Nöqtələr
◘Bəni-İsrail mövzunun ciddi olduğunu anladıqda bəhanə axtarmağa başladı. Bəzi təfsirçilərin nəzərincə, qatil bu bəhanəni rüsvay olmamaq üçün xalqa təlqin etdi.1 Hər halda bu qövmün sual tərzi onların inadkar ruhiyyəsindən danışır. Ayədə buna işarə olundu və onların batini açıqlandı.
Bildirişlər
1. Sualı ədəblə verin. Ayədə “ləna” (bizim üçün) sözü iki dəfə təkrarlanmış, “Rəbbimiz” əvəzində “Rəbbin” kəlməsi işlədilmişdir. Bütün bunlar təkəbbür ruhunun nişanələridir.
2. Allahın əmrini dərhal yerinə yetirin, vəsvəsə və tərəddüddən çəkinin.
69. ﴿قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا قَالَ إِنَّهُ يَقُولُ إِنّهَا بَقَرَةٌ صَفْرَاء فَاقِـعٌ لَّوْنُهَا تَسُرُّ النَّاظِرِينَ﴾
“(Onlar Musaya) dedilər: “Bizim üçün Allahından istə ki, onun rənginin necəliyini bizə aydınlatsın.” (Musa) Dedi: “Həqiqətən, Allah buyurur ki, o, görənləri şad edən tam sarı rəngli dişi bir inəkdir.”
Nöqtələr
◘Zibh (kəsmək) əmri iki dəfə verilsə də, onlar sanki qatili tanıyır, sadəcə bunu bildirmək istəmirdilər. Ona görə də inadkarlıq və bəhanəçiliklə çoxlu suallar verirdilər. Nəhayət, inəyin rəngi haqqında soruşdular. Allah onların cavabında buyurdu: “İnəyin rəngi tünd və xalis sarı olsun. Elə bir rəng ki, görənləri sevindirsin.” Yəni bu inək xüsusi biçimə, sağlamlığa, rəngə və gözəlliyə malik olsun. Əgər onların ağırlıq ölçmək üçün bir vasitəsi olsaydı, şübhəsiz ki, inəyin çəkisini də soruşardılar!
◘Bizə yersiz suallar qadağan edilmişdir. Quranda oxuyuruq: “Cavabı verildikdə sizin üçün çətinlik yaradan şeylər haqqında soruşmayın.”1
Bir gün həzrət Peyğəmbər (s) həccin vacibliyi və əhəmiyyəti haqqında xütbə oxuyurdu. Xütbənin gedişində bir şəxs sual verdi: “Həcc hər ilmi vacibdir? “ Həzrət Peyğəmbər (s) cavab vermədi. Həmin şəxs ikinci dəfə sualı təkrarladı. Həzrət narahat olub buyurdu: “Nə üçün israr edirsən? Əgər desəm bəli, işiniz çətin olacaq. Mənim susduğumu gördükdə israr etməyin.” Sonra həzrət Peyğəmbər (s) buyurdu: “Keçmiş qövmlərin həlak olmasının səbəblərindən biri onların yersiz sualları idi.”2
Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Allah bəzi işlərin hökmü üzərindən sükutla keçmişdir. Bu sükutun səbəbi unutqanlıq yox, sizin üçün əməl meydanının geniş olmasıdır. Ona görə də yersiz suallarla xırdaçılıq etməyin.”3
Bildirişlər
1. Sarı rəng, rəvayətlərdə də bildirildiyi kimi, dinin sifarişidir.
2. Rənglərin insan ruhiyyəsinə təsiri vardır.
70. ﴿قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ البَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّآ إِن شَاء اللَّهُ لَمُهْتَدُونَ﴾
“(Növbəti dəfə Musaya) dedilər: “Bizim üçün öz Allahından onun necə inək olmasını aydınlaşdırmasını istə. Çünki bu inək bizim üçün dolaşıq bir iş olub. Əgər Allah istəsə, hökmən hidayət olacağıq.”
Nöqtələr
◘Hər bir işdə orta həddi (etidal) gözləmək bir dəyərdir. Bəzən insanlar sadə bir əlaməti görməklə yəqinlik tapırlar. Bəziləri isə açıq-aşkar bəyanatlar qarşısında şəkk-şübhəyə düşürlər. Aşkar və qəti bəyanlar qarşısında şübhəyə düşmək olmaz.
◘Hədisdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bəni-İsrailə sadə və adi bir inək kəsmək əmr olunmuşdu. Amma onlar bu məsələni çətinliyə saldıqları və bəhanə gətirdikləri üçün Allah da onlara çətinlik yaratdı.”1
Bildirişlər
1. Xırdalığa varmaq insanın diqqətini əsas məsələlərdən kənarlaşdırır.
2. İnadkarlıq ruhiyyəsi səbəbindən insan haqqı tanımaqda çətinlik çəkir.
3. Bəzən insanlar həqiqəti tapmaq və agahlıq əldə etmək məqsədilə yox, inadkarlıq ruhiyyəsi səbəbindən sual verirlər.
4. İlahi rəhbərlərin köksü genişdir. Müsahiblərinin “Rəbbimiz” əvəzinə “Rəbbin” deməsi dəfələrlə təkrarlanmış bir hörmətsizlik, qırmızılıq idi. Amma həzrət Musa bunu açıb-ağartmadı.
71. ﴿قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ ذَلُولٌ تُثِيرُ الأَرْضَ وَلاَ تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لاَّ شِيَةَ فِيهَا قَالُواْ الآنَ جِئْتَ بِالْحَقِّ فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفْعَلُونَ﴾
“(Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o, yeri sürəcək və əkin suvaracaq qədər ram olmamış, heç bir eybi və ləkəsi olmayan bir inəkdir.” Dedilər: “İndi həqiqəti bildirdin.” Sonra onu tapıb başını kəsdilər. Amma az qalmışdı ki, əməl etməsinlər.”
Nöqtələr
◘“Zəlil” ram olmuş, “tusir” şum edən, “musəlləmə” bütün eyb və nöqsandan saf, “la şiyə” xalı və başqa rəngi olmayan deməkdir.
◘Yəhudilər öz peyğəmbərlərinə münasibətdə ədəbsiz idilər. Bəhanə axtardıqları və qaçmaq istədikləri bir vaxtda Allahın fərmanını yerinə yetirməyə məcbur olub Musaya dedilər: “İndi həqiqəti bildirdin.” Guya həmin vaxtadək deyilən batil idi.
Bildirişlər
1. Hər hansı planı yerinə yetirərkən fəal, istehsal gücünə malik, iqtisadi mexanizmləri məhv etməyin.
2. Allahın əmri yolunda sərf olan hər bir şey sağlam olmalıdır. Həcc səfərində də Allah evinin ziyarətçisi qurban bayramı günü sağlam heyvan kəsməlidir.
3. Qürur və nəfs istəkləri işi bir yerə çatdırır ki, insan könlündən keçənləri həqiqət sayır.
72. ﴿وَإِذْ قَتَلْتُمْ نَفْساً فَادَّارَأْتُمْ فِيهَا وَاللّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ﴾
“(Xatırlayın) o zaman ki, birini qətlə yetirdiniz, sonra onun (qatilinin) haqqında mübahisəyə başladınız. Amma Allah sizin gizlətdiklərinizi aşkara çıxarar.”
Nöqtələr
◘Qətl hadisəsi və inəyin zibhi (kəsilməsi) haqqında fərman əvvəlki ayələrdə ətraflı şəkildə bəyan olundu. Bu ayə isə həmin macəranı xülasə şəkildə zikr etməklə yenidən xatırladır ki, Allah sizin gizlətdiklərinizi inəyin zibhi və onun bir parçasını ölüyə toxundurub diriltməklə ifşa etdi. Beləcə, sizin xilaf işlərinizin üstündən pərdə götürüldü.
◘“Dürrül-Mənsur”da belə bir hədis nəql olunur ki, əgər insan heç bir bacası olmayan möhkəm daş layların arasında bir iş görsə belə, Allah (əgər istəsə) onu xalqa aşkarlayar.1
◘Rəvayətdə oxuyuruq: Uyğun xüsusiyyətlərə malik orta yaşlı sarı inək yalnız bir gəncdə tapıldı. Bu müamilə onun üçün çox qazanclı idi. Amma tövlənin açarı atasının yatdığı balışın altında olduğundan oğlan atasını oyatmayıb bu böyük qazancdan keçdi. Allah o gəncin ataya münasibətdəki bu xidmətini qiymətləndirmək üçün Bəni-İsrailin bəhanələrinə cavab olaraq işi elə yerə gətirib çıxartdı ki, onlar hər nə qədər baha qiymətə olsa belə o gəncdən inəyi almalı olsunlar. Musa (ə) buyurdu: “Görün yaxşı əməl öz əhlinə nə yetirir!”2
Dostları ilə paylaş: |