Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan


Qərbi Roma imperiyasının süqutu. Ostqot krallığı. Lanqobard krallığı



Yüklə 221 Kb.
səhifə15/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
Qərbi Roma imperiyasının süqutu. Ostqot krallığı. Lanqobard krallığı.

Hun tayfa birliyinin dağılması da Qərbi Roma imperiyasını xilas edə bilmədi. Çünki “Xalqların böyük köçü” daxilən zəifləmiş Qərbi Roma imperiyasının tənəzzülünü daha da sürətləndirdi. Digər tərəfdən, Mauriak (Katalaun) döyüşündən sonra da imperiyaya barbar tayfalarının hücumları davam edirdi.

Qərbi Roma dövləti ərazisində barbar krallıqlarının yaranması nəticəsində Roma imperatorlarının hakimiyyətində ancaq İtaliya qalmışdı. Əslində İtaliyada da muzdlu barbar qoşunlarının başçıları iştirak edirdilər. 476-cı il avqustun 22-də (və ya 23-də) Roma imperatorlarının formal hakimiyyətinə də son qoyuldu. Muzdlu barbar hərbi dəstələrindən birinin başçısı qədim alman tayfası skirlərdən olan Odoakr (431-493) imperator Romul Avqustulu taxtdan salıb, hakimiyyəti ələ keçirdi. Beləliklə, Qərbi Roma imperiyasının varlığına son qoyuldu. Odoakr yerli torpaq sahiblərinin torpaqlarının təqribən üçdən bir hissəsini müsadirə etdi və öz tərəfdarlarına payladı. Lakin Odoakrın hakimiyyəti (476-493) uzun sürmədi. 493-cü ildə İtaliyanı qədim alman tayfalarından olan ostqotlar işğal etdilər. Onlar əsasən Şimali və Mərkəzi İtaliyada məskən saldılar. İtaliyaya hücum etmiş ostqotlar, həmçinin onlara qoşulmuş başqa tayfalar təqribən 150 min nəfər idilər. Onlara Teodorix başçılıq edirdi. Teodorixin qoşunları 493-cü ildə Odoakra sonuncu zərbəni vurdular. İtaliyada yeni dövlət – Ostqot karllığı yarandı. İtaliya, Siciliya, İtaliyadan şimalda və şimal-şərqdə isə Dunaya qədərki yerləri əhatə edən bu barbar dövlətinin paytaxtı Ravenna idi. Sonralar Ostqot krallığının ərazisi daha da genişləndi.

Ostqotlar İtaliyaya hücum edərkən nəsli quruluşun dağılmaqda olduğu mərhələdə idilər. İtaliyada məskunlaşdıqdan sonra isə bu proses daha da sürətləndi. Roma xüsusi mülkiyyət ənənələri ostqotlarda sinifli cəmiyyətin yaranmasına fəal təsir göstərdi. İctimai-iqtisadi inkişafın gedişində tədricən Ostqot və Roma əyanları yaxınlaşırdı. İtaliyanın yerli və gəlmə əhalisi arasındakı mənşə fərqi tədricən aradan qalxır, sinfi qruplaşma baş verirdi.

Ostqot krallığının qüvvətlənməsi Bizans üçün əlverişli deyildi. Odur ki, keçmiş qüvvətli Roma imperiyasını bərpa etmək siyasəti yeridən Bizans imperatoru Yustinian (527-565) Ostqot krallığına qarşı müharibəyə başladı. Uzun sürən müharibələrdən (533-555) sonra bu barbar dövləti də Şərqi Roma imperiyası tərəfindən aradan qaldırıldı.

Bizans İtaliyanı həmişəlik öz əlində saxlaya bilmədi. Cünki, Ostqot krallığı aradan qaldırılan kimi imperator Yustinianın hökmü ilə İtaliyada quldarlıq rejimi bərpa olundu. Bu da ölkədə Bizans ağalığına qarşı narazılığı artırdı. Belə bir şəraitdə İtaliya lanqobardların hücumuna məruz qaldı.

Lanqobardlar qədim alman tayfalarından biri idilər. Eramızın 1-ci əsrində Elbanın sol sahillərində yaşayan lanqobardlar Markoman müharibəsində (166-180) iştirak etmiş, sonralar isə Dunay hövzəsində, əsasən Pannoniyada məskən salmışdılar. Burdan qədim türk tayfalarından olan avarlar tərəfindən sıxışdırılan lanqobardlar 568-ci ildə böyük tayfa ittifaqı halında Alboinin başçılığı ilə İtaliyaya hücum etdilər. İtaliyanın lanqobardlar tərəfindən işğalı dövrü başlandı. Ölkənin ərazisində yeni bir dövlət – Lanqobard krallığı yarandı.

Lanqobardlar İtaliyanın əsasən şimali və mərkəzi vilayətlərində nəsil, quruplar-faralar halında məskən saldılar. Nəsli quruluşun dağılmaqda olan mərhələsinə qədəm qoymuş lanqobardlarda Roma təsiri ilə əmlak bərabərsizliyi və sinfi təbəqələşmə daha d dərinləşdi; onlar yerli əhalidən müxtəlif sənətləri və ticarət işlərini öyrəndilər, Roma yazısını və rəsmi dili qəbul etdilər. Lanqobardlar da İtaliya tarixində müəyyən rol oynadılar. Məhz lanqobard işğalı nəticəsində quldarlıq cəmiyyəti qalıqlarının aradan qalxması və feodal istehsal üsuluna keçid daha da sürətləndi.

Lanqobard krallığı 8-ci əsrin 70-ci illərinədək davam etdi. Bu dövləti 773-774-cü illərdə, Roma papasının fəal köməyi ilə Frank kralı Böyük Karl aradan qaldırdı. Lanqobard krallığının ərazisi Böyük Karl imperiyaının tərkibinə qatıldı.


Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin