əgər İsanın yoldaşları üçün səmavi qidalar nazil oldusa, rəvayətlərə əsasən, İslam Peyğəmbəri (s) üçün də behişt meyvələri nazil olmuşdur. Həzrət Fatimənin (s) yaranış qaynağı da həmin behişt meyvələridir.1
Dostları ilə paylaş: |