Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan



Yüklə 0,65 Mb.
səhifə43/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   39   40   41   42   43   44   45   46   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Mövzu 7. Maliyyə mönasibətləri və vergiqoyma

Plan

1.Maliyyə münasibətləri və maliyyə sistemi. Maliyyə fondları.

2. Dövlət büdcəsinin gəlirləri və xərcləri. Büdcə kəsiri və onun aradan qaldırılması yolları.

3.Vergi, onun mahiyyəti və növləri. Birbaşa vergilər. Dolayı vergilər. Verginin funksiyaları.

4.Vergi sistemi və vergi siyasəti. Vergi siyasətinin əsas istiqamətləri. Fiskal siyasət, onun mahiyyəti və rolu. Vergi-büdcə siyasəti, onun məqsədi və vəzifələri.
Maliyyə olduqca gərəkli, zəruri və vacib iqtisadi alətdir, o iqtisadi münasibətlərin tərkib hissəsidir. Cəmiyyətin formalaşmasında və fəaliyyətində iqtisadi alət kimi maliyyənin xüsusi rolu vardır. ”Maliyyə” anlayışı latınca “finansiya”- sözündən əmələ gəlib tədiyə, gəlir mənasını ifadə edir.

“Maliyyə” dövlətin gəlir və xərclərini ifadə edən iqtisadi münasibət, bir anlayış kimi XIII-XV əsrlərdə İtaliyada, XVI əsrdə Fransada işlədilmişdir. Getdikcə əmtəə-pul münasibətlərinin inkişafı nəticəsində “maliyyə”” termini dünyanın bir sıra ölkələrində daha geniş status almışdır.

Maliyyə anlayışı pul münasibətlərini ifadə etsə də, o, bütövlükdə pul münasibətlərini tam ifadə etmir. Yəni pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş tutumlu anlayışdır.

Pul münasibətləri dövlətlə müəssisələr, dövlətlə əhali, müəssisələrarası, dövlətlə digər subyektlər arasında geniş pul münasibətlərini ifadə edir.

Maliyyə münasibətləri bilavasitə pul fondlarının yaradılması, bölgüsü, yenidən bölgüsü və istifadəsi üzrə münasibətlər sistemini əhatə edir.

Maliyyənin məzmunu və fəaliyyət mexanizmi onun yerinə yetirdiyi aşağıdakı funksiyalarda ifadə olunur:

1. İstehsal funksiyası, yəni ölkədə geniş təkrar istehsalın fasiləsiz olaraq baş verməsi, stabilliyin təmin olunması, istehsal və tədavül fondlarının hərəkəti maliyyə təminatından daha çox asılıdır.

2. Bölüşdürücü funksiya vasitəsi ilə ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir.

3. Nəzarət funksiyası vasitəsilə cəmiyyətdə pul fondlarının yaranması, bölgüsü və istifadəsi üzərində iqtisadi nəzarət həyata keçirilir. Maliyyə nəzarəti istehsal dairəsindən başlayaraq bölgü, mübadilə və istehlak sferasını da əhatə edir. Maliyyə vasitəsi ilə dövlət tərəfindən cəmiyyətin maddi və pul resursları üzərində ciddi nəzarət həyata keçirilir.

4. Maliyyənin stimullaşdırıcı funksiyası vasitəsilə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul fondlarının yaradılması, bölgüsü və istifadə olunmasında həvəsləndirici motivlərin rolu daha da güclənir və nəzərə alınır.

5. Maliyyənin tənzimlənmə funksiyası vasitəsilə dövlət iqtisadiyyatın sabitliyini, inflyasiyanın səviyyəsini tənzimləyir və əhalinin sosial problemlərinə bilavasitə təsir göstərən iqtisadi metodları hərəkətə gətirir.

Maliyyənin mövcud funksiyaları maliyyə sistemi vasitəsilə reallaşır. Maliyyə sistemi ölkədə pul vəsaitləri fondlarının yaranması, bölgüsü, yenidən bölgüsü və istifadə olunmasının forma və metodlarını özündə birləşdirir. Azərbaycan Respublikasının mövcud maliyyə sisteminə aşağıdakı maliyyə strukturları daxildir:

1. Dövlət maliyyəsi.

2.Müəssisə, idarə və təşkilatların maliyyəsi.

3. Sığorta maliyyəsi

4. Kreditləşmə sisteminin maliyyəsi.

5. Beynəlxalq maliyyə.

Dövlət maliyyəsinə dövlət büdcəsi, büdcədənkənar fondlar və dövlət krediti daxildir. Müəssisə, idarə və təşkilatların maliyyəsinə kommersiya və biznes fəaliyyəti əsasında fəaliyyət göstərən müəssisələrin, dövlət müəssisələrinin, təşkilat və idarələrin, ictimai birliklərin maliyyəsi daxildir. Sığorta maliyyəsinə sosial, şəxsi və əmlak sığortası daxildir. Kredit sisteminin mahiyyətinə dövlət, beynəlxalq və kommersiya bankları vasitəsilə həyata keçirilən kredit əməliyyatları daxildir. Beynəlxalq maliyyə sisteminə ölkələrarası xarici investisiya qoyuluşu, idxal ixrac, kredit, yardım və digər maliyyələşmə əməliyyatları daxildir.

Maliyyə sistemində ölkə iqtisadiyyatını tənzimləyən və maliyyə təminatı yaradan başlıca alətlərdən biri dövlət büdcəsidir.

Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır.

Dövlət büdcəsi öz təşkilati strukturuna görə Respublika dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən və yerli (bələdiyyə, şəhər, rayon) büdcələrindən ibarətdir. Həmin büdcələr öz hüquqlarına, maliyyələşmə mənbələrinə və istifadə mexanizmlərinə görə bir-birindən əsaslı surətdə fərqlənirlər. Göstərilən büdcələr birlikdə büdcə sistemi adlanır.

Respublika dövlət büdcəsi funksional quruluşuna görə gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir.

Respublika dövlət büdcəsinin gəlirləri dövlət və qeyri-dövlət bölməsində yaranır. Dövlət büdcəsinin gəlirlərinə (mədaxilinə) aşağıdakılar daxildir: fiziki şəxslərin gəlir vergisi; hüququ şəxslərin mənfəət vergisi; torpaq vergisi; aksizlər; mədən vergisi; gömrük rüsumları; yol vergisi; birdəfəlik və dövlət rüsumları; dövlət əmlakının satışı və icarəsindən gəlirlər; vergi olmayan gəlirlər; xarici dövlətlərdən və beynəlxaq təşkilatlardan alınan kreditlər üzrə faizlər; məqsədli büdcə fondlarının gəlirləri, neft fondundan ayırmalar və s.

Respublika dövlət büdcəsinin xərc (məxaric) istiqamətlərinə aşağıdakılar daxildir: Azərbaycan Respublikasının dövlət və idarəetmə aparatının saxlanması, elm xərcləri, müdafiə xərcləri, hüquq-mühafizə orqanlarının xərcləri, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat xərcləri, dövlət investisiya xərcləri. İqtisadi fəaliyyətlə bağlı olan xərclər, beynəlxalq təşkilatlara üzvlük haqqı, dövlətin xarici borcları üzrə xərclər, banklarla hesablaşma xərcləri, ekologiya ilə bağlı xərclər və s. Dövlət büdcəsinin xərcləri mərkəzləşdirilmiş və yerli xərclərə bölünür.

Dövlət büdcəsinin gəlir və xərc hissəsinin tarazlı olması hər bir ölkənin sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Lakin büdcə kəsiri ölkədə maliyyə hadisəsi kimi labüddür və bir sıra səbəblər nəticəsində meydana çıxır.

Büdcə kəsiri (defisiti) dövlət büdcəsinin xərclərinin gəlirlərdən artıq olması deməkdir. Büdcə kəsiri ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən bilavasitə asılıdır və ölkənin hər il planlaşdırdığı maliyyə xərclərinin yerinə yetirilməsinə mənfi təsir göstərir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 3-4 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir.

Büdcə kəsirinin əmələ gəlmə səbəbləri aşağıdakılardır:

1. Ölkə iqtisadiyyatına və sosial sferaya böyük həcmdə dövlət vəsaitlərinin xərclənməsi.

2. Fövqəladə təbii və iqtisadi hadisələrlə bağlı olan xərclərin artması.

3. İqtisadiyyatda uzun müddət baş verən böhranla əlaqədar dövlət xərclərinin artması.

4. Ölkədə müdafiə xərclərinin artması.

Dövlət büdcəsinin kəsirinin tədricən aradan qaldırılmasında daxili və xarici mənbələrdən istifadə edir.

Dövlət büdcə kəsirinin ötrülməsini həyata keçirmək üçün ilk növbədə yerli mənbələrdən: vergilərin sayının və vergi daxilolmalarının həcminin artırılması, gömrük rüsumları, əhalidən daxil olan vergilər və ödənişlər, özəlləşdirmədən daxil olan gəlirlər, bank ödənişləri, sığorta gəlirləri, uduş istiqrazları və s.dən istifadə edilir.

Dövlət büdcə kəsirinin aradan qaldırılmasında yerli mənbələrin təsiri zəif olduqda xarici mənbələrdən istifadə edir. Onlardan ən başlıcası xarici ölkələrdən, beynəlxalq banklardan alınan dövlət kreditləri və investisiya vəsatidir.

Dövlət büdcəsinin xərclərinin gəlirdən daha çox olması bir sıra sosial-iqtisadi problemlərin yarnmasına və dövlət borclarının əmələ gəlməsinə səbəb olur. Borcun alınması və qaytarılması borclanma adlanır. Dövlət borcları dedikdə, ölkənin deyil, yalnız hökumətin borcları nəzərdə tutulur.

Dövlət borclanmasının səbəbləri bunlardır:

1. Müharibələrin, təbii fəlakətlərlə əlaqədər xərclərin maliyyələşdirilməsi;

2. İnvestisiyaların maliyyələşdirilməsi;

3. Büdcə tarazlığının təmin olunması;

4. Əvvəlki borcları qaytarmaq üçün borclanma.

Dövlət borcları müddət, mənbə, məcburiyyət əlamətlərinə görə təsnifləşdirilir.

Müddət əlamətlərinə görə dövlət borcları uzunmüddətli və qısamüddətli borclara bölünür.

Dövlət borclarının mənbəyinin bir hissəsini daxili maliyyə bazarlarından dövlət istiqrazları və qiymətli kağızların alqı-satqısı hesabına yaranan daxili borc təşkil edir. Bu borcları milli pul vahidi ilə asanlıqla ödəmək mümkündür.

Xarici dövlət borcları aşağıdakı mənbələrdən əldə edilir:

- xarici dövlətlərdən;

- xarici dövlətlərin banklarından;

- xarici dövlətlərin müəssısə və vətəndaşlarından;

- beynəlxalq maliyyə-kredit təşkilatlarından.

Xarici borclanma kimi alınan kreditlərin əsas formaları bunlardır: investisiya, ixracat kreditləri və tədiyə balanslarının tənzimlənməsi üçün verilən kreditlər..

Dövlətin sosial-iqtisadi vəzifələrinin yetirilməsində dövlət büdcəsinin gəlirlərinin mühüm hissəsini təşkil edən vergilər xüsusi yer tutur. Vergi qədim tarixi olan dövlət gəliridir. Vergilərin yaranma tarixi dövlətlərin təşəkkül tapması və cəmiyyətli siniflərə bölünməsi dövrünə təsadüf edir.

Vergilər dövlətin öz vəzifələrini yerinə yetirmək məqsədilə qanunvericilik əsasında fiziki və hüquqi şəxslərdən məcburi qaydada tutulan rüsumlardir.

Azərbaycan Respublikasında Vergi Məcəlləsinə uyğun olaraq aşağıdakı vergi növləri tətbiq olunur. Bunlar birbaşa və dolayı vergi növlərinə bölünür.

Birbaşa vergilər vergi ödəyicilərinin dövlətə gəlirdən, əmlakdan və sərvətdən istifadəyə görə ödədikləri vergilərdir. Belə vergilərin obyekti kimi vergi ödəyicilərinin gəlirləri və əmlakın dəyəri çıxış edir.

Birbaşa vergilərə aşağıdakılar daxildir: müəssisələrdən mənfəət vergisi; əhalidən gəlir vergisi; torpaq vergisi; əmlak vergisi; royalti vergisi; mədən vergisi; birdəfəlik rüsum; təbii sərvətlərdən istifadəyə görə haqq və s.

Dolayı vergilər əmtəələrin, tariflərin və xidmətlərin qiymətləndirmədən əlavə olaraq qoyulmuş vergilərdir. Dolayı vergilərə bunlar daxildir: əlavə dəyər vergisi; aksizlər; ixracat vergisi; gömrük rüsumu; istehlak vergisi; yol fonduna daxil olan vəsaitlər; yenidən qiymətləndirmədən daxil olan vəsaitlər; patenləşdirmədən daxil olan vəsaitlər və s.

İstifadə edilnıəsinə görə vergilər ümumi (onlar vahid dövlət xəzinəsirıə daxil olurlar) və xüsusi (məqsədli) (məsələn, benzin, yanacaq, sürtgü yağlarından yığılan vergilər ABŞ-da yol fonduna yönəldilir) vergilərə bölünürlər.

Vergi dərəcələrinin tutulma xarakterinə görə vergilər proporsional, proqressiv və reqressiv olurlar.

Proporsional vergi - vergi qoyulan bütürı rnəbləğlər üçün dərəcəsi eyni olan vergidir. Məbiəğ artdıqca orta faiz dərəcəsi yüksələn vergi proqressiv adlanır. Reqressiv vergi məbləğ artdıqca ondan tutulan faiz dərəcəsinin azalmasını nəzərdə tutur. Sonuncu növə adətən dolayı vergilər aiddir.

Vergilər vasitəsi ilə dövlət iqtisadi, sosial və digər ictimai problemləri həll edir.

Bu nöqteyi nəzərdən vergilər aşağıdakı beş əsas funksiyanı yerinə yetirir:

- fiskal funksiya;

- bölüşdürücü funksiya;

- tənzimləyici funksiya;

- inteqrasiyaedici funksiya;

- nəzarətedici funksiya.

Fiskal funksiya. “Fisk” latın sözü olub, zənbil deməkdir. Bu funksiyanın mahiyyəti dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin (mənfəətinin) müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb edilməsidir.

Bölüşdürücü funksiya. Vergilərin bölüşdürücü funksiyasının mahiyyəti ictimai gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölüşdürülməsindən ibarətdir. Başqa sözlə, əhalinin güclü təbəqəsinin vergi yükünün ağırlaşdırılması hesabına vəsaitlər bu kateqoriyadan əhalinin daha zəif kateqoriyalarına ötürülür. Bölüşdürücü funksiyaya misal olaraq aksizləri, mütərəqqi vergitutmanı göstərmək olar.

Tənzimləyici funksiya. Bu funksiya vergi mexanizmləri vasitəsi ilə dövlətin qarşıya qoyduğu müəyyən məqsədlərə nail olunmasına xidmət edir.

Görkəmli ingilis iqtisadçısı C.Keynsin fikrincə vergilər cəmiyyətdə yalnız iqtisadi münasibətləri tənzimləmək üçün mövcuddur.

Vergilərin tənzimləyici funksiyasını təhlil edərkən onun aşağıdakı üç alt funksiyasını qeyd etmək lazımdır:

- stimullaşdırıcı alt funksiya;

- ləngidici alt funksiya;

- təkrar istehsal alt funksiyası.

İnteqrasiyaedici funksiya. XX əsrin sonlarında vergilər bazar iqtisadiyyatının tənzimlənməsi mexanizmlərində keyfiyyətcə yeni bir funksiyanı yerinə yetirməyə başladılar. Bu öz əksini xarici iqtisadi münasibətlərin tənzimlənməsində vergilərin inteq-rasiyaedici funksiyanı yerinə yetirməsində tapmış oldu.

Nəzarətedici funksiya. Dövlət vergilər vasitəsilə müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir. Bu nəzarət vasitəsi ilə dövlət büdcəsinə və vergi sisteminə bu və ya digər düzəlişlərin edilməsi zərurəti müəyyənləşdirilir.

Vergilər sistem halında fəaliyyət göstərir. Vergi sistemi ölkədə istifadə olunan bütün vergi növlərinin məcmusuna deyilir.

Ümumiyyətlə, dörd cür vergi sistemindən istifadə olunur:

1. Proqressiv (mütərəqqi) vergi sistemi.

2. Reqressiv (qeyri-mütərəqqi) vergi sistemi.

3. Qarışıq vergi sistemi.

4. Proporsional vergi sistemi.

Proqressiv (mütərəqqi) vergi sistemi şəraitində vergi ödəyicilərinin gəlirləri artdıqca gəlirə tətbiq edilən verginin dərəcəsi də artır.

Reqressiv (qeyri-mütərəqqi) vergi sisteminə görə vergi ödəyicilərinin gəlirləri artdıqca tətbiq edilən verginin dərəcəsi aşağı salınır.

Qarışıq vergi sisteminə görə gəlirlərin artıb-azalmasından asılı olmayaraq vergi faizi ya dəyişmir, ya da müəyyən həddə qədər artır və sonra azalır, yaxud bunun əksinə olur.

Proporsional vergi sistemi şəraitində gəlirlərin artıb-azalmasından asılı olmayaraq eyni vergi dərəcəsi müəyyən olunur.

Vergi dərəcəsi - hər bir vergi obyektinə görə (əmək haqqının, daşınmaz əmlakın hər vahidinə düşən verginin miqdarı) hesablanan vergi ayırmalarının kəmiyyətidir. Vergi daxilolmalarının həcmi vergi dərəcəsinin kəmiyyətindən daha çox asılıdır. Amerika iqtisadçısı Artur Laffer vergi dərəcələrinin kəmiyyəti ilə dövlət büdcəsinə daxil olan vergi vəsaitləri arasındakı asılılığı aşağıdakı qrafiki təsvir əsasında göstərmişdir.

Burada, X – vergi dərəcələrinin səviyyəsi; Y – büdcəyə vergi daxilolmalarının orta illik həcmi; X0 – optimal vergi dərəcəsi, yəni büdcəyə daxilolmalar maksimum həddə çatır – Y0. Qrafiki təsvir əsasında A.Laffer göstərmişdir ki, heç də daimi olaraq vergi dərəcələrinin artması dövlətin vergi gəlirlərinin çoxalmasına təsir etmir. Bəzi hallarda vergi dərəcələrinin öz həddini ötməsi halları büdcə daxilolmalarının səviyyəsinə bu və ya digər dərəcədə mənfi təsir göstərir.




Y

Büdcəyə vergi Y0

d axilolmaları Y1 Y2

X1 X0 X2

O X

vergi dərəcəsi




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin