124. AĞLARSA, ANAM AĞLASIN
Deyir qədim zamanlarda bir oğlanla bir qız olur. Bunlar bir-birini çox sevirmişlər. Bir gün oğlan xəstələnib ölür. Oğlan o dünyada gəzdiyi vaxt görür bir göl var, kənarında da bir qoca kişi oturub. Yaxınlaşır soruşur ki, bu nə göldü belə, burada niyə oturmusan? Kişi cavab vermir, oğlan da çıxıb gedir. Üstünnən xeyli zaman keçir, oğlan gəzə-gəzə gəlib bir də burdan keçəndə görür ki, gölün suyu xeyli quruyub, amma qoca yenə gölün kənarında outrub. Yenə də qocaya nə sual verirsə, qoca cavab vermir. Üstünnən bir müddət də keçir. Oğlan bir də həmin kişiylə rastlaşır. Görür ki, qoca oturub gölə baxır. Ancaq göl elə quruyub ki, lap bir ovuc qalıb. Oğlan bu işə lap mat qalır. Yenə qocaya deyir:
– Ay əmi, bu gölün suyuna nə olub, niyə quruyub?
Qoca bu dəfə dilə gəlib deyir:
– Oğul, bu gölün suyu, sənin üçün o dünyada ağlayanların göz yaşından əmələ gəlmişdi. Hər gün sənə ağlayanların sayı azaldıqca, bu gölün suyu da qurudu. Hətta səni sevən o qız belə ağlamır. Bu qalan su isə sənin ananın göz yaşlarıdı. Çünki o, hələ də ağlayır.
Söyləyici bu mətni yas məclisində eşidib.
Dostları ilə paylaş: |