İSLAMDA ÜMUMİ TƏ`LİM-TƏRBİYƏ
Elm öyrənmək islamda dini vəzifələrdən biridir. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Elm əldə etmək hər bir müsəlman üçün vacibdir.”1 Qəti sənədlərlə sübut olunan rəvayətlərə əsasən, elm dedikdə, islamın üçlük təşkil edən prinsipləri – tövhid, nübuvvət və məadla bilavasitə bağlı olan məsələlər nəzərdə tutulur. İslam qanunları və hökmlərinin geniş şəkildə öyrənilməsinə gəldikdə isə, hər bir şəxsə ehtiyac duyduğu məsələlri öyrənmək vacibdir.
Mə`lum olduğu kimi, üsulidin barəsində lazım olan mə`lumatları əldə etmək icmali dəlil əsasında olsa belə, hamı üçün müyəssərdir. Lakin dini qanun və hökmlərin müfəssəl şəkildə öyrənilməsi, kitab və sünnətin əsil mənbələrindən yüksək şəkildə istifadə etmək hamı üçün müyəssər deyildir və bu işə yalnız bə`zi şəxslərin iste`dad və imkanı çatar.
İslam dinində insanın bacarıq və imkanı çatmayan işlərə hökm verilməmişdir. Buna görə də dəlil əsasında dini qanun və hökmləri əldə etmək vacibi-kifayi olaraq, bu işə bacarıq və səlahiyyəti çatan şəxslərə vacibdir; yerdə qalan şəxslərin vəzifəsi isə “savadsız və ya mə`lumatsız şəxslərin alimə müraciət etməsinin vacibliyi” əsasındadır. Yə`ni, ümumi qayda bundan ibarətdir ki, dini elmlər üzrə mütəxəssis olmayanlar qeyd olunan şəxslərə (müctehid və fəqihlərə) müraciət etməlidirlər. Əlbəttə, bu cür müraciət və təqlid Qur`anın aşkar şəkildə buyurduğu kimi, üsulidində təqlidin qadağan olunmasından tamamilə fərqlidir.2
Qeyd etmək lazımdır ki, şiələr ibtidai müraciətlə dünyadan getmiş müctehidə təqlid etməyi caiz bilmirlər. Yə`ni, məsələni ictihad yolu ilə əldə edə bilməyən və dini vəzifəsində müctehidə təqlid etməli olan bir şəxs dünyadan getmiş bir müctehidin nəzərinə əməl edə bilməz. Amma diri müctehidin icazəsi ilə dünyadan getmiş bir müctehidin fətvalarına əməl etmək olar.
Bu məsələ şiə fiqhinin həmişə inkişafda olmasının, onun canlı və təravətli qalmasının ən mühüm amillərindən biridir; belə ki, müəyyən şəxslər daim ictihad dərəcəsinə çatmaq üçün çalışmış və fiqhi məsələləri dəqiq şəkildə araşdırmışlar. Lakin əhli-sünnət alimləri hicri tarixi ilə beşinci əsrdə yaşamış dörd fəqihdən - Əbu Hənifə, Malik, Şafei və Əhməd ibni Hənbəl kimi fəqihlərdən birinin məzhəbinə tabe olmağın vacibliyi barədə fikir birliyinə gəldikləri üçün azad ictihadı, həmçinin bu dörd fəqihdən başqasına təqlid etməyi caiz bilməmişlər. Ona görə də bu məzhəbdə nəzərə çarpacaq dərəcədə inkişaf olmamışdır və onların fiqhləri təqribən 1200 il bundan qabaqkı səviyyədə qalmışlar. Son zamanlar onlardan da bə`zilərinin qeyd olunan icmadan imtina edərək azad ictihada başladığı söylənilir.
Dostları ilə paylaş: |