Ehtiyat hissələrinə dövriyyə vəsaitlərinin normativi ehtiyat hissələrinin tədarük müddətləri və təmir üçün istifadə vaxtından asılı olaraq onların hər biri üzrə ayrılıqda müəyyən olunur. Normanı, keçmiş illərin məlumatları əsasında analitik metodla əsas fondların balans dəyərinə görə də müəyyən etmək olar.
Azqiymətli və tezköhnələn əşyalar üzrə normativlər alət və tərtibatlar, azqiymətli inventarlar, xüsusi paltar və ayaqqabılar, xüsusi alət və inventarlar üzrə ayrı-ayrılıqda hesablanır. Alət və tərtibatlar üzrə normativlər lazım olan azqiymətli və tezköhnələn alətlərin dəyərlərinin birbaşa hesablanması yolu ilə müəyyən olunur. Azqiymətli inventarlar üzrə normativlər kantor, məişət və istehsal inventarları üzrə ayrı-ayrılıqda hesablanırlar. Bu normativlər yerlərin miqdarı və bir yerə düşən inventar dəstinin dəyəri əsasında müəyyən olunur. Xüsusi paltar və ayaqqabılar üzrə normativlər onların nəzərdə tutulduğu işçilərin sayı və bir dəstin dəyəri əsasında müəyyən edilir. Xüsusi inventar və tərtibatlar üzrə normativ isə onların tələb olunan dəsti, dəyərləri və xidmət müddətləri əsasında hesablanır.
Müəssisədə istehsal ehtiyatlarının normalaşdırılmasının düzgün həyata keçirilməsi dövriyyə vəsaitlərindən səmərəli istifadənin mühüm istiqamətlərindən biridir. Çünki, normalaşdırma ehtiyatların idarəedilmə vasitəsi olmaqla, onlardan istifadə səviyyəsini qiymətləndirməyə imkan verir.
Ümumi nəticə bundan ibarətdir ki, istehsal ehtiyatlarının hər birinin ayrılıqda və hamısının birlikdə təyinatları istehsal prosesinin fasiləsizliyini təmin etməkdir.
Sual 5.
Firmada bitməmiş istehsal və gələcək dövrün xərclərinin normalaşdırılması
Bitməmiş istehsal və özünün hazırladığı yarımfabrikatlar müəssisənin dövriyyə vəsaitlərinin çox mühüm hissəsini təşkil edir. Bitməmiş istehsal dövriyyə fondlarının quruluşunda istehsal ehtiyatlarına nisbətən az xüsusi çəkiyə malik olsa da, firma və müəssisənin iqtisadiyyatında istehsalın təşkili baxımından çox əhəmiyyətlidir. Belə ki, bitməmiş istehsal zadel şəklində texnoloji prosesin bütün mərhələlərində, iş yerlərinin hamısında elə kəmiyyətdə olmalıdır ki, onlar arasındakı istehsal gücü üzrə proporsiyalar pozulmasın. Əgər belə olmazsa, istehsalın ahəngdarlığı pozulur, eyni vaxtdan bir eyni miqdarda məhsul istehsalı qeyri-mümkün olur. Bütün bunlara görə də dövriyyə fondlarının bitməmiş istehsalda olan hissəsi daimi nəzarət tələb edir: onun həcminin normativindən yuxarı qalxmasına, nə də aşağı düşməsinə yol vermək olmaz – hər iki hal müəssisənin iqtisadiyyatına ziyan gətirə bilər.
Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi dörd amildən: istehsal olunan məhsulun həcmi və tərkibindən, istehsal tsiklinin uzunluğundan, məhsulun maya dəyərindən və istehsal prosesində xərclərin artma xarakterindən asılıdır. Məhsul istehsalının həcmi bitməmiş istehsalın kəmiyyətinə birbaşa təsir göstərir: digər şərtlər dəyişməz olduqda, məhsul istehsalı nə qədər çoxdursa, bitməmiş istehsalın da həcmi bir o qədər böyük olur. İstehsal olunan məhsulların həcmi bitməmiş istehsalın həcminə müxtəlif formalarda təsir göstərir. İstehsal tsikli kiçik olan məhsulların xüsusi çəkisi artdıqda bitməmiş istehsalın həcmi azalır və əksinə.
Məhsulun maya dəyəri də bitməmiş istehsalın həcminə birbaşa təsir göstərir. İstehsal xərcləri nə qədər aşağıdırsa, dəyər ifadəsində bitməmiş istehsalın həcmi də bir o qədər az olur. Maya dəyərinin artması bitməmiş istehsalın həcmini çoxaldır.
Bitməmiş istehsalın həcmi istehsal tsiklinin uzunluğundan da bilavasitə asılı olur. İstehsal tsiklinin azaldılması bitməmiş istehsalın da həcminin azalması ilə nəticələnir.