Mövzu təhsil sferasinda mаrкеtinqin хüsusiyyəTLƏRI


Ali təhsil xidməti bazarında marketinqin tətbiqi xüsusiyyətlər



Yüklə 343 Kb.
səhifə6/8
tarix01.01.2022
ölçüsü343 Kb.
#106965
1   2   3   4   5   6   7   8
M-vzu-57 (9)

6. Ali təhsil xidməti bazarında marketinqin tətbiqi xüsusiyyətlər

Azərbaycanda ali təhsil milli və dövlət müstəqilliyinin möhkəmləndirilməsınin güclü vasitələrindən biri hesab edilir. Müstəqil dövlətdə təhsilin inkişaf səviyyəsi cəmiyyətin iqtisadi və sosial rifahı durumunu müəyyən edir. Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa edərkən bir çox problemlərin həlli ön plana çəkilmiş, onların da arasında təhsil sahəsi dövlət siyasətində aparıcı yerlərdən birini tutmuşdur. Ölkədə ictimai, siyasi və iqtisadi sahədə olan problemlərin həlli təhsil sferasının inkişafına yönəldilmişdir.

Təhsil haqqında Azərbaycan Respublikası Qanununun qəbulu və 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası ilə ali təhsilin demokratik prinsiplər əsasında inkişafının hüquqi əsasları müəyyən edilmiş və ali təhsil müəssisələrinin fəaliyyətinin təşkili üçün möhkəm zəmin yaradılmışdır.

Azərbaycanda ali təhsil sisteminin strukturunun təkmilləşdirilməsi və mütəxəssislərin peşəkarlıq səviyyəsinin keyfiyyətinin yüksəldilməsi mühüm sosial – mədəni problem kimi, bazar iqtisadiyyatının yeni sosial-iqtisadi tələblərinə uyğun həll olunması müəyyən edilmiş və son illərdə bu sahədə xeyli işlər görülmüşdür. 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramına uyğun olaraq yeni mütərəqqi konsepsiyalar, tədris-təlim prosesində müasir pedaqoji texnologiya və elmi-metodiki nailiyyətlərin tətbiqi əsasında ali təhsilin inkişafı nəzərdə tutulmuşdur.

Dövlət Proqramına əsasən 2009-2013-cü illər üçün ali təhsildə elektron idarəetmə sisteminin qurulması, ali təhsilin vahid informasiya bazasının yaradılması, ali təhsil sisteminin kadr potensialının Avropa standartlarına uyğun formalaşdırılması, ixtisaslar üzrə elmi-pedaqoji kadrlara olan tələbatın müəyyənləşdirilməsi, müasir tipli universitet və bəzi ali məktəblər üçün şəhərdən kənarda şəhərciklərin yaradılması barədə təkliflərin hazırlanması və s. planlaşdırılmışdır.

Azərbaycanda bazar iqtisadiyyatına keçiddən sonra təhsil xidməti bazarının formalaşması nəticəsində təhsilin strukturu və texnologiyasının inkişafı, həm də təhsil sfrerasında əhalinin ehtiyacı, tələbatı və tələbinin ödənilməsinə yönəlmiş insan fəaliyyətinin bir növü kimi marketinqin təkamül dövrü başlamışdır. Hazırda marketinqin tətbiqinin zəruriliyi şəraitində ölkə üzrə təhsil xidməti bazarının hələ də tam formalaşmaması, bir çox ali məktəblərdə marketinqin rolu haqqında dəqiq təsəvvürün olmaması və onun yalnız reklam kimi birtərəfli anlaşılması ilə şərtlənir.

Məlum olduğu kimi, BMT XXI əsri “Təhsil əsri” elan etmişdir. Azərbaycan artıq 2005-ci ildən “Bolonya” prosesinə qoşulmuş və 2009/2010-cu tədris ilindən ölkənin bütün ali məktəbləri biliyin qiymətləndirilməsinin “kredit” sisteminə keçmişdir. Azərbaycan Respublikasının Ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının tələblərinə uyğun ölkənin ali təhsil müəssisələrinə xeyli müstəqillik və geniş səlahiyyətlər verilmişdir. Belə bir şəraitdə ali təhsildə marketinq xidmətinin yaradılması və formalaşdırılması zərurəti təhsil xidməti bazarında mühüm əhəmiyyət kəsb etməyə başlamışdır.

Son illər Respublikanın ali məktəblərinə qəbul olan tələbələrin ümumi sayı xeyli artmışdır. Lakin, statistik məlumatlara görə bu artım inkişaf etmiş ölkələrlə müqayisədə xeyli azdır. Əhalinin hər 10.000 nəfərinə ABŞ-da 445, Böyük Britaniyada 276, MDB ölkələrindən Rusiyada 449, Qazaxıstanda 510 olduğu halda, Azərbaycanda cəmi 156 nəfər tələbə düşür. Buna baxmayaraq, ölkədə təhsil siyasətinin uğurla həyata keçirilməsi və insan kapitalına diqqət dövlətin güclü müdafiəsindədir. Təhsilin inkişafına ayrılan dövlət vəaiti ildən-ilə artır və dövlət vəsaiti hesabına təhsil alan tələbələrin sayı da müvafiq olaraq ildən-ilə artırılır.

Araşdırmalar göstərir ki, ayrilan dövlət vəsaitindən və ödənişli əsaslarla təhsil xidmətindən əməkdaşların faydalanması, onların tələbat və ehtiyaclarının öyrənilməsi, ali təhsilli kadrlara tələbatın optimal qiymətləndirilməsi üçün marketinq xidməti əvəzsiz rol oynayır.

Qeyd etmək lazımdır ki, rəqabət bazarı şəraitində təhsil xidməti marketinqinin, praktiki tətbiq sferasında, xarakterik xüsusiyyətləri vardır. Onlara məxsus əsas praktiki cəhətlər hər hansı mal və ya xidmət bazarının marketinqindən fərqlənmir. Təhsil xidməti bazarının məhsulu dedikdə, bu bazarın subyektləri (ali məktəb, fərdi müəllimlər, peşə məktəbləri, kollec və s.) tərəfindən təklif edilən bilik, bacarıq və vərdişlərdən başqa, istehsal etdiyi və hazırladığı elm tutumlu mallar, proqramlar, müvafiq təklif və tövsiyələr nəzərdə tutulur.

Təhsil sferasında xidmət təklif edənlər və onların istehlakçıları arasında sazişlər mübadilə vasitəsilə (tələb və təklif) həyata keçirilir. Təhsil xidmətinin istehlakçıları kimi, adətən gənclər çıxış edir. Bu və ya digər formada xidmət alan gənclərin motivasiyası, yuxarı yaşda olan adamların motivasiyasından ciddi surətdə fərqlənir.

Ali təhsil müəssisələrində aktiv və düşünülmüş marketinq siyasətinin əhəmiyyəti düzgün anlaşılmalı, bazarın uyğun tədqiqi və reklam tədbirləri bütün tədris ili ərzində planlaşdırılmalı və sistematik olaraq aparılmalıdır. Ali təhsilin marketinq tədqiqinə görə, hal-hazırda ölkədə təhsilin bakalavriyat səviyyəsinin 8 ixtisas qrupunda 150 ixtisas üzrə, magistratura səviyyəsinin 8 ixtisas qrupunda isə təqribən 141 ixtisas və 742 ixtisaslaşma üzrə kadr hazırlanır.

Respublikamızda hazırda ali təhsilə xidmət iştirakçılarının bir çox ixtisaslar üzrə təklifi bəzi hallarda tələbi üstələyir və ya əksinə, tələb təklifdən yüksək olur. Bu da ali təhsildə tələb və təklif nisbətinin pozulmasına səbəb olur ki, nəticədə marketinq xidmətinin təşkili zərurəti yaranır. Ali təhsildə xidmət bazarında vəziyyətin və təkrar marketinqə dair informasiya əsasında onun tədqiqinin nəticələri göstərir ki, 2012/2013-cü dərs ilinin əvvəlinə Azərbaycanda dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin sayı 51, onlarda təhsil alan tələbələrin sayı 145,6 min nəfər, o cümlədən təhsilalma formaları üzrə əyani 118,1 min nəfər, qıyabi 27,5 min nəfər təşkil edir. 2012/2013-cü dərs ilində əhalinin hər 10.000 nəfərinə düşən tələbələrin sayı 156 nəfər, ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı bakalavriyyat üzrə 31,2 min nəfər, magistratura üzrə 4,2 min nəfər olmuşdur. Təkcə, 2011/2012-ci dərs ilinin əvvəlinə respublikanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrini 30,8 min nəfər bitirmişdir ki, onlardan da 27,4 min nəfərini bakalavriyat, 3,4 min nəfərini isə magistr səviyyəsi üzrə məzunlar təşkil edir.

Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrini bitirən mütəxəssislərin istiqamətlər üzrə bölgüsünün marketinq tədqiqi göstərir ki, 2011-ci ildə 2005-ci ilə nisbətən respublikanın ali təhsil müəssisələrini bitirənlərin sayı 5,2 faiz, o cümlədən bakalavr səviyyəsi üzrə 3,9 faiz, magistr səviyyəsi üzrə isə 15 faiz azalmışdır. Bu azalma bakalavr səviyyəsi üzrə əsasən təbiət elmləri (12,5%), maarif (31,1%), təbiət-texniki (25%), texniki, aqrar və balıq təsərrüfatı (5,5%) istiqamətləri üzrə olmuşdur. Müqayisə edilən dövrdə humanitar və sosial istiqamət üzrə mütəxəssislərin buraxılışı 9,6 % artmış, iqtisadiyyat və idarəetmə, həmçinin ekologiya və təbiətdən istifadə istiqamətləri üzrə dəyişməz olaraq qalmışdır.

Gələcək tələbələr və onların valideynləri adətən ixtisas seçimində müxtəlif mülahizələrə, o cümlədən gözlənilən gəlirlərə, ixtisas üzrə işədüzəlmə ehtimalına, fərdi yanaşmaya, bu və ya digər fənlərin öyrənilməsində çətinliklərə, uyğun profil üzrə ali məktəblərin mövcudluğuna, həmçinin müəyyən dərəcədə “dəbdə” olan ixtisaslara əsaslanırlar. Bu hallarda daha istedadlı və yaxşı hazırlıqlı gənclərin seçilməsi xüsusi maraq doğurur. Çünki onlar ixtisas seçiminə daha məsuliyyətli və düşünülmüş halda yanaşır və proqramın mürəkkəbliyi prinsipial əhəmiyyət daşımır. Aparılmış tədqiqatlar sübüt edir ki, belə tələbələr arasında gələcək mühəndislərin və təbiət elmləri sahəsində mütəxəssislərin payı aşağı, hüquqşünas və idarəetmə kadrların sayı isə yüksək olmuşdur. 2011/2012-ci dərs ilinin əvvəlınə dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində təhsilverənlərin-professor müəllim heyətinin sayı 14650 nəfər təşkil etmişdi.

Azərbaycanın təhsil xidməti bazarının xüsusiyyətlərindən biri, bu xidmətə ali məktəblərin potensial tələbələrinin cəlb olunması üçün apardığı artan rəqabət mübarizəsindən ibarətdir. Çox təəssüflər olsun ki, çoxsaylı faktların təhlilinə əsasən, bəzi ali məktəblərdə tələbələrin hazırlığı profillər üzrə bir qayda olaraq, daha çox ehtiyac duyulan ixtisaslara olan tələbin ödənilməsinə deyil, daha çox cəlbedici – “dəbdə” olan peşə və ixtisaslara yönəlmişdir. Bu da həm kəmiyyət, həm də keyfiyyət komponentləri üzrə əmək bazarı və təhsil xidmətinin balansının pozulmasına səbəb olur. Qeyd edilən problemin həlli subyektiv amillərin deyil, marketinq tədqiqatlarının nəticələrinə əsaslanan düşünülmüş təhsil siyasətinin hazırlanmasından çox asılıdır. Ona görə də, mütəxəssis hazırlığı aparılan konkret istiqamətlərin rəqabətqabilliyinin təmin olunması üçün ali məktəblərin, fakültə və buraxılış kafedralarının daxili və xarici rəqabət strategiyası işlənilməlidir.

Məlum olduğu kimi, ali məktəblərin bilavasitə və potensial təhsil xidməti istehlakçıları tələbələr, ali məktəbin məzunları olan gənc mütəxəssislər, profil üzrə işəgötürənlər və abituriyentlər tədqiqat obyekti hesab edilir. Ona görə də, ali məktəblərin inkişaf etmiş bazar münasibətlərinə uyğunlaşması üçün onarda öz fəaliyyətlərinin, təhsil xidməti və əmək bazarının, həmçinin bu bazarda vəziyyətin təhlili zərurəti yaranır.

Ali məktəblərin rəqabətqabilliyinin və səmərəliliyinin təmin edilməsi üçün təhsil xidməti bazarında səmərəli marketinqin mühüm elementlərindən biri olan fasiləsiz innovasiya fəaliyyətinin çox böyük əhəmiyyəti vardır.

Hazırda, ali təhsil müəssisələrində marketinq xidmətinin yaradılması bazar iqtisadiyyatının strateji və taktiki zərurətindən irəli gəlir. Lakin bir çox təhsil müəssisələrinin hələ də bu xidmətin hansı funksiyaları yerinə yetirməsi, fəaliyyət xüsusiyyətinin nədən ibarət olması, onların ali məktəbin digər strukturları ilə qarşılıqlı fəaliyyətinin həyata keçirlməsi və həmin mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi haqqında tam təsəvvürləri yoxdur. Hər şeydən əvvəl başa düşmək lazımdır ki, müasir iqtisadi şəraitdə təhsil müəssisələri ali məktəbin xarici amilləri və daxili resursları arasında nisbətin öyrənilməsinə imkan verən strateji marketinqin tərkib hissəsi olan innovasiya fəaliyyəti əsasında idarəolunmanın tətbiqini tələb edən bazar münasibətlərinin bərabərhüquqlu subyektlərinə çevrilir. Starteji planlaşdırma və marketinq əsasında innovativ idarəetmə ali məktəbin tədricən inkişafını, təhsil xidməti bazarında onun aktiv davranışını və rəqabətqabillıyini təmin etmək imkanına malikdir. Təhsil müəssisələri ali məktəbdaxili marketinq tədqiqatları əsasında idarəetmə üçün zəruri vasitələri seçir və ali məktəbin məqsədinə uyğun olaraq innovativ xarakterli siyasi qərarları hazırlayır. Ali məktəblərdə starteji marketinq innovasiya xarakterli tədqiqatların aparılmasını zəruri edir, bu isə əməkdaşların elmi-innovasiya fəaliyyətinin stimullaşdırmasına istiqamətləndırilir.

Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, ali təhsil müəssisələrində marketinq xidmətinin əsas funksiyaları həmin müəssisələrdə marketinqin spesifik xüsusiyyətlərini əks etdirən daxili və xarici mühitin təhlilindən başlayır və planlaşdırma həyata keçirilir.

Apardığımız araşdırmalar nəticəsində respublikanın ali təhsil xidməti bazarında xarici mühitin təhlili aşağıdakı problemlər üzrə tədqiqatların aparılmasını məqsədəmüvafiq hesab etməyə imkan verir:

- ali təhsil sisteminin inkişafının meyil və əsas istiqamətlərinin müəyyənləşdirilməsini;

- regional əmək bazarı və təhsil xidmətində ali məktəbin fəaliyyət məhsuluna tələbdə dəyişikliyin meyil və amillərinin aşkar edilməsini;

- ali məktəblərarası rəqabətin əsas istiqamətlərinin müəyyənləşdirilməsini;

- əmək bazarı və təhsil xidmətində ali məktəbin fəaliyyərinin araşdırılmasını;

- marketinq sahəsində situasiyanın inkişafının proqnozlaşdırılmasını;

- ali məktəbin marketinq fəaliyyətində güclü və zəif tərəflərin aşkar edilməsini.

Marketinqin tətbiqi və onun tədqiqinin bu istiqamətdə aparılması təhsil xidməti və əmək bazarında ali məktəblərin vəziyyətinin qiymətləndirilməsinə, həmçinin onların strateji məqsədə nail olmaları üçün hazırlıq dərəcəsini müəyyən etməyə imkan verir. Qeyd etmək lazımdır ki, ali məktəblər tədris-təlim, təhsil prosesinin təşkilindən başqa, həm də özünün təsərrüfat fəaliyyətini də həyata keçirir. Bu halda yalnız maliyyə vəsaitinin düzgün xərclənməsi deyil, həm də inzibati-təsərrüfat işlərinin düzgün təşkili və idarə edilməsi vacibdir.

Məlum olduğu kimi, ali məktəblər öz fəaliyyətini əsasən elmi-tədqiqat, metodiki işlərin və pedaqoji prosesin təşkili ilə sıx əlaqədə aparırlar. Bununla əlaqədar ali məktəbin marketinq xidməti:

* iqtisadi informasiyanın toplanması və təhlilini həyata keçirməli, marketinq məhsulları üzrə məlumat bazasını yaratmalıdır;

* təhsil müəssisəsinin təsərrüfat fəaliyyətinin cari və perspektiv planının hazırlanmasında iştirak etməlidir;

* təhsil alanlara və onların istehlakçılarına tələbin proqnozlaşdırılması və bazar konyunkturasının təhlili əsasında marketinq siyasətini hazırlamalıdır;

* ali məktəbin sərgi, yarmarka və reklam tədbirlərində iştirakını təmin etməlidir;

* təhsil müəssisəsinin imicinin formalaşması üzrə təkliflər və perspektiv plan hazırlamalıdır.

Təhsilalan və təhsilverənlərin sayından, təhsil müəssisəsinin böyük və ya kiçikliyindən asılı olaraq ali məktəbin marketinq xidmətinin strukturuna informasiya-analitik qrup, stateji planlaşdırma qrupu, PR-reklam qrupu və operativ marketinq fəaliyyəti qrupunun daxil edilməsi məqsədəuyğundur. Ali məktəblərdə marketinq xidmətinin səmərəli təşkilinin nəticəsi strateji inkişaf, təhsil, elmi-tədqiqat, beynalxalq əlaqələr, maliyyə və inzibati-təsərrüfat fəaliyyəti planının optimal variantının hazırlanmasının təmin olunmasına geniş imkanlar açır.

Təhsil müəssisələrində marketinqin tətbiqi ali məktəbin idarə edilməsi prosesində mövcud problemlərin aradan qaldırılması, onun təşkilati strukturunun düzgün qurulması və dayanıqlı inkişafın təmin edilməsində müəssisənin rəhbərinə hər vasitə ilə kömək etməlidir. Bütün bunlar, təhsil prosesində və elmi fəaliyyətdə yeni texnologiyanın tətbiqi ilə bərabər, ali məktəbin mövqeyinin möhkəmlənməsinə və perspektiv üçün innovativ inkişafın təmin edilməsinə geniş imkanlar açır. Qeyd etmək lazımdır ki, təhsilin marketinqi prinsipcə yeni sistemdir. Onun səmərəli təşkili bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə, o cümlədən Azərbaycanın təhsil bazarında olduqca böyük rol oynayacaqdır.

Ali təhslin marketinqinə ali məktəbin təhsil proqramlarının məzmununun müəyyən edilməsi, başqa sözlə, onun məhsulu, istehlakçıları, alıcıları və məqsədli auditoriya, həmçinin marketinq fəaliyyətinə strateji yanaşmanın məqsəd və prinsipləri aid edilir.

Ali təhsil müəssisəsinin marketinq xidməti təhsil xidməti bazarının tələblərinə uyğun olaraq aşağıdakı analitik funksiyaları yerinə yetirməlidir:

* təhsil xidməti istehlakçılarının təhlili və onların ali təhsilə cari və perspektiv təlabatının müəyyən edilməsini;

* təhsil xidməti bazarında mövcud rəqiblərin təhlili və onların zəif və üstün tərəflərinin aşkar edilməsini;

* ali təhsil müəssisəsinin fəaliyyətinə bu və ya digər formada təsir göstərən digər bazar subyektlərinin fəaliyyətinin təhlil edilməsini;

* təhsil xidməti bazarı və ali məktəblərin fəaliyyətinə makromühit amillərinin təsirinin təhlil edilməsini.

Ümumiyyətlə, rəqabət mühitinin kəskinləşdiyi və dünya bazarına çıxış imkanlarının genişləndiyi şəraitdə marketinq xidməti ali təhsil müəssisəsinin əsas idarəetmə strukturlarından biri olmalıdır. Çünki təhsil xidməti və əmək bazarı onların infrastrukturu, firma və şirkətlərin tələbatı kompleks halda öyrənilmədən ayrı-ayrı ixtisas və fəaliyyət sahələri üzrə ali təhsilli kadr hazırlığı aparılması gözlənilən optimal nəticəni verə bilməz. Buna baxmayaraq, ali məktəblərə tələbə qəbulunda və məzunların bölgüsündə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən (işəgötürənlərin sifarişli kadr hazırlığı və onların ali təhsildən sonrakı dövrdə təcrübə toplamaq üçün işə qəbulu təlimlərinin keçirilməsi) faydalanmaqda, həm də onlara ödənişli əsaslarla qəbulda məhdudiyyətlərin aradan qaldırılmasında kömək göstərilməlidir.

Azərbaycanda 2012-ci ilin əvvəlinə 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərinə 125 nəfər ali təhsilli mütəxəssis düşür ki, bu da 2001-ci ilin əvvəli ilə müqayisədə 15,7 faiz çoxdur. 2011/2012-ci tədris ilində ölkənin ali məktəblərinə tələbələrin qəbulu (bakalavr pilləsinə) 2005/2006-cı dərs ilinə nisbətən 8,7 faiz artsa da, ali məktəbi bitirib diplom alan məzunların sayı müqayisə edilən dövrdə təqribən 4 faiz azalmışdır. Bu disproporsiya ali təhsildə tələb və təklif münasibətlərini, başqa sözlə marketinq xidmətinin tətbiqini sürətləndirməyi və təhsil xidməti bazarının bu əsasda kompleks öyrənilməsini zəruri edir.

Qeyd etmək lazımdır ki, ölkənin əsas iqtisadi fəaliyyət sahələrində ali təhsilli mütəxəssislərin sayının artımı Azərbaycan iqtisadiyyatında insan kapitalının formalaşmasına və ən başlıcası iqtisadi artımın sürəti və keyfiyyətinin yüksəlməsinə şərait yaradır. Azərbaycanda ali təhsil xidməti bazarında vəziyyətin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, ali məktəblərdə marketinq xidmətinin təşkili tələbələrə ölkə iqtisadiyyatının modernləşdirilməsi tələblərinə uyğun ixtisas seçimində əhəmiyyətli dərəcədə təsir göstərir, ali məktəbin təhsil xidməti iştirakçılarının tələbinin optimal müəyyən edilməsinə və ödənilməsinə imkan verir.

Rəqabət mühiti şəraitində Azərbaycanın ali təhsil müəssisələrində marketinq xidmətinin tətbiqinin zəruriliyi, bütünlükdə ölkə üzrə təhsil xidməti bazarının hələ də tam formalaşmaması, bir çox ali məktəblərdə marketinqin rolu haqqında dəqiq təsəvvürün olmaması və onun əsasən reklam kimi birtərəfli anlaşılması ilə şərtləndıyindən, ali təhsil müassisələrində təhsil xidməti bazarı mühitinin yaradılması Azərbaycan təhsil sistemi qarşısında duran əsas problemlərdən hesab edilməlidir.

Hazırda, ali məktəblərdə marketinq xidmətinin yaradılması bazar iqtisadiyyatının strateji və taktiki zərurətindən irəli gəldiyindən, ali məktəblərin rəqabətqabilliyinin və səmərəliliyinin təmin edilməsi üçün təhsil xidməti bazarında səmərəli marketinqin mühüm elementlərindən biri olan fasiləsiz innovativ inkişafın çox böyük əhəmiyyəti vardır. Ona görə də, təhsil müəssisələri ali məktəbdaxili marketinq tədqiqatları əsasında idarəetmənin zəruri vasitələrini seçməli və ali məktəbin əsas məqsədlərinə uyğun olaraq innovativ qərarlarını hazırlamalı, ən başlıcası isə təhsil xidməti bazarını kompleks öyrənərək təhsil xidməti istehlakçılarına tələbatı müəyyən etməlidir.

Müasir dövrdə ölkənin ali məktəblərində marketinq xidmətinin olmaması və ya aşağı səviyyədə olması innovativ fəaliyyət üçün tələb olunan kadr hazırlığına mənfi təsir göstərir. Ümumiyyətlə, Azərbaycanın ali məktəblərində təhsil xidməti bazarının modernləşməsi, təhsilin keyfiyyəti problemlərinin həlli və müxtəlif ixtisaslara tələb olunan yerlərin formalaşması məqsədilə ali təhsilin marketinq xidmətinin inkişafına xüsusi diqqət yetirilməlidir.




Yüklə 343 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin