Z. Abdullayev, Z.Bağırova. Müəssisənin iqtisadiyyatı. Dərslik. Bakı, 2003
В.Д.Грибов, В.П.Грузинов. Экономика предприятия: Учебник. – М. ИНФРА-М, 2013
Экономика, организация и управление на предприятии. Учебное пособие / А.В.Тычинский и др. Под ред. М.А.Борисовской. – Ростов н/Д: Феникс
Sual 1. İstehsal xərcləri və məhsulun maya dəyərinin mahiyyəti Bazar münasibətləri şəraitdində firma (müəssisə) mülkiyyətçidən ayrıldığından, əlahidələşdiyindən həm hüquqi, həm də iqtisadi cəhətdən suverenlik qazanır və öz fəaliyyətini müstəqil surətdə həyata keçirir – planlaşdırır və idarə edir; qurduğu iqtisadi əlaqələr və idarəetmə sistemi istehsal firmasının yeri və rolunu daha da artırır və mürəkkəbləşdirir.
Bazar iqtisadiyyatı şəraitində firmanın fəaliyyətinin əsas məqsədi, atributu onun gəlirli olması və rentabelli işləməsidir. Bu isə, əsasən, iki amildən – xərclərin səviyyəsindən və məhsulun qiymətindən birbaşa asılı olur. Hər hansı bir firmanın fəaliyyətinin əsas motivi istehlakçıların tələbatlarını ödəməklə məhsul satışından maksimum mənfəət əldə etmək, başqa sözlə, məhsulun satış qiyməti ilə onun istehsal və satışına çəkilən xərclərin məbləği arasındakı fərqi birincinin xeyrinə artırmaqdır. Bütün hallarda bu starteji məqsədin həyata keçirilməsi istehsal xərclərinin həcmi və səviyyəsi, həmçinin istehsal edilən məhsula olan tələbin həcmi və məhsulun qiyməti ilə məhdudlaşır. Çünki məhsulun istehsalına çəkilən xərclərin səviyyəsi mənfəətin kütləsini məhdudlaşdıran, tələb və təklifin nisbətinə, tarazılığına təsir edən əsas amillərdən biridir.
Bazarda azad və mükəmməl rəqabətin mövcudluğu şəraitində qiymətin səviyyəsi istehsalçıların (satıcıların) və istehlakçıların (alıcıların) istək və iradəsindən asılı olmayaraq tələblə təklif arasındakı nisbət əsasında müəyyən edilir. Deməli, belə bir şəraitdə firmanın mənfəətinin artırılmasına yalnız istehsal xərclərini azaltmaq yolu ilə nail olmaq olar.
İstehsal firması özünün fəaliyyəti prosesində əsas və dövriyyə fondlarının satın alınması, məhsul istehsalı və onun satılması, kollektivin sosial inkişafı və s. məqsədi ilə xərclər çəkir. Şübhəsizdir ki, bu xərclərin tərkibində məhz məhsul istehsalına çəkilən xərclər ən yüksək paya, xüsusi çəkiyə malikdir.