51. PEYĞƏMBƏRİN QARĞIŞI
Peyğəmbər namaz qılırmış. Biri gəlif deyir:
– Ya peyğəmbər, qarğış neçə ildən sora tutur?
Deyir:
– Qırx ildən sora.
Deyir:
– Əşi, peyğəmbərin çuxası qəşəhdi, bunu oğurruyum geyim. Qırx ildən sora nə olar, olar.
Bu, çuxanı göturuf çiyninə salıf iki addım gedənnən sora yıxılıf, qıçı sınıf. Deyir:
– Ya peyğəmbər, sizdə də yalan olur? Bəs demədin qırx ildən sora tutur?
Deyir:
– Bir yazığın inəyini oğurramışdın, qırx ili tamam oldu, mənimki soradı hələ.
52. UŞAĞIN ÇÖRƏYİNİ ƏLİNDƏN ALIRSAN
Bir uşax sağ əlində çörəh yeyir, şikli düşür suya, suyun qırağındaymış. Görür ki, ə, o biri uşax, – uşaxdı axı, – bunun çörəyini yeyir. Ağlıyır, çörəyi düşür suya. Hə. Çörəyi suya düşür, ağlıya-ağlıya gedir. Atası, anası deyir:
– Ə, niyə ağlıyırsan?
Deyir:
– Çörəyimi aldılar.
Ata da ağsakqal kişidi. Suya baxanda görür ağsakqal adamdı, deyir:
– Ağsakqal kopoğlu, ağsakqallığınnan utanmırsan, uşağın çörəyini alırsan əlinnən?
Dostları ilə paylaş: |