Elm Qur`anda
Dini elmdən ayırmaq insafsızlıqdır. Tarixə nəzər saldıqda elmlə din arasında ziddiyyət yox, əksinə vəhdət və sıx əlaqə olmuşdur. Bə`zən elə insanlara rast gəlmək olur ki, Qur`anı elmdən ayırır və bunların tamamilə bir-birinə zidd olduğunu isbat etmək istəyir. Halbuki, onlar az da olsa, bu barədə araşdırma aparsalar, onda bu ikisinin bir-birindən ayrılmaz olduğunu müşahidə edərlər. Sözümüzə dəlil olaraq aşağıdakılara diqqət edək:
Hər bir şeyin, o cümlədən canlı və cansızın yaradıcısı tək olan Allahdır. Deməli, bütün elmlərin yaradıcısı – Odur.
Elm - ərəb kəlməsidir. Ana dilimizdə isə “bilik” mə`nasındadır. Qur`anda “elm” sözü 779 dəfə işlənmişdir. Bu da öz növbəsində Qur`anda kəlmə sayına görə altıncı yerdə durur. Birinci yerdə duran “Allah” kəlməsidir ki, iki mindən çox ayədə təkrar olunmuşdur.
Qur`ani-Kərimin ən böyük mö`cüzə olmasının səbəbi budur ki, yüzlərlə ayə elmdən xəbər verir. Bunu hətta materialist alimlər belə təsdiq edir. Bir neçə ayəni yada salmaq istərdik:
1) «Bağışlayan və mehriban Allahın adı ilə. And içirəm Qiyamət gününə! Və and içirəm özünü məzəmmət edən nəfsə (mö`minin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)! Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik? Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik!»1
Insanın barmaq izləri onun “şəxsiyyət vəsiqəsi”dir. Ümumiyyətlə Qur`anda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olması bildirilir. Bu ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz, təkrarsız və tamamilə özünəməxsusdur. Tibb elminin “doktilaskopiya” sahəsi də barmaq izlərini müəyyənləşdirən əsas vasitədir. Cinayətkarın tapılmasında və s. mühüm işlərdə həmin cizgilər köməyə çatır. Bu da on doqquzuncu əsrin axırları kəşf edilmişdir.
2) «Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq. Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!»1
Dölün ana bətnindəki inkişafını araşdıran elm sahəsi embriologiyadır. Mikroskop icad olmamışdan qabaq bu elm yaxın zamanlara qədər elə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə də bə`zi adamlar bu ayələrin elmlə düz gəlmədiyini uzun zaman ərzində iddia ediblər. Lakin mikroskopik araşdırmalar göstərdi ki, dölün ana bətnindəki inkişafı prosesi məhz Qur`anda təsvir olunmuş ardıcıllıq üzrə gedir.
3) «Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.»1
Orta məktəb dövründən bilirik ki, küləklər tozlandırıcı xüsusiyyətə malikdir. Belə ki, əksər açıq toxumlu və çiçək verən bütün toxumlu bitkilər, şam ağacları, palmalar, habelə çəmənlik otları və s. küləklərlə mayalanır. Külək çiçək tozlarını bitkilərdən alıb onları eyni növdən olan başqa bitkilərə apararaq mayalanma prosesini həyata keçirir.
Bir sözlə bu elmi həqiqətlər 14 əsr bundan öncə Qur`anda öz əksini tapmışdır.
Dostları ilə paylaş: |