«Sair istehsal xərcləri» xərc maddəsində elmi-tədqiqat və təcrübə-sınaq işlərinə sərf edilən məsrəflər; məhsulun təminatlı (zəmanətli) xidməti və təmiri ilə ləaqədar olan xərclər; yuxarda göstərilən maddələrə aid olmayan digər xərclər uçota alınır.
«İstehsaldankənarxərclər» xərcmaddəsində məhsulun satışı xərcləri; məhsulun satılmaması və ya vaxtında satılmaması nəticəsində yığılıb qalması ilə əlaqdar yaranan xərclər; məhsulun qablaşdırılması, onun təyinat məntəqəsinə çatdırılması və bu zaman həyata keçirilən yükləmə-boşaltma əməliyyatlarına çəkilən xərclər nəzərə alınır.
Ümumsex və ümumzavod xərcləri məhsul vahidinin maya dəyərinə istehsal fəhlələrinin əsas əmək haqqının ümumi məbləğinə və ya avadanlığın saxlanması və istismarı xərclərinə mütanasib nisbətdə daxil edilir. İstehsal xərcləri tərkibinə görə sadə və kompleks xərc maddələrinə bölünür. Sadə xərc maddələrinə yalnız bir xərc elementindən ibarət olan xərc maddələri aid edilir. Məsələn, xammal və material, satın alınmış dəstləşdirici məmulat və yarımfabrikatlar, istehsal fəhlələrinin əsas və əlavə əmək haqqı, texnoloji ehtiyaclar üçün yanacaq və enerji məsrəfləri sadə xərc maddələrinə aiddir. Kompleks xərc maddələrinə isə bir neçə xərc elementindən ibarət oan, yəni tərkibinə müxtəlif növ məsrəflərin daxil olduğu xərc maddələri aid edilir. Bura avadanlıqların saxlanması və istismarı xərcləri, ümumsex xərcləri, ümumzavod xərcləri, zay məhsul istehsalı nəticəsində yaranan itkilər aiddirlər. Məsələn, zay məhsul istehsalı nəticəsində yaranan itkilərə zay (çıxdaş edilmiş) məhsulun yararlı hala salınmasına sərf edilən xammal, material və yarımfabrikatların dəyəri, qüsurun aradan qaldırılması işini yerinə yetirən işçilərin əmək haqqı, həmçinin avdanlıqların saxlanması və istismarı xərclərinin və ümumsex xərclərinin müvafiq hissəsi aid edilir.
Məhsul istehsalının həcmindən asılılıq dərəcəsinə görə xərclər a) şərti-dəyişən və ya birbaşa xərclərə və b) şərti-sabit və ya dolayı xərclərə bölünürlər.