32. ƏL ÇƏKİN YAXAMDAN
Axşam imiş. İsa kişi ot biçinindən təzəcə qayıdıbmış. Eşşəyini tövlənin qabağındakı payaya bağlayıb qabağına göy ot qoyubmuş. Özü də əl-üzünü yuyub dəhlizdə həmişəki yerində mütəkkəyə dirsəklənib uzanmışdı. O, Fitat arvadın süzdüyü pürrəngi çayı içirdi ki, qonşuları Kamal müəllim gəlir.
– Axşəmın xeyir, İsa dayı.
– Ağbatın xeyir, Kamal. Gəl otu, çay içax.
– Sağ ol, İsa dayı, içmirəm. İsa dayı, Suçıxanda bir yük odunum var, gəldim ki, eşşəyi verəsən, tezdən gedəm onu gətirəm.
– Nolar, Kamal. Verərəm, niyə vermirəm. Bağlamışam pəyənin qabağına. Tezdən gəl, aç apar. Amma elə gəti ki, mən də işə gedəjəm, gejikmiyim.
– Yaxşı, arxeyin ol, əşi. Di sağ ol, mən getdim.
İsa kişi də deyir ki, sən də sağ ol. Kamal müəllim təzəcə ge-dibmiş ki, Əli müəllim gəlir.
– Axşəmın xeyir, Qara dayı, – o, İsa kişini belə çağırırdı.
– Ay ağbaxtın xeyir, Əli. Keş gəl. Gəl otu, çay içax.
– Sağ ol, Qara dayı, gəldim eşşəyi verasan, Şüşənin tükanında un var, tezdən gedəm bir tay alam gətirəm.
İsa kişi deyir:
– Əli, verərəm, niyə vermirəm. Amma canın haqqı, sənnən qabax, elə bax hindicə Kamal gəlmişdi, dedi Suçıxanda odunum var, verdim ona.
Əli müəllim deyir:
– Yaxşı, sağ ol, Qara dayı, gejən xeyrə qalsın.
İsa kişi deyir:
– Sən də sağ ol.
Əli müəllimdən azca sonra Vəli müəllim gəlir. Kişi hələ də çayını içə bilməyibmiş.
– Axşəmin xeyir, İsa dayı.
– Ağbaxtın xeyir, Vəli. Gəl, otu, çay içax.
Vəli müəllim oturur. Fitat arvad ona da çay gətirir. İsa kişi xəbər alır:
– Vəli, sən allah, xeyirdimi gejə vaxtı?
– Xeyirdi, İsa dayı. Padaranda bir yük otum var, gəldim ki, eşşəyi verəsən, qarannıqdan duram, gedəm onu gətirəm.
İsa kişi Vəli müəllimə heç nə demir. Böyrünə qoyduğu çəliyini götürüb hirslə ayağa qalxır. O evin qabağına çıxır uca səslə çağırır:
– E he-e-y, Ağanus camaatı, e he-e-y!
Yay vaxtı olduğundan hamı dəhlizdə, balkonda, həyət-bacada imiş. Odur ki, onun səsini eşidib yerbəyerdən hay verirlər. O taydan Balış, Məhərrəm, Qəbil, Maqsud, aşağıdan qonum-qonşular az qala bir ağızdan:
– Ə, nədi İsa, noolub? – deyə soruşurlar.
İsa kişi səsini bir az da qaldırır.
– Ə-ə-ə, eşşəyi palanlamışam, aparıram bağlayam Talıbın tutuna (Talıbın tutu deyilən ağac kəndin ortasında idi), hansınıza lazımsa, gəlin aparın. Əl çəkin mənim yaxamdan.
Dostları ilə paylaş: |