1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu.
2. Təklifin mahiyyəti və ona ona təsir edən amillər. Təklif qanunu.
3. Tələbin elastikliyi və ona təsir göstərən amillər.
4. Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı.
1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu.
Tələb tədiyə qabiliyyəti – alıcının özünə lazım olan şeyləri satın almaq üçün ödəyə biləcəyi və ödəmək istədiyi pul məbləğinə, yaxud da müəyyən dövrdə hər hansı bir qiymətə satın alınacaq əmtəə və xidmətlərin miqdarına deyilir. Deməli, qiyməti nəzərə almadan tələbin müəyyən edilməsinə cəhd göstərilməsi məntiqsizlik olardı. Çünki tələb hər şeydən əvvəl qiymətin dəyişməsi nəticəsində dəyişir. Buradan belə nəticə çıxarmaq olar ki, əmtəə və xidmətlərin qiymətləri aşağı düşdükdə eyni məbləğdə pula daha çox şey ala bildiyinə görə alıcı, qiymətlər bahalaşdıqda isə əksinə, satıcı qazanır.
Deməli, tələb qiymətlərin səviyyəsindən bilavasitə asılıdır. Bu, heç kimdə şübhə doğurmur. Digər tərəfdən tələbin qiymətdən asılı olması obyektiv iqtisadi qanundur. Qiymətlərin ucuzlaşması isə tələbin artmasına deyil, əksinə, onun aşağı düşməsinə gətirib çıxara bilər. Bu, onunla əlaqədardır ki, qiymətlər ucuzlaşdıqda, insanlar gələcəkdə onun bir qədər də aşağı düşəcəyinə ümid edirlər. Deməli, tələbə yenə də «gözlənilən qiymət» amili təsir edir. Sual olunur: istehlakçıların bu cür davranışı tələb qanunu ilə bir araya sığırmı? Əlbəttə, sığır! Çünki qiymətlər nə qədər aşağı olursa, tələb də bir o qədər yüksək olur. Lakin bu gün mövcud qiymətlərlə satın alıb çox xərcləməkdənsə, sabah aşağı qiymətlərlə satın alıb, ailə büdcəsinə qənaət etmək ideyası adamlara üstün gəlir.
Tələbin dəyişməsinə qiymət amili ilə yanaşı aşağıdakı qeyri-qiymət amilləri də təsir edir: 1) Əhalinin pul gəlirlə-rinin dəyişməsi; 2) Əhalinin tərkibində müəyyən dəyişiklik-lərin baş verməsi; 3) Eyni qiymətlərlə alınıb-satılan əmtəələrin miqdarının necə deyərlər «alıcı gözləmələri» amilinin təsiri ilə dəyişməsi; 4) Bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması, yaxud da onların qiymətlərinin dəyişməsi; 5) Istehlakçıların subyektiv təsəvvürləri və zövqlərində müxtəlifliyin olması; 6) Dövlətin iqtisadi siyasəti; 7) Reklamların təsiri ilə istehlakçıların zövqünün dəyişməsi.
Əhalinin pul gəlirləri hər hansı bir səbəb nəticəsində artdıqda, hətta əmtəələrin qiymətləri dəyişməz qaldıqda belə, satın alınan əmtəə və xidmətlər artır, əksinə əhalinin gəlirləri azaldıqda, həmin qiymətlərlə satın alınan əmtəə və xidmətlərin miqdarı azalır. Əhalinin qocalması, pensiyaçıların sayının artması onların tərkibində dəyişikliklərin baş verməsinə gətirib çıxarır ki, bunlar da öz növbəsində dər-man preparatlarına, tibbi xidmətə olan tələbin artmasına səbəb olur.
«Alıcı gözləmələri»nin dəyişməsi səbəbləri olduqca müxtəlifdir. Bunlara həm iqtisadi (məsələn, inflyasiya), həm də qeyri-iqtisadi (məsələn, hava şəraiti, bayramqabağı və mövsümi şərait və s.) amillər daxildir. Satın alınan əmtəə-lərin qiymətlərindən bilavasitə asılı olmadan, göstərilən amillərin təsiri ilə satınalmaların miqdarı ya arta, ya da azala bilər.
Qeyri-qiymət amillərinə bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması da daxildir. Belə ki, bazarda qoyun, quş, donuz əti olmadıqda, təbiidir ki, mal ətinə olan tələb artır. Əksinə, bazarda ətin çeşidinin çox olması onlardan hər hansı birinə olan tələbin az olmasına və deməli, onun qiymətinin aşağı düşməsinə səbəb olur. Istehlakçı bazarında bir-birini tamamlayan əmtəələrə, məsələn, çay və ya qəhvə içərkən istifadə olunan şəkər və digər şirniyyat növünü aid etmək olar.
Əmtəələrə olan tələbin dəyişməsinə dövlətin iqtisadi siyasəti də təsir edir. Məsələn, əhalinin aztəminatlı hissəsinə verilən müavinətlərin artırılması onların istehlak etdikləri əmtəə və xidmətlərə olan tələbin artmasına səbəb olur.
Bu və ya digər məhsula olan tələbin artmasına televizi-ya və kütləvi informasiya vasitələrində gedən reklamlar da təsir edir.
Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəl-mək olar ki, çox cazibədar anlayış olan tələb, özündə sevinc və kədəri, fayda və faciəni əks etdirir. Çünki tələbin artıb-azalması iqtisadiyyatda struktur dəyişikliklərinə gətirib çıxara, tələbatın ödənilməsi isə istehsalın artımını stimullaş-dıra və qiymətlərin bahalaşmasının qarşısını ala bilər. Bütün bunlara əsasən tələbi iqtisadiyyatın «ürəyi» adlandırmaq olar.
Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır. Tələbat hər bir fərdin mədəni səviyyəsinə xas olan və onun xarakterinə yüğun gələn formaya düşmüş ehtiyacıdır. Tələbat öz ifadəsini ehtiyacı ödəyə biləcək obyektlərdə tapır. Cəmiyyət inkişaf etdikcə, insanların tələbatları da artır. Bu, onların çoxsaylı obyektlərlə rastlaşmaları ilə əlaqədardır. Başqa sözlə, əmtəə istehsalçıları sanki öz təşəbbüsləri ilə cəmiyyət üzvlərinin onlara lazım olan məhsullarla təmin olunması qayğısına qalır. Bütün istehlakçılar isə onların faydalılıq dərəcəsinə qiymət verilməsində sərbəst surətdə iştirak edirlər. Onlar əllərində olan pula-manata, dollara, avroya və i.a.-özlərinə lazım olan əmtəələri satın almaqla, həmin məhsulların içtimai faydalılığına bir növ «səs» vermiş olurlar. Bununla da hər bir əmtəə üçün istehlak dairəsinə ya yol açılır, ya da bu yol bağlanır. Bu isə istehsalçıların gəlir-lərində müxtəlifliyə səbəb olur.
Tələbat sonsuz, onların ödənilməsi mənbələri isə məh-dud olduğuna görə (bəzi çox böyuk imkana malik olan şəxs-lər istisna olmaqla) istehlakçılar özləri üçün elə əmtəələri seçməlidirlər ki, bunlar onların alıcılıq imkanlarına uyğun gəlsin. Bütün bunlar onu göstərir ki, tələb və tələbat müxtə-lif anlayışlardır. Daha doğrusu, tələb alıcılıq qabiliyyətinə uyğun gələn tələbatdır.
Beləliklə, bazarda tələb qanunu fəaliyyət göstərir. Bu qanun tələb və qiymət arasında aşağıdakı funksional asılılığı ifadə edir: əmtəə və xidmətlərin qiymətləri nə qədər yüksək olarsa ona olan tələb də bir o qədər az olur. Başqa sözlə, digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələb qiymətlərdən asılı olaraq dəyişir və deməli, bunların arasında tərsmütənasiblik vardır. Bu: 1) Qiymətlər aşağı ol-duqda alıcının daha çox əmtəə almaq istəyinin olması (gəlir-lərin səmərəliliyi); 2) Hər hansı bir və ya bir neçə əmtəənin qiymətinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) digər əmtəələrin də qiymətlərinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) və bununla əlaqədar olaraq onların satın alınmasının daha sərfəli olması (əvəzedicinin səmərəliliyi) ilə əlaqədardır.
Qiymətlərin qalxacağı barədə əhali arasında ajiotaj vəziyyət yarandıqda, qızıl, qiymətli daş-qaş, əntiq malların satın alınmasına meyl, habelə, keyfiyyəti yüksək və daha qiymətli əmtəələrə tələb artdıqda tələb qanunu fəaliyyət göstərmir. Məsələn, tutaq ki, marqarinə olan tələb azalıb, kərə yağa olan tələb isə artıb, başqa sözlə, tələb marqarindən kərə yağa «keçib». Sual olunur: bu o deməkdirmi ki, satıcı marqarinin qiymətini aşağı salmaqla ona olan tələbi artıra bilər. Əlbəttə, yox! Çünki kərə yağa olan tələbin artmasına digər qeyri-qiymət amilləri də təsir edir. Deməli, marqarinin qiymətinin aşağı salınması ona olan tələbin artmasına doğru aparmır. Lakin bunu qiymətli şeylərə şamil etmək olmaz.
2. Təklifin mahiyyəti və ona təsir edən amillər. Təklif qanunu.
Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər.
Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiy-mətlərlə satmaq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya onların toplusudur.
Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəf-dən qiymətlər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yaradırlar. Digər tərəfdən, qiymətlər uzun müddət ərzində fasiləsiz və sabit şəkildə yüksəldikdə iqtisadiyyatın başqa sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gəlirlər ki, bu da həmin sahədə məhsul istehsalının və deməli, təklifin artmasına səbəb olur. Lakin qısa müddətli dövrdə bu mümkün olmur. Çünki bu dövrdə onların istehsalı artırmaq üçün ehtiyatları (məsələn, tutaq ki, mövcud avadanlıqlar üç növbədə tam gücü ilə işləyir) və imkanları (əlavə işçi qüvvəsinin muzdla tutulması da daxil olmaqla istehsal güclərinin genişləndirilməsi imkanları) olmaya bilər. Tələb kimi təklif də aşağıdakı qeyri-qiymət amillərinin təsiri ilə dəyişə bilər: 1) Texniki yeniliklərdən istifadə olunması, ehtiyatların, vergi siyasətinin, istehsal amilləri qiymətlərinin dəyişməsi nəticəsində istehsal xərclə-rinin dəyişməsi; 2) Bazara yeni firmaların gəlməsi. Bu, qiymətdən asılı olmayaraq təklifi artırır; 3) Başqa əmtəələrin qiymətlərinin dəyişməsi. Bu, ehtiyatların və firmaların həmin sahədən çıxıb getmələrinə, bu isə öz növbəsində təkli-fin azalmasına səbəb olur; 4) Təbii fəlakətlərin, siyasi hərə-katların, iqtisadiyyatı dağıdan, ölkəni xarabazarlıqlara çevirən müharibələrin olması; 5) Tələbin, qiymətin, gəlir-lərin və s-in dinamikasına dair satıcıların proqnozları; 6) satıcıların sayının dəyişməsi – bütün bunlar təklifi azaldır.
Tələb kimi təklif də bazar iqtisadiyyatı subyektləri-nin fəaliyyət göstərdikləri müstəqil sferadır. Onların dav-ranış qaydalarının düzgün başa düşülməsi bazar qiymətləri ilə təklif arasındakı əlaqəni təhlil etməyə imkan verir. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar qiymətləri əmələ gəlir. Bunlar bir-birinə bərabər olduqda əmələ gələn qiymət tarazlıq (tənləşmə, müvazinətlik) qiyməti adlanır. Yalnız tələb və təklifin kəsişmə nöqtəsində əmələ gələn qiymətlər həm alıcını, həm də satıcını təmin edə bilər. Bunlara uyğun olaraq demək olar ki, bazar qiymətlərinin əmələ gəlməsinin aşağıdakı qanunları fəaliyyət göstərir: 1) Qiymətlər tələb və təklifin bir-birinə bərabər olduğu səviy-yəyə – kəsişmə nöqtəsinə doğru hərəkət edir; 2) Qeyri -qiymət amillərinin təsiri ilə tələb sabit qalmaqla təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb aza-larsa və ya tələb sabit qalmaqla təklif artarsa qiymətlər aşağı düşür.
Azad rəqabət şəraitində, bazar qanunlarının təsiri ilə qiymətlər öz-özünə tarazlaşır. Lakin bu, ya inhisarların yeritdikləri qiymət siyasətinin təsiri ilə, yaxud da qiymətlərin dövlət tərəfindən ixtiyari üsulla tarazlıq nöqtəsindən aşağı və yuxarı müəyyən edilməsi ilə pozula bilər.
Tarazlıq qiymətləri həm alıcını, həm də satıcını razı salır. Satıcı sata bilmədiyi, alıcı isə ala bilmədiyi üçün şika-yətlənmir.
Beləliklə, bazarda tələb qanunu ilə yanaşı, həm də təklif qanunu fəaliyyət göstərir. Bu qanun, təkliflə qiymət arasın-da aşağıdakı funksional asılılığın olduğunu göstərir: qiymət-lər nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək olur. Deməli, qiymətlə təklif arasında düzmütənasiblik vardır. Təklif qanununa görə digər şərtlər sabit qalmaqla təklifin dəyişməsi qiymətlərin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə, istehsalçılar bazara qiymətlər artdıqda çox, aşağı düşdükdə isə az əmtəə və xidmətlər çıxarırlar.
Tələb və təklif qanunlarının, habelə tarazlıq qiymətləri-nin əmələ gəlməsi prinsiplərinin nəzərdən keçirilməsi aşağı-dakı nəticələri çıxarmağa imkan verir:
1) Bazar münasibətləri şəraitində həm satıcıların, həm də alıcıların mənafelərinin əlaqələndirilməsini təmin edən mexanizm fəaliyyət göstərir.
2) Bazarda formalaşmış və mövcud olan tarazlığı pozan hər hansı bir hadisə, məsələn, istehlakçıların zövqünün və buna uyğun olaraq tələbin dəyişməsi baş verirsə, onda:
- Istehsalçı firmalar bazar şəraitinin dəyişməsinə dərhal münasibət bildirirlər və deməli, tələbin artması həmin məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır. Çünki tələb istehsalçılara öz səylərini hansı istiqamətə yönəltməyi «məsləhət görür»;
- Istehsalçıların və alıcıların yeni şəraitə uyğunlaşmaları prosesi başlayır, bunun nəticəsində yeni bazar qiyməti və istehsalın yeni həcmi formalaşır.
3) Bütün bunlar inandırıcı surətdə göstərir ki, bazar mü-nasibətlərinə əsaslanan iqtisadi sistem inzibati-amirlik me-todlarına əsaslanan iqtisadi sistemə nisbətən daha səmərə-lidir və müəyyən üstünlüklərə malikdir.
Dostları ilə paylaş: |