◘Tövratın hökmlərindən biri şənbə gününün tətil olmasının vacibliyi idi. Tamahkarlıq Bəni-İsraildən bir qrupunu yoldan çıxardı. Sonradan haqqında danışacağımız hiylə ilə şənbə günü işlədilər. Allah isə hiyləgər fərdləri meymun şəklinə saldı ki, başqaları üçün də ibrət olsun. Bu macəra “Əraf” surəsində də qeyd olunmuşdur.1 Sifətin dəyişməsi ilahi əzabların və Allah qəhrinin gerçəkləşməsinin bir nümunəsidir. Məsihilərin də bir dəstəsi göydən süfrə (“Maidə”) nazil olduqdan sonra küfr etdilər. Onlar da meymun və donuz şəklinə salındılar. 2
◘“Səbt” sözü işi dayandırmaq mənasındadır. “Nəbə” surəsinin doqquzuncu ayəsində bu söz yuxu ilə bağlı zikr olunmuşdur. Ona görə də yəhudilərin tətil günü sayılan şənbə günü “yəvmus-səbt” adlandırılmışdır.
◘Ayədəki “xasiin” sözü rədd etmək mənasındadır. Bu söz əvvəllər iti qovmaq mənasında işlədilərdi. Amma sonradan ümumi şəkildə istifadə olunmağa başladı. “Xasiin” sözü qrammatik baxımdan aqil kişilərə aiddir. Bu sözün işlədilməsində məqsəd bu ola bilər ki, ilahi əzab səbəbindən meymuna çevrilənlərin insani ağlı və ruhu yerində idi. Çünki, belə bir halda əzab daha da ağır olur. Məraği kimi bəzi təfsirçilər öz təfsirlərində meymuna çevrilməni təşbeh hesab etmişlər. Onların nəzərincə, burada itaətsizlik göstərənlər sadəcə meymuna bənzədilmişdir. Öz nəzərlərinə dəlil olaraq “Uzunqulaq kimi” “dördayaqlılar kimi” Quran təbirlərini misal göstərirlər. Guya həmin insanlar zahirən yox, mənən məsx olunmuş, meymuna çevrilmişlər. Amma “Ətyəbul-bəyan” təfsirində həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql olunmuşdur: “Allah küfr etdiklərinə görə tarixdə yeddi yüz ümmətin çöhrəsini dəyişmiş və onları on üç növ heyvana çevirmişdir.”1
◘Rəvayətdə bildirildiyi kimi, məsx məsələsi qiyamətdə insanların ruhuna uyğun olaraq daha da genişləndiriləcəkdir. Qiyamətdə insanlar on dəstədə məhşur olarlar:
1. Şayiə düzəldənlər meymun sifətində;
2. Haram yeyənlər donuz sifətində;
3. Sələmçilər başıaşağı vəziyyətdə;
4. Haqsız hakim kor vəziyyətdə;
5. Qürurlu eqoistlər kar və lal vəziyyətdə;
6. Əməlsiz alim dilini çeynəyən halda;
7. Qonşunu incidən kəs əl-ayağı kəsilmiş vəziyyətdə;
8. Xəbərçi oddan şaxələrə asılmış halda;
9. Əyyaşlar leş tək üfunətli halda;
10. Zülmkarlar oddan paltar geymiş vəziyyətdə. (“Məcməül-bəyan”, Nurus-səqəleyn”, “Safi” təfsirləri)
Bildirişlər
1.Tarixdən ibrət götürün.
2. Allahın hökmünü “Nəsx” (dəyişən) edən özünü məsx etmişdir. Dinin çöhrəsinin təhrifi və dəyişdirilməsi insaniyyət çöhrəsinin dəyişməsi ilə müşayiət olunur.
3.İstirahət və ibadət rəsmi proqramın tərkib hissəsi olmalıdır. Tətil, əyləncə, ibadət zamanı işə məşğul olan təcavüzkardır.
4. Allahın yolundan çıxan şəxs başqalarına təqlid edən meymunsifət olacaq.
5. Təbiət aləmində bir mövcud başqasına çevrilə bilir.
6. Heyvanlar Allahın mərhəmətindən məhrum deyillər. Amma insanın heyvan olması ilahi qəhr və qəzəb nişanəsidir.
66. ﴿فَجَعَلْنَاهَا نَكَالاً لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ﴾
“Biz bu cəzanı onların müasirləri və sonrakı nəsillər üçün ibrət və pəhrizkarlar üçün öyüd qərar verdik.”
Nöqtələr
◘“Nəkal” elə bir əzabdır ki, onun təsiri davamlı və aşkardır. Başqaları bu əzabı görüb ibrət götürməlidir. İmam Sadiq (ə) buyurmuşdur: “Ayədə müasirlər dedikdə, bəla nazil olan dövrün adamları nəzərdə tutulur. Sonra gələnlər dedikdə isə növbəti ümmətlər, eləcə də biz müsəlmanlar nəzərdə tutuluruq.”
Bildirişlər
1. Məğlubiyyətlər və qələbələr gələcək insanlar üçün dərs olmalıdır.
2. İbrət götürmək və nəsihət qəbul etmək təqva ruhiyyəsinin ehtiyacıdır.
67. ﴿وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُواْ بَقَرَةً قَالُواْ أَتَتَّخِذُنَا هُزُواً قَالَ أَعُوذُ بِاللّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ﴾
“(Xatırlayın) o zaman ki, Musa öz qövmünə dedi: “Allah sizə bir dişi inək kəsməyinizi əmr edir.” Dedilər: “Bizi məsxərəyəmi qoymusan?” Musa dedi: “Cahillərdən olmaqdan Allaha pənah aparıram.
Nöqtələr
◘Surəni ondakı əhvalata görə “Bəqərə” (“İnək”) adlandırmışlar. İnək kəsilməsi əmri Tövratda bir mühakimə qanunu kimi bəyan olunmuşdur. Macəra belə baş vermişdir: Bəni-İsrail arasında qatili bilinməyən bir məqtul (qətlə yetirilən) tapıldı. Qövm arasında mübahisələr, çəkişmələr başladı. Hər bir qəbilə bu qətli o biri qəbilənin ayağına yazırdı.
Onlar mühakimə və məsələnin həlli üçün həzrət Musanın yanına getdilər. Musa onlara buyurdu: “Allah əmr etmişdir ki, bir inək kəsəsiniz və onun ətindən bir parçanı cəsədə toxundurasınız. Belə etsəniz, o diriləcək və öz qatilini tanıtdıracaq.” İnadkar qövm Musanın bu təklifi qarşısında dedi: “Yoxsa bizi məsxərəyə qoymusan?” Musa dedi: “Məsxərə cahillərin işidir. Mən isə cahillərdən olmaqdan Allaha pənah aparıram.”
◘Quran və rəvayət dilində cəhl nadanlıq yox, düşüncəsizlik mənasındadır. Ona görə də “cəhl” elmin yox, əqlin antonimi kimi işlədilir. Başqalarını məsxərə etmək düşüncəsizlik nişanəsi olduğundan həzrət Musa bu sifətdən Allaha pənah aparır.
Bildirişlər
1. Allahın əmri bizim düşüncəmizə və zövqümüzə uyğun olmadıqda, onun hikmətini anlamadığımız vaxt həmin əmri inkar etməməliyik.
2. Musa inəyin kəsilməsi göstərişinin Allah tərəfindən olduğunu bəyan edir ki, bəlkə ədəbə riayət edib təslim olalar. Amma onlar yenə də bəhanə gətirirdilər.
3. Əgər Allah istəsə, bir ölünü o birinə toxundurmaqla dirildər.
4. İnəyi öldürməklə onun müqəddəs olması fikri aradan qalxır. Necə ki, İbrahim bütləri sındırdı, Samirinin qızıl buzovu yandırıldı.
5. Xalqın peyğəmbərə iman dərəcəsi onların ilahi göstərişlərlə davranışından başa düşülür.
6. İstiazə və Allaha pənah aparılması sığortalanma yollarından biridir. Peyğəmbərlərin isməti və günahsızlığı, istiazə və pənah aparmağın sayəsindədir.
7. Məsxərə etmək cahil və düşüncəsiz insanların işidir.
8. Cəhl elə bir təhlükədir ki, Allah övliyaları bu təhlükədən Allaha pənah aparmışlar.
9. Bir macərada Allah qüdrətinin nümayişi ilə tövhid, Musanın möcüzəsi ilə peyğəmbərlik, ölünün dirilməsilə məad sübuta yetirilir.
68. ﴿قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ فَارِضٌ وَلاَ بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ فَافْعَلُواْ مَا تُؤْمَرونَ﴾
“(Bəni-İsrail Musaya) dedilər: “Bizim üçün Allahdan istə ki, onun necə (inək) olmasını aydınlaşdırsın.” (Musa) dedi: “Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların arasında olan dişi bir inəkdir. Sizə əmr olunanı yerinə yetirin.”
Dostları ilə paylaş: |