İNSAN VƏ DÜNYANIN RABİTƏSİ YOLU İLƏ BAŞQA BİR NƏZƏR
Keçən fəsildə Allahın varlığının isbat edilməsi üçün gətirilən yol çox sadə və aydın bir yoldur ki, insan öz fitrəti ilə onu qət edir və burada heç bir müəmma, anlaşılmazlıq yoxdur. Lakin insanların əksəriyyəti daim maddi işlərlə məşğul olduğundan, maddi və hissi ləzzətlərdə qərq olduğundan, adətən Allahın onlara verdiyi sadə və pak fitrətə müraciət edə bilmirlər.
Buna görə də öz pak ayinini bütün dünyaya təqdim edən, dini məqsədlər müqabilində hamını bərabər hesab edən islam dini Allahın varlığını bu kimi insanlar üçün başqa yolla isbat edir; sadə fitrəti camaatın diqqətindən uzaq saxladığı həmin yolla danışaraq Allahı tanıtdırır.
Qur`ani-Kərim Allahı tanımağı müxtəlif yollarla ümum camaata öyrədir, hər şeydən artıq onların nəzər diqqətini yaradılış aləminə, onda hakim olan dəqiq qanunauyğunluqlara yönəldir, asimanlarda və insanın öz nəfsində dərindən düşünməyə də`vət edir. Çünki insan öz qısa həyatında hər bir yolu seçsə və dünyəvi maddi ləzzətlərə nə qədər qərq olsa belə, yaradılış aləmi və ona hakim olan qanunlardan kənarda qalmayacaq, onun şüur və idrakı asimanın və yerin heyrətamiz səhnələrinə tamaşa etməkdən doymayacaqdır.
Gözümüz önündə olan ucsuz-bucaqsız yaradılış aləminin1 hər bir hissəsi ayrı-ayrılıqda, eləcə də məcmu halında daim dəyişilir, hər an özünə yeni-yeni şəkil və cilvələr alır.
Heç bir istisna qəbul etməyən qanunların tə`siri altında gerçəklik libası geyən varlıqların hamısının – ən uzaq qalaktikalardan tutmuş, dünyanın elementar hissələrini təşkil edən ən kiçik zərrəciklərə qədər hər bir varlığın özünəməxsus və heyrətamiz qanunauyğunluqları vardır; onlar öz qanunauyğunluqları əsasında cərəyan edir, öz əməli şüalarını ən ibtidai vəziyyətdən başlayaraq ən kamil nöqtəyə doğru sövq etdirir və nəticədə kamal dərəcəsinə çatırlar.
Xüsusi nizamlardan yüksəkdə dayanan daha ümumi nizamlar və nəhayət dünyanın heç bir qanunauyğunluqlarına sığmayan varlıqların ümumi sistemlərini bir-biri ilə əlaqələndirən nizamlar vardır ki, cüz`i sistemləri bir-birinə qovuşdurur və özünün davamlı cərəyanında heç vaxt istisnaya yol vermir; bu qanunlar heç bir vaxt pozulmur.
Yaradılış dünyası hər hansı bir varlığa yer üzündə yer verirsə onun vücud və quruluşunu elə xüsusiyyətlərə malik edir ki, onun öz yaşayış mühiti və həyat tərzi ilə uyğun olsun; yaşadığı mühiti də elə tənzim edir ki, nəvazişli və mehriban bir dayə kimi onu böyüdüb tərbiyə etsin. Günəş, ay, ulduzlar, su, torpaq, gecə, gündüz, fəsillər, buludlar, küləklər, yağışlar, yeraltı xəzinələr və yerüstü ehtiyatlar hamılıqla öz sərmayə və qüvvələrini insanın asayişi və xatircəmliyi üçün sərf edir. Biz belə bir qanunauyğunluğu və əlaqəni bütün varlıqların arasında, onun uzaq-yaxın qonşuları və onun “yaşadığı evdə” belə görürük.
Bu cür sıx bağlılıq və qırılmaz qanunauyğunluq dünya varlıqlarının hər birinin daxili aləminin təchiz olunmasında da mövcuddur. Yaradılış insan üçün çörək verirsə, onun əldə edilməsi üçün ayaq, onu götürmək üçün əl, onu yemək üçün ağız, çeynəmək üçün diş də vermişdir; zəncir halqaları kimi bir-birinə birləşən bir sıra vasitələr bu varlığı onun əbədi kamal hədəfi ilə əlaqələndirir.
Dünya alimləri e`tiraf edirlər ki, neçə min illik elmi fəaliyyət və sə`ylər nəticəsində əldə olunan saysız-hesabsız rabitələr sonsuzluq təşkil edən yaradılış sirlərindən yalnız cüzi miqdarıdır və bu mə`lum mə`lumatların hər biri bəşəriyyətə sonsuz məchullardan bir növ xəbər verir.
Belə isə, tək-tək üzvləri bir-birindən ayrı olmaqla eyni zamanda həm də vəhdət şəklində olan, öz heyrətamiz bağlılıq və müttəfiqliyi ilə sonsuz elm və qüdrət mənbəyindən xəbər verən bu aləmin heç bir yaradan olmadan təsadüfi olaraq meydana gəldiyini iddia etmək olarmı?!
Görəsən möhkəm və saysız-hesabsız əlaqələr, qanunlar yaratmaqla dünyanı böyük bir vahid şəklində qərar verən, istisnaya yol verilməyən və dəqiq qanunları ilə cərəyanda olan kainatın ümumi nizamlarının, eləcə də cüzi və külli nizamlarının heç bir məqsəd və tədbir olmadan, sadəcə təsadüf üzündən yarandığını iddia etmək olarmı? Yaxud demək olarmı ki, bu varlıqlardan hər biri, dünyanın böyüklü-kiçikli bütün mühitləri yaranmamışdan qabaq özləri üçün bir nizam və sistem qurmuş, müəyyən yollar seçmiş və yarandıqdan sonra da onları icra etməyə başlamışlar?!
Yaxud bu dünya malik olduğu kamil vəhdətdə, bir vahiddən başqa bir şey olmadığı halda, müxtəlif səbəblər tərəfindən yaranıb müxtəlif qayda-qanunlarla hərəkət edirmi?!
Əlbəttə, hər bir hadisə və varlıq üçün müəyyən bir səbəbin olduğunu qəbul edən, bə`zən namə`lum bir səbəbi tapmaq üçün uzun müddətlər tədqiqat aparan, elmi nailiyyətlər ardınca gəzən bir şəxs, dəqiq nəzm və qayda ilə bir-birinin üzərinə düzülmüş bir neçə kərpici müşahidə etməklə onun elmli və qüdrətli bir şəxs tərəfindən icad edildiyini deyir, onların təsadüf üzündən belə bir tərtiblə hörülməsini inkar edir. O, bu işdə müəyyən tədbir və hədəfin olmasına qətiyyətlə hökm edir. Belə bir şəxs heç vaxt dünyanın səbəbsiz olaraq yarandığını, ona hakim olan qayda-qanunların təsadüf üzündən olduğunu fərz edə bilməz.
Deməli, dünya ona hakim olan dəqiq qayda-qanunlar və nəzm əsasında, böyük bir Xaliq tərəfindən yaradılmışdır; O, Özünün sonsuz elm və qüdrəti ilə bu aləmi yaratmış və müəyyən bir hədəfə doğru hərəkət etdirmişdir; dünyada cüzi hadisələri yaradan cüzi səbəblərin hamısının mənşəyi Odur və hər bir cəhətdən Onun tədbiri və təqdiri altındadır; hər bir şey öz varlığında Ona möhtacdır, Onun isə heç bir şeyə ehtiyacı yoxdur. O, heç bir səbəb və şərtdən qaynaqlanmır.
Dostları ilə paylaş: |