Şahzada Bəhram:
Başına döndüyüm pərim
Yola sal məni, sal məni
Sinəm oluf qan dəftəri
Yola sal məni, sal məni.
Mah Ənvər:
Sıtqımı bağlaram xudayə
Sığınnam ali-əbayə
Oğlan, düşmə bu södayə
Cavan al məni, al məni.
Şahzada Bəhram:
Bəhramam saralub sollam
Gər getməsəm yəqin ölləm
Qismət olsa səni də allam
Yola sal məni, sal məni.
Mah Ənvər:
Mən Mah Ənvərəm bilmərəm
Sənsiz şad olub gülmərəm
Hərgiz tərkin qılmaram
Oğlan al məni, al məni.
Söz tamama yetişib hər iki nəfər cəvannar bir-birinə ilqar vərub şahzada Bəhram dedi: “Hərgah bu səfərdən səlamət qayıtsan onda səni alacağam”. Pəs: bir-birilə halallaşıb ayrıldılar. Şahzada Xtan vilayətinə tərəf getməgə üz qoydu günə bir mənzil, təyyi-mənazil Xtan şəhərini gözünün önünə alıb gedirdi. Gəl sənə kimdən xəbər verim Xtan şəhərində Gül Xandandan. Onun bavası Alı şahın üstünə yeddi padşahın oğlanları qoşun çəkib gəlmişdilər. Və hamısı deyir: “Qızını gərək mənə vərəsən. Hərgah vərməsən tac-təxtini bad fənayə vərərik.” Alı şah deyir: “Canım mənim bir qızım var, o da bir oğlana gedəcək, indi hansınızı istiyir ona getsin mən neyliyirəm. Sizin yeddinizdən də qıza elçi gəlsin, hansı birinizin üzüyünü qəbul etsə ona verim”. Bu vədəyə yeddi şahın oğlanları elçi göndərdilər. Gül Xandan isə heç birinin üzüyünü qəbul etmir. Odur ki, şahın oğlanları Xtan şəhərini mühasirə edib gözləyirdilər ki, görək bu kimə gedəcək. Hərgah bizdən savayı bir adama getsə həmi o adamı və həm də qızı həlak edib Xtan şəhərini bərbad edərik”. Gəl sənə şahzada Bəhramdan xəbər verim. Xuraman-xuraman özünü Xtan şəhərinə yetirdi.
Əhvalatdan xəbərdar olub, şəhərin bir tərəfində bir dərvişyanə çadır qurub öz işinə məşğul oldu. Bu yanda Gül Xandan öz daril imarəsində məyus oturdu. Bir gejə böylə qəmgin yatmışdı. Aləm ruyada gördü şahzada Bəhram da bu şəhərin ətrafini əhatə edən qoşunun içindədi. Xabdən bidar olub xacəni istiyib dedi: “Ey xacə, mən bu qoşunu bir təhər ilə bavamın başından dağıtmaq istiyirəm. İndi əhvalatı sənə nağıl edim. Sən də gedib o cürə bavama söylə: Bavacan səni bu qoşun talan etdi. Onun üçün hərgah sən mənə izn versən mən bu qoşunu sabah dağıdaram. Ancaq mən bir at minib bir qırmızı alma alıb çıxaram bu dəryayi-leşkərin içinə. Hansı bir şahın oğlunu xoşdasam onun çadırına həmin almanı ataram. O vədə qalanları gedər, mən də həmin oğlana gedərəm. Sən də rahat olarsan”.
Xacə əhvalatı tamami ilə şaha ərz edib, şah buyurdu ki, “Çox yaxşı olar. İzn verdim. Get, deginən qız sabah get qoşunun şərrini mənim başımdan rədd eyləynən”. Pəs: şahların oğlanlarına xəbər verdilər ki, qız bu gün qoşun içinə gələcək. Hər kəs öz şahlıq libasını giyib çadırında qərar tutsun ki, hər kimi bəgənsə onun çadırına alma atıb və ona gedəcəkdur. Şahzadalar bu sözü eşidib özdərinə yeddi qələm ilə zinət verib çadırlarda əyləşdilər. Bir yanda da şahzada Bəhram, dərviş manənd öz çadırında əyləşib. O yannan Alı şahın qızı Gül Xandan özünə on dörd qələmlə zinət verib bir zərinşin kəcavədə əyləşib, şahzadaların çadırlarına tərəf rəvan oldu. Alma əlində çadırlar arasında dolanırdı. Bu surətlə şahanə çadırları gəzib bir guşədə şahzada Bəhramın çadırına yetişib almaya bir kağız bənd edib Bəhramın çadırına atıb, öz daril imarəsinə getdi. Bu vədə şahzadaların arasında bir kökə düşdü ki, heç görünməmişdi. Öz-özdərinə deyirdilər: bu nə işdi, bizim kimi şahzadaları buraya qoyub bir dərvişə getdi. Ona görə ya gərək ölək və ya bu dərvişi həlak edib qızı zor ilə alaq. Bu yanda şahzada Bəhram şad və xürrəm almanı alıb kağızı oxuduqda gördü ki, Gül Xandan yazıb ki: “Bəhram mən getdim gülşən bağına. Gör gələ bilirsənmi? Bağın açarını da dayaya vermişəm. Səni bağa buraxar ancaq özünü gözlə ki, bu qoşun hər tərəfə qaravul qoyub səni həlak edəllər”.
Şahzada məzmun namədən xəbərdar olub gecə olcax gülşən bağına tərəf getməgə başladı ta inki bağın qapısına yetişib bir qədər çust çudan sonra dayayi tapub özünü ona nişan verdi, bağa daxil oldu. Dayə ilə getdikləri əsnadə iki qaravul şahzadanı görüb dedilər: “Ey adam: getmə görək nəçi karəsən və hara gedirsən”. Dayə səsləndi ki, “Gül Xandanın dayəsiyəm”. Olar qulaq asmıyıb şahzadaya tərəf gəlmək istədikdə Bəhram firsəti fotə vermiyib, özünü bulara yetirif hər ikisinin başından bir şəmşir endirib başdarı on qədəm kənarə düşdü. Burdan dayə ilə Gül Xandanın hizurunə yetişdilər. Hər iki yar mehriban bir-birilə qol-boyun olub busəbazdığa başdadılar. Qız bütün şahzadanın başına gələn qəza və qədəri xəbər aldı. Şahzada təmaminan nağıl elədi. Elə ki savah oldu, şahzada özünü çadıra yetirdi. Bu minval ilə qırx gün qırx gecə Gül Xandan ilə bir yerdə söhbətə məşğul oldular. Gəl sənə kimnən xəbər verim, yeddi padşahın oğlanlarınnan. Bir gün çuğul bunlara xəbər vərdi ki, nə yatmısınız? Şahzadalar Bəhram qırx gecədi ki, Gül Xandan ilə həm söhbətdur. Şahzadalar bu sözü eşidib dedilər: “Çox əcəb!” gejə araya gəlcək Bəhramın yolunun üstə tor qoydular. Və bir neçə pəhlivanlar kəmində qoydular. Bu yanda şahzada Bəhram bixəbər yarın eşqinə mübtəla olub gejə özünü məhbubəsinə yetirib şirin söhbət ilə hər iki yar mehriban yuxulamışdılar. Birdən Gül Xandan hölnak yuxudan qalxıb dedi: “Şahzada bu gejə bir hölnak vaqya gördüm. Qulax as söylüyüm. İndijə gördüm ki, bir zalım seyyad bir ceyranı dutub əl-ayağı bağlı mənim yanımdan aparır, nə qədər iltimas etdimsə buraxmadı. Yuxudan çox qorxuram, şahzada dedi: “Xanım qorxma, Allah böyükdür. Amma intizarə söhbət haramdır, bu saat gün çıxar mənim silahımı gətir gedim.
Pəs hər iki yar vəfadar bir-birini vida edib şahzada öz çadırına getməyə məşğul oldu. Bir neçə qədəm bağdan kənarə çıxmışdı ki, hər tərəfdən ləmlifla kimi torlar açılıb şahzada Bəhram o saat tora düşdü. Bu vədə zalım pəhlivanlar gəmiynən çıxıb şahzadanı zəncirlər ilə bənd bəndidən bağlıyıb yeddi şahzadaların hizurunə apardılar. Yeddi şahzadalar dedilər munu asand cəza ilə öldürmək olmaz. Gərək elə əzab ilə öldürək ki, dünyada görülməmiş ola. Munu deyib hökm etdilər bu saat bir dəvə dərisinə şahzada Bəhramı salıb yeddi yolun ayrıcına qoyun. Həm dəvənin dərisi bədənini və həm də gəlib gedən üzünə tüpürsün. Bu surət ilə həlak olsun. Bə hökm şahzadalar o saat Bəhramın həmin minval ilə dəvə dərisinə salıb yeddi yolun ayrıcına qoydular. Biçarə Bəhramın gəlib gedən üzünə tüpürürdü. Mundan əlavə dəvə dərisi şahzadanı elə sıxırdı ki, az qalmışdı həlak olsun.
Gəl sənə Alı şahın qızı Gül Xandandan xəbər verim. Bir gejə bir xacə ilə on min dinar pul və yeddi yorğan göndərir ki, bu şeyləri Bəhramın qaravuluna verdiginən və bu on min dinar pulu alıb şahzada Bəhramın dəvə dərisinin altınnan yeddi yorğanı bədəninə bük, onun üstünnən dəvə dərisini çək ki, həlak olmasın. Xacə yola rəvan olub özünü bir pinhani caddədən şahzadanın qaravuluna yetirdi. “Gül Xandan deyən kimi pulu və yorğanı verdi. Qaravul qəbul edub şahzadanı yorğannara büküb yenə üzərinnən dəvə dərisini çəkib öz yerində əyləşdirdi. İndi bu dəvə dərisində qalmaxda olsun. Gəl sənə şahzada Bəhramın qardaşı şahzada Heydərdən xəbər verim. Bir gün məktəbdən evə gəlirdi. Qəzadan yolda bir uşaxnan dalaşır və töhmətli sözlər ilə uşağı danlıyır. Həmin uşaq qəzəblənib Heydərə dedi: “Hərgah sən qoçax və namuslu oğlansansa qardaşın şahzada Bəhram yeddi ildi bilinmir haraya gedib. İndi onu gedib tapıb gətirərsən”. Şahzada Heydər uşaqdan bu sözü eşidib qəzəbnak oluf özünü anasına yetirib dedi: “Anayi mehriban nə üçün mənnən qardaşım Bəhramın diyar qürbətə getməsini və bir qıza aşıq olmasını gizdədirsən? Anası Gül Çöhrə xanım dedi: “Oğlum, yalan sözdü. Nə sənin qardaşın var, nə də diyar qürbətə gedib. Şahzada Heydər and yad etdi ki, hərgah düzünü deməsən həm səni və həm də özümü həlak edəcəm. “Bu vədə anası ağlıyıb dedi: “Oğlum, di görüm bu sözü sən hardan eşitmisən ki, sənin qardaşın Bəhram eşqə mübtəla olub diyar qürbətə gedib?”. Şahzada Heydər dedi: “Anacan, qulaq as mənim qardaşım olduğunu və eşqə mübtəla olub diyar qürbətə getdigini xəbər verim.
Dostları ilə paylaş: |