USTADIN TƏRCÜMEYİ-HALI
Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai 1904-cü ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq, on dörd nəsli Təbrizin məşhur seyyid və alim sülaləsindəndir. O, Təbrizdə mövcud olan ibtidaidini məktəbi bitirdikdən sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəf şəhərinə yola düşmüş və on il bu yüksək elmi-dini mərkəzdə öz elmini təkmilləşdirməyə, müxtəlif İslam elmlərinə yiyələnməyə başlamışdır. Fiqh və üsul elmlərini tanınmış alim Naini və Kompanidən, fəlsəfəni Seyyid Hüseyn Badkubeyidən,1 riyaziyyatı Ağa Seyyid Xonsaridən və əxlaq elmini isə Hacı Mirza Əli Qazidən2 öyrənmişdi. Ustad 1935-ci ildə təhsilini başa vurub öz vətəninə qayıtmışdır.
Əllamə Təbatəbai təkcə fiqh və üsul elmi ilə kifayətlənməmiş, ərəb dilinin qrammatikasında çox yüksək nailiyyətlər əldə etmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdır. Ustadın fəlsəfə, kəlam, irfan və təfsir elmlərində qazandığı uğurlar hamını heyrətləndirmiş, o, bu sahələrdə ictihad dərəcəsinə nail olmuşdur.
İkinci dünya müharibəsi illərində rus qoşunlarının İrana daxil olması ilə cənubi Azərbaycanda vəziyyətin gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və ruhanilərə qarşı başladığı amansız repressiyaların nəticəsində ustad məcburiyyət qarşısında qalıb öz doğma şəhəri olan Təbrizi tərk edərək Qum şəhərinə köçmüş, bu illər ərzində İranın bir çox elmiyyə hövzələrində elmi-tədqiqat işləri və tədrislə məşğul olmuşdur.
O, 1946-cı ildə Qum şəhərində məskunlaşaraq, orada təfsir və hikmət dərslərinin tədrisinə başlamış, Tehrana etdiyi ardıcıl səfərlərdə İslam maarifi və hikmət teşnələri ilə əlaqələr yaratmışdır. Ustad uzun illər boyu yorulmaq bilmədən din və hikmət müxalifləri ilə elmi mübahisələr təşkil etmiş, qərb və şərqdən məqsədyönlü şəkildə müsəlmanları azdırmaq üçün göndərilən ideoloji məktəblərlə elmi mübarizələr aparmışdır. Əql və məntiq əsasında aparılan bu misilsiz fəaliyyətlər əcnəbi tə`sirinə qapılmış bir çox alim və ziyalıların doğru yola hidayət olunmasında müstəsna rol oynamış, həqiqət axtarışında olanları dini həqiqətlərlə yaxından tanış etmişdir. O, həyatının son 20 ilində təkcə ruhani təbəqəsinə deyil, ziyalı sinfinə və qərbdə təhsil alan alim və tələbələrə də əvəzsiz bir tə`sir mənbəyi olmuşdur.
Neçə illər idi ki, payız fəslində ustadla professor Henri Korben arasında, bir çox alim və tələbələrin iştirakı ilə elmi mübahisələr təşkil edilirdi. Yüksək mə`nəviyyatlı bir şəxsiyyətlə həqiqət axataran elm xadimi arasında təşkil olunan dini-fəlsəfi, eləcə də psixoloji, sosioloji və digər dünyəvi elmlərlə əlaqədar aparılan elmi mübahisələr zamanı çox maraqlı məsələlər araşdırılır, bu görüşlər daimi olaraq çox mühüm və müsbət nəticələrlə sona çatırdı. Bu müzakirələr elə yüksək səviyyədə keçirilirdi ki, bəlkə də islamla xristianlıq arasında mə`nəvi-ideoloji əlaqələrin kəsildiyi orta əsrlərdən bu vaxta qədər qərb ölkələri ilə müsəlmanlar arasında belə bir rabitə yaradılmamışdı.
Əllamə Təbatəbai Qum elmiyyə hövzəsinə böyük xidmətlər göstərmiş, bu elm ocağında əqli elmləri, o cümlədən Qur`an təfsirini yenidən dirçəltmişdir; ustad bu mərkəzlərdə tədrici olaraq hikmətin əsas bünövrələrini qoymuş, “Şifa”, “Əsfar” və sair fəlsəfi kitabların tədrisinə başlamışdır.
Ustadın yüksək elmi, bariz şəxsiyyəti, gözəl əxlaqi səciyyələri və tələbələrlə münasibətdə hədsiz mülayimliyi az bir zamanda onun məşhurlaşmasına səbəb olmuş, elm xadimləri, ruhanilər və sıravi dindarlar arasında saysız-hesabsız müridlər qazanması ilə nəticələnmişdi. Əllamənin dərslərində yüzlərlə tələbə iştirak edir, tanınmış alimlər də onun elm dəryasından bacardıqları qədər faydalanırdılar. Ustadın iyirmi illik zəhməti artıq öz bəhrəsini vermiş, onun əkdiyi gül-çiçəklərin ətri hər yeri bürümüşdür; hal-hazırda elə bir islami mərkəz və elm ocağı tapmaq olmaz ki, orada ustadın şagirdlərindən və ya onların əsərlərindən biri öz əvəzsiz xidmətini göstərməmiş olsun. Demək olar ki, hikmət alimlərinin əksəriyyəti birbaşa və ya bir və bir neçə vasitə ilə ustadın şagirdi hesab olunurlar. Əllamə Təbatəbainin nəzarəti altında əqli elmlər sahəsində ictihad dərəcəsinə çatan alimlərin dəqiq sayı mə`lum deyildir, amma qətiyyətlə demək olar ki, onun islam fəlsəfəsi üzrə hazırladığı alimləri, yazdığı dəyərli kitabları və göstərdiyi digər mühüm xidmətləri heç bir şeylə müqayisə etmək olmaz.
Əllamə Təbatəbai tələbə və alim hazır-lamaqda təkcə elmi inkişafla kifayətlənməmiş, bu işdə mə`nəvi saflığa və əxlaqi məsələlərə mühüm əhəmiyyət vermişdir. O, elm və əxlaqı özündə birləşdirən yeni bir məktəbin əsasını qoymuş, cəmiyyətə çox layiqli insanlar təqdim etmişdir; ustad bu iki məsələni bir-birindən ayırmağı böyük faciə hesab etmiş, elm ocaqlarında belə bir sistemin yaradılması yolunda əlindən gələni əsirgəməmişdir.
ƏLLAMƏ TƏBATƏBAİNİN ƏSƏRLƏRİ
Ustad Əllamə Təbatəbainin bir çox qiymətli əsərləri vardır. O cümlədən aşağıdakıları qeyd etmək olar:
1.“Təfsirul-mizan”; (20 cild)
2.“Fəlsəfə üsulları və realizm metodu”; (5 cild)
3.Sədruddin Şirazinin “Əsfar” kitabına haşiyə; (5 cild)
4.“Professor Korbenla mübahisələr”; (2 cild)
5.“İslam hökuməti” risaləsi;
6.“Haşiyeyi-Kifayə”;
7.“Qüvvə və fe`l” risaləsi;
8.“İsbati-zat” risaləsi;
9.“Risalə dər sifat”;
10.“Risalə dər əf`al”;
11.“Risalə dər vəsait”;
12.“Əl-insanu qəbləd-din”;
13.“Əl-insanu fid-din”;
14.“Əl-insanu bə`dəd-din”;
15.“Risaleyi dər nübüvvət”;
16.“Risalə dər vilayət”;
17.“Risalə dər müştəqqat”;
18.“Risalə dər bürhan”;
19.“Risalə dər müğalitə”;
20.“Risalə dər təhlil”;
21.“Risalə dər tərkib”;
22.“Risalə dər e`tibarat”;
23.“Risalə dər nübüvvət və məqamat”;
24.“Mənzumə dər rəsmi xətte nəstə`liq”;
25.“Əli vəl-fəlsəfətul-ilahiyyə”;
26.“Qur`an dər islam”;
27.“Şiə dər islam”.
Ustad bunlardan əlavə bir çox risalə və məqalələr də yazmışdır. “Məktəbi təşəyyö`”, “Dərshayi əz məktəbi islam”, “Rəhnomai kitab” və s. jurnallarda çap edilmiş müxtəlif həcimli yazıları buna misal göstərmək olar.
Ustadın ən mühüm əsəri müasir dövrdə ən böyük və nəfis təfsirlərdən sayılan iyirmi cilddə yazdığı “Əl-mizan” kitabıdır. Bu əsər indiyə qədər dəfələrlə çap olunmuşdur. Qədim dövrlərdə yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab vermədiyindən, ustad belə bir əsər yazaraq islam dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə aşkar hədislərə əsaslanan yeni metoddan – bir ayənin sair ayələr vasitəsilə təfsir olunmasından istifadə etmişdir.
Əziz oxucular, qarşınızda olan bu kitab ilk dəfə olaraq gənc nəsl, eləcə də qərbdə yaşayan iranşünas, şərqşünas və islamşünaslar üçün yazılmışdır. Buna görə də Əllamə Təbatəbainin haqqında bə`zi məsələləri qeyd etməyi, əsrin elm və hikmət korifeyini təqdim etməyi lazım bilirəm.
Əlbəttə, qələmimiz belə bir vəsfolunmaz şəxsiyyətin təqdim olunmasında yetərli deyildir və dillə onun mə`nəvi-ruhani məqamını, fəzilət və kamal dərəcələrini izhar etmək olmaz. Bu səhifələr uzun illər tanınmaz bir şəxsiyyət kimi islam cəmiyyətinə böyük xidmətlər göstərən bir insan haqda dərya müqabilində bir damlaya bənzəyir. Ustadın özü həqiqət məqamına çatdığından, daim şö`lələnməkdə olan bir məş`əl kimi öz ətrafında olanların, şagirdlərinin və onun əsərlərini oxuyanların yolunu işıqlandırmış, onların fikir və mə`nəvi həyatına ruh, istiqamət və mə`na vermişdir.
Dostları ilə paylaş: |