Bildirişlər
1. Yersiz təəssüb və dəlilsiz inhisarçılıq qadağandır. Başqalarının təhqiri və nəzərə alınmaması istibdad və eqoizm nişanəsidir. (Hər kəs özündə olanlara görə lovğalanır və lovğalıqlar bir çox fitnələrin köküdür. “Möminun” surəsinin 53-cü ayəsində də bu məsələyə işarə olunmuşdur.)
2. İnsanda təəssüb və eqoistlik olduqda elm də hidayət edə bilmir. Kitab əhli öz kitabını oxuya bilirdi. Amma inhisarçılıq ruhiyyəsi onların oxuduqlarını təsirdən salırdı.
3. Təəssübə aludə olan cəmiyyətdə alim və cahil oxşar şəkildə düşünür. Cahil müşriklər Tövrat və İncil oxuyanların dediklərini deyirdilər.
114. ﴿وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَاجِدَ اللّهِ أَن يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا أُوْلَـئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَا إِلاَّ خَآئِفِينَ لهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ﴾
“Allahın məscidində onun adının çəkilməsinə imkan verməyən və oranı xaraba qoymağa çalışanlardan da zalımı varmı? Onlar məscidlərə yalnız qorxu ilə girmək haqqına malikdirlər. Onların dünyada bəhrəsi rüsvayçılıq, axirətdə isə böyük əzabdır.”
◘Ayənin nazil olma şənindən və bəzi rəvayətlərdən məlum olur ki, söhbət məscidləri xaraba qoymaq istəyənlərdən gedir. Tarixdə məscidlər dəfələrlə zalım hakimlər və azğın insanlar tərəfindən xaraba qoyulmuş və rövnəqdən salınmışdır. Fetlos adlı birinin rəhbərliyi ilə məsihilər tərəfindən Beytül-Müqəddəsin xaraba qoyulması, Tövratın yandırılması hadisəsindən tutmuş Qüreyş tərəfindən müsəlmanların Məscidül-Hərama daxil olmasının qarşısının alınmasınadək, uyğun fəaliyyətin bir çox nümunələri ilə rastlaşırıq.
Bu gün də oxşar hadisələrin şahidi oluruq. İlkin İslam dövründə “Bəqi” imamlarının qəbirləri kənarında tikilmiş məscidlər şirklə mübarizə adı altında viran qoyulur. Hindistanda tarixi Babiri məscidinin xaraba qoyulması da deyilənlərin sübutudur. Bütün bunlar zalım hakimlərin küframiz ruhiyyəsindən danışır. Onlar tövhid mərkəzlərində Allah adının yad edilməsindən qorxu hissi keçirirlər.
◘Bu ayə övladlarının məscidə getməsinə maneçilik törədən valideynlərə bir xəbərdarlıqdır.
◘Məscidin xaraba qoyulması zülm olduğu kimi, onun abad edilməsi də işlərin ən xeyirlisidir.1
Bildirişlər
1. Əqidə zülmü ən böyük zülmdür. (Quranda “əzləm” Allaha iftira və Onun evinin bağlanması mənasında işlədilmişdir. Hər iki mənada əqidə yönümü var.)
2. Məscid təkcə bel-külünglə xaraba qoyulmur. Məscidi rövnəqdən salan hər bir iş onun xaraba qoyulması sayılır.
3. Yalnız Allah adının diri saxlandığı məscidlər məqbul sayılır. Məsciddə Allahın hökmləri, onun bəyəndiyi mövzular bəyan olunmalıdır.
4. Düşmən məscidin qapısından, divarından qorxmur. Onun qorxusu Allah adının yad edilməsi və müsəlmanların ayıqlığıdır.
5. Məscidlər mübarizə səngəridir. Ona görə də düşmən məscidləri xaraba qoymaq istəyir.
6. Məscid rövnəqli, mənəviyyatlı və hərbi komandanlıq səngəri olmalıdır.
Casus hərbi yerlərə girməkdən qorxub dəhşətə düşdüyü kimi, müxaliflər də məscidə qorxu içində daxil olmalıdırlar.
7. Dini müqəddəsliklərlə mübarizəyə qalxanlar qiyamətdə Allahın qəhrinə düçar olmazdan qabaq dünyada zəlil və xar olurlar.
115. ﴿وَلِلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّواْ فَثَمَّ وَجْهُ اللّهِ إِنَّ اللّهَ وَاسِعٌ عَلِيمٌ﴾
“Şərq də, qərb də Allahındır. Demək, haraya üz tutsanız, üzü Allaha tərəfsiniz. Həqiqətən, Allah əhatə edən və biləndir.”
Nöqtələr
◘Müsəlmanların qibləsi Beytül-Müqəddəsdən Kəbəyə dəyişdikdən sonra yəhudilər ortaya şəkk-şübhə çıxararaq, bu iş üçün dəlil istəyirdilər. Hərçənd əvvəlki ayələrdə icmali şəkildə Allah bu cür etirazların cavabını bildirmişdi. Bu ayədə isə uyğun həqiqət bir daha ortaya qoyulur və bəyan olunur ki, şərq də, qərb də Allahındır, haraya üz tutsanız Allah oradadır. Kəbənin qiblə kimi müəyyənləşdirilməsində məqsəd müsəlmanların birliyini nümayişə qoymaq və İbrahimin şirklə mübarizə xatirəsini təzələməkdir. Kəbənin müqəddəsliyi və möhtərəmliyi də buna əsaslanır.
◘Mərcələrin (din alimlərinin) əhkam risalələrində bildirildiyi kimi, müstəhəb namazlarda qiblə şərt deyil. Hətta yol gedə-gedə, süvari halda da bu namazları qılmaq olar. Uyğun ayəni açıqlayan bəzi rəvayətlərdə də bu məsələyə işarə olunmuşdur. İmam Baqir (ə) buyurmuşdur: “Bu ayə müstəhəb namaz haqqında nazil olmuşdur.”1
◘Əgər əvvəlki ayəyə görə, bir müxalif dəstə məscidin xaraba qoyulması yolunda çalışırsa, siz həvəsdən düşməyin ki, Allaha üz tutma yalnız xüsusi bir cəhətə həsr olunmayıb.
◘İstər şərqə, istərsə də qərbə üz tutmaq (qiblə) tərbiyəvi xarakter daşıyır. Əsas məqsəd Allahın xatırlanması və Onunla rabitədir. Quran bir dəstənin haqqında xoş sözlər deyərək buyurur: “Onlar Allahı ayaq üstə, oturmuş vəziyyətdə və yatmış halda yad edirlər.”2 Qiblənin dəyişməsi ilə bağlı yaranmış hay-küyə cavab olaraq buyurulur: “Ey xalq! Yaxşılıq üzünüzü şərqə və ya qərbə doğru tutmaqda deyil. Yaxşılıq sizin Allaha həqiqi imanınızda və Allah bəyənən işlər görməyinizdədir.”3
◘Əvvəlki ayədə məscidlərin xaraba qoyulması ən böyük zülm kimi təqdim olunsa da, bu ayədə müjdə verilir ki, həmin işə görə məyus olmamalı, ümidsizliyə qapılmamalıyıq. Bütün dünya ibadət məhəlli və bütün varlıq aləmi qibləgahdır.
Bildirişlər
1. Allahın əmri ilə yerinə yetirilən və ilahi rəngə malik olan hər bir iş “vəchullah”, ibadətdir.
2. Allah hər yerdə hazırdır və hər şeyi görür.
116. ﴿وَقَالُواْ اتَّخَذَ اللّهُ وَلَدًا سُبْحَانَهُ بَل لَّهُ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ كُلٌّ لَّهُ قَانِتُونَ﴾
“(Kitab əhli və müşriklərdən bəziləri) dedilər: “Allah özü üçün övlad götürmüşdür.” O, (bu sifətdən) münəzzəh, pakdır. Göylərdə və yerdə olanlar Onundur. Hamı Onun qarşısında itaətdədir.”
Nöqtələr
◘Kitab əhli və müşriklərin hər biri bir şəkildə Allahın övlad sahibi olduğunu düşünmüşlər. Yəhudilər deyirdilər ki, Uzəyr (Üzeyir) Allahın övladıdır.1 Məsihilər isə həzrət İsanı Allahın oğlu bilirdilər.2 Müşriklər də öz növbəsində mələkləri Allahın övladları kimi tanıyırdılar.3 Uyğun ayə bütün bu yersiz və yanlış düşüncələri rədd edir, Allahın zatının bu sayaq sifətlərdən pak olduğunu bəyan edir.
◘Allahı özümüzlə müqayisə etməyək. İnsanın övlada ehtiyac duymasının aşağıdakı səbəbləri var:
1. İnsanın ömrü məhduddur, özünün və nəslinin davamını istəyir.
2. İnsanın qüdrəti məhduddur, onun köməkçiyə ehtiyacı var.
3. İnsan məhəbbətə ehtiyaclıdır və munis axtarışındadır.
Amma Allah bütün bu ehtiyaclardan və çatışmazlıqlardan uzaqdır, pakdır. Əksinə, göylərdə və yerdə olanların hamısı Onun qarşısında təvazödədir.
Dostları ilə paylaş: |