Bildirişlər
1. Peyğəmbərlərin duası qəbul olur.
2. Elm, yəqin, şahidliyə çatanların məsuliyyəti daha ağırdır. Onların büdrəmələri də ciddi qəbul olunur. Elm və şahidlik məqamına çatmayanlardan ilahi qəzəb də nisbətən uzaqdır.
3. İlahi əzabın dərəcələri var.
4. Təmənnası böyük olan, səmavi süfrə istəyən kəs, təbii ki, ağır vəzifələrlə yüklənir.
116. ﴿وَإِذْ قَالَ اللّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنتَ قُلتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَـهَيْنِ مِن دُونِ اللّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ إِن كُنتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ تَعْلَمُ مَا فِي نَفْسِي وَلاَ أَعْلَمُ مَا فِي نَفْسِكَ إِنَّكَ أَنتَ عَلاَّمُ الْغُيُوبِ﴾
“O zaman ki, Allah buyurdu: “Ey İsa ibn Məryəm! Sən xalqa demisənmi ki, Allahdan başqa məni və anamı iki məbud olaraq seçin!” (İsa) dedi: “(Pərvərdigara!) Sən pak-pakizəsən. Olmaz ki, mənə layiq olmayan yersiz söz deyəm. Əgər demiş olsaydım, Sən onu bilərdin. (Çünki) Sən mənim qəlbimdə və canımda olanları bilirsən. Mən isə Sənin zatında olanlardan xəbərsizəm. Həqiqətən, bütün qeybləri bilən yalnız Sənsən!”
Nöqtələr
◘Həmin surənin 109-cu ayəsində oxuduq ki, Allah qiyamət günü peyğəmbərləri toplayıb onlardan soruşar: “Xalqdan hansı cavabları eşitdiniz?” Bu ayə həmin gün Allahın həzrət İsa ilə söhbətini bəyan edir.
◘Bu günkü məsihilər Məryəmi Allah bilməsələr də, onlardan bir qrupu həmin dövrdə Məryəmi Allah saydığından və onun mücəssəməsi qarşısında ibadət etdiklərindən peyğəmbər anasını məbud saymaqda suçlanırlar.
◘“Dunillah” (Allahdan qeyrisi) şirk nişanəsidir. Yəni bu söz Allahı inkar etmir, amma əlavə məbudlar götürür. Məsələn, məsihilər İsa və Məryəmi də məbud sayırdılar. İndiki məsihilərin üç inamı isə ata, oğul və ruhul-qüdsə ünvanlanmışdır.
◘İmam Riza (ə) buyurmuşdur: “Mənə münasibətdə iki dəstə həlak olar və mən təqsirkar deyiləm: Onlardan bir qrupu ifrat bağlananlar, digəri səbəbsiz kin saxlayanlardır.”2
◘Həzrət İsanın Allaha təsbih deməsi Allahın şəriksiz olmasının digər bir nişanəsidir. Digər ayələrdə isə Allahı hər növ övladı - istər qız, istər oğul - olmaqdan pak-pakizə sayır.3
Bildirişlər
1. Bəzən bir günahkarın sorğuya çəkilməsi və məzəmməti başqaları üçün də xəbərdarlıq olur. «Qızım sənə deyirəm, gəlinim sən eşit!»
2. Hətta peyğəmbər də olsa, insanın ilahilik iddiası batildir.
3. Peyğəmbərlər məsumdurlar.
4. Peyğəmbərlər öz ardıcıllarının həddi aşmasından narahatdırlar.
5. İnsanın bütün dedikləri və iç sirləri Allah üçün aydındır.
6. Allahı bütün bəyənilməmiş sifətlərdən və işlərdən pak bilmək vacibdir.
7. Peyğəmbərlərin elmi məhduddur. Elmi məhdud olan kəsdə məbudluq ləyaqəti yoxdur.
8. Xalqın düşüncələri və sirləri qeybi işlərdəndir və Allah qeyb işlərindən xəbərdardır.
9. Bütün həqiqətlərdən kamil və əhatəli agahlıq Allaha məxsusdur.
117. ﴿مَا قُلْتُ لَهُمْ إِلاَّ مَا أَمَرْتَنِي بِهِ أَنِ اعْبُدُواْ اللّهَ رَبِّي وَرَبَّكُمْ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًا مَّا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِي كُنتَ أَنتَ الرَّقِيبَ عَلَيْهِمْ وَأَنتَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ﴾
“(Həzrət İsa Allaha dedi:) Mən onlara yalnız mənə əmr etdiyini dedim. (Dedim ki,) mənim və sizin Rəbbiniz olan Allaha pərəstiş edin. Nə qədər ki, aralarında idim, onlara şahid və nəzarətçi idim. Elə ki, məni geri qaytardın, Özün onlara nəzarətçi oldun və Sən hər şeyə şahidsən.”
Nöqtələr
◘“Təvəffi” tam və kamil şəkildə almaqdır və ölüm onun nümunələrindən biridir. Allah həzrət İsanı qövmünün arasından götürdü və həzrət Mehdinin (ə) qiyamınadək diri saxlayır. Həzrət İsa əsrin imamı ilə birlikdə zühur edəcək.
Bildirişlər
1. Peyğəmbərlər məsumdurlar və yalnız Allahın əmrini yerinə yetirirlər. peyğəmbərlər vəhyə müdaxilə etmir, onda heç bir dəyişiklik aparmırlar.
2. Həzrət İsa da başqaları kimi özünü Allahın məxluqu sayır.
3. Peyğəmbərlər xalqın hərəkətlərinə nəzarətçidirlər.
4. Təkallahlılığa dəvət peyğəmbərlərin ən mühüm vəzifəsidir. (Həzrət İsaya təkcə tövhid məsələsini bəyan etmək tapşırılmasa da, burada yalnız bu məsələyə işarə olunur.)
5. Allaha pərəstiş dəlili və meyarı Onun Rəbb olmasıdır. (Rübubiyyət)
118. ﴿إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ﴾
“(İsa dedi: “Pərvərdigara,) əgər onlara əzab versən, həqiqətən, onlar Sənin bəndələrindir. Əgər onları bağışlasan, şübhəsiz, Sən özün qüvvə və hikmət sahibisən.”
Nöqtələr
◘Həzrət İsa Allahın: “Sən demisənmi ki, məni və anamı məbud götürün?” sualının cavabında özünü xalqdan ayırmaqla və yalnız Allahın malik olduğunu bildirməklə ümmətinin şirkinə şərik olmadığını göstərdi.
◘Əbuzərdən nəql olunmuş rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) bir gecə sübhədək rüku və səcdələrdə bu ayəni tilavət etdi. (Əbuzər deyir,) həzrətdən soruşdum ki, «sübhədək o ayənin oxunması səbəbi nədir?» Həzrət buyurdu: “Allahdan öz ümmətim üçün şəfaət istəyirdim. Nəhayət, Allah onu verdi. Ümmətim şirkə batmayacağı təqdirdə şəfaətə nail olacaq.”1
Digər bir rəvayətdə bildirilir: “Həzrət bu ayəni oxuduğu vaxt mübarək əllərini yuxarıya qaldırıb ağlar halda ümmətinə dua etdi. Allah-təala Cəbraili göndərib buyurdu: “Biz səni xoşhal edəcəyik və qoymayacağıq ki, narahat olasan.”2
Bildirişlər
1. Peyğəmbərlər Allaha təslimdirlər. Allahın işi haqqında soruşmaq olmaz.3
2. Müşriklərin əzaba düçar edilməsi və ya bağışlanması Allahın əlindədir.
3. Peyğəmbərlərin şəfaət məqamları var. Amma bəzən günah elə bir həddə çatır ki, peyğəmbərlər də bir iş görə bilmir.
4. Allahın qəhr-qəzəbi və ya mərhəməti onun izzət və hikmətinə əsaslanır.
119. ﴿قَالَ اللّهُ هَذَا يَوْمُ يَنفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ﴾
“Allah buyurdu: “Bu elə bir gündür ki, doğru danışanlar sədaqətlərindən faydalanar. Onlar üçün ağacları altdan çaylar axan bağlar var və həmişə orada qalarlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu böyük qurtuluşdur.”
120. ﴿لِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا فِيهِنَّ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Səmaların, yerin və onlarda olanların mülkü Allaha məxsusdur. O hər şeyə qadirdir.”
Dostları ilə paylaş: |