3). Xarakterin aksentuasiyası və tipləri: Aksentuasiya latınca vurğu deməkdir. Biz adətən danışarkən hər hansı bir fikri nəzərə carpdırmaq üçün müəyyən bir sözü xüsusi vurğu ilə deyirik. Xarakterin aksentuasiyası dedikdə onun ayrı-ayrı əlamətlərinin həddindən artıq güclənməsi nəticəsində daha kəskin surətdə nəzərə çarpması başa düşülür. Xarakterin aksentuasiyası mahiyyəti hələ kifaəyət qədər öyrənilməmişdir. Müşahidələr göstərir ki, onun əsas tipləri yeniyetməlik yaşında formalaşsa da, ayrı-ayrı əlamətləri hələ kiçik yaşlarında həyat şəraitinin, tərbiyənin nəticəsi kimi özünü göstərir. Uşağın yaşı artdıqca, xarakterin aksentuasiyası sahəsində də müəyyən dəyişikliklər baş verir. Bəzi hallarda xarakterin aksentuasiyası formunda müxtəlif psixi pozğunluqlar –nevroz, reaktiv depressiya inkişaf edir. Aksentuasiyanın tiplərini xüsusi psixoloji testlərin köməyi ilə müəyyən etmək olar. Leonqard aksentuasiyanın tiplərinin aşağıdakı təsnifatını vermişdir.
Gipertim tip– bu tipə mənsub olan adamlar həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika və pantomimikaları, çox danışan, azdanışan, başladıqları söhbətdən spontan şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq konflikt yaratmaları ilə fərqlənirlər. Müsbət cəhətlərinə gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən, optimist, təşəbbüskar olurlar. Onlar çətin işi, tənhalığı sevmirlər.
Distim tip – onlar üçün zəif təmas, az danışmaq, pessimist əhval-ruhiyyənin üstünlüyü xarakterik haldır. Konfliktə az girir, qapalı həyat keçirməyə meyllidirlər. Onlarla dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi, həqiqəti sevirlər. Passivlik, lənglik, fərdiyyətçilik onlar üçün xarakterik haldır.
Tsikloid tip – bunlara əhval-ruhiyyənin tez-tez dəyişməsi xarakterikdir və bunun nəticəsində ətrafdakılarla ünsiyyət qaydaları dəyişir, əhvalları yaxşı olduqda ünsiyyətli, pis olduqda qapalı olurlar;