Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə25/27
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#82678
1   ...   19   20   21   22   23   24   25   26   27

Çomaqludan yola düşürük

Yekşənbə, 22 səfərül-müzəffər, 1293 (19 mart, 1876). Günorta namazından iki saat keçəndən sonra Çomaqludan yola düşdük. Təsadüf elə gətirmişdir ki, biz Çomaqluya 22 ramazanda gəlmişdik, 22 səfərdə də çıxırıq.

Ağdaşda naçalnik hazır idi və bizi sərhədədək özü müşayiət etdi. Göyçay sərhədinə səkkiz verst qalmış naçalnik Andrey Feliksoviç atlıların sərkərdəsi Sarıxanla bizi qarşılamağa gəldi. Onun mütərcimi türk dilini çox yaxşı bilən və yaxşı tərcümə edən Seyfulla bəydir.

Müşarileyh gedərkən bizi Ağdaşın naçalnikinə necə təhvil vermişdisə, eləcə də bu gün həmin yerdə Göyçay naçalnikinə təhvil verdi. Ağdaş çaparxanasından iki verst keçdikdən sonra biz Turyançayı keçdik.

Allaha şükür olsun ki, salamat getdik. Kəndlərdən böyük olan Bərgüşad rayonunda heç yerdə hamam olmadı ki, Novruz bayramı axşamı yuyunaq.

Göyçayda dayandıq. Novruz bayramı gəldi

Düşənbə, 23 səfərül-müzəffər, 1293 (20 mart, 1876). Bu gün Novruz bayramıdır. Tehranda gündüzdən üç saat 15 dəqiqə 51 saniyə keçmiş. Burada vaxt fərqinə görə il gündüzdən 27 dəqiqə keçmiş təhvil olmalıdır.

Bu il türk təqviminə görə siçan ilidir.

Bu gün Göyçayda dayandıq. Furqonu rahatlamalı idilər. Atlar yorulmuşdu. Evdə qalıb Məsur duasını oxudum. Qurani-Kərimdən mülki-qədimin haqq ilə nahaq arasındakı fərqi göstərən kitabından bir qədər oxudum. Bu kitab ruhumuzun parlaqlığıdır. Xudavəndi-rəhim, bu böyük kəlama ehtiram və hörmət etdiyi üçün bəndənin ömrünün aqibətini xeyir eləsin və onu zəlil, möhtac və əlil etməsin!

Nahardan sonra naçalnik bizim bayramımız olduğunu eşidərək təbrikə gəlmişdi. Bir qədər Göyçay xiyabanında gəzişdik.

Mehdi bəyin oğlu Ağa bəy Bərgüşadi kimi məşhur idi. Mənim adıma qoymaq istədikləri küçəni mənə göstərdi və dedi: «Göyçayın xəritəsini iki aydan sonra sizin üçün göndərəcəyik».

Bu beş ay ərzində xeyli yer düzəldilmişdir. Yollarda bənövşə güllər çoxdur, lakin Göyçayda bitən bənövşə başqa yerlərdən çoxdur. Göyçayda qırqovul və turac da çoxdur.

Cənab Staroselski Novruz bayramı münasibətilə təbrik teleqrafı vurmuşdu. O, hal-əhval tutur, yolda narahatçılığın baş verib-vermədiyi barədə soruşurdu. Mən də ona cavab göndərərək minnətdarlıq bildirirdim və göstərirdim ki, sizin naibləriniz və digər qulluq sahibləriniz sizdə olan əxlaqdan, qayda-qanunları bilməkdən öyrənərək bizə kəmali-ədəblə xidmət etmişlər və hər cəhətdən razı salmışlar.



Göyçaydan Ağsu istiqamətinə

Seşənbə, 24 səfərül-müzəffər, 1293 (21 mart, 1876). Göyçaydan yola düşərək Ağsuya gəldik. Günəşin qürub etməsinə üç saat yarım qalmış mənzilə çatdıq. Yol boyu gözə çarpan o oldu ki, Göyçaydan Ağsuya qısa bir müddətdə yol düzəlmiş, iyirmi gün ərzində əhalinin istifadəsinə verilmişdir.

Naçalnik Ağsuyadək bizi ötürmək istədisə də, zəhmət çəkməsinə razı olmadıqda yoldan qayıtdı. Bununla belə o, köməkçisinə Ağsuyadək bizi müşayiət etməyi tapşırdı.

Ağsuda da turac və qırqovul vardır.

Ağsudan Şamaxı istiqamətinə

Çəharşənbə, 25 səfərül-müzəffər, 1293 (22 mart, 1876). Səhərin açılmasından bir saat yarım keçmiş, Ağsudan yola düşdük. Ağsu aşırımının yolu on üç verstdir, bu yola, 8 baş at qoşulmuş kalyaskada iki saat yarıma gəldik. Əgər yolda palçıq olsa, burada yuxarı qalxmaq çətin olur, qışda kalyaskaya 6 camış qoşurlar ki, bu aşırımda yuxarı qalxmaq mümkün olsun. Şükürlər olsun Allaha ki, bu bir neçə gündə yağış yağmamışdır.

Səhər dağları və düzənlikləri meh və duman bürüdü. Duman elə qalın idi ki, atlılar kalyaskanı çətinliklə görürdülər.

Ağsu aşırımının yarısını keçmişdik, bu vaxt dağın başında günəş göründü, tamam düzənliklər, dağın ətəkləri dumana büründü, meh gəldi. Bu zaman günəş şüaları onların üzərində elə parlayırdı ki, sanki bütün düzənlik qarla örtülüb. Belə bir mənzərəni nə bir dağda, nə də düzənlikdə heç vaxt görməmişdim.

Əslən Urmiya ermənilərindən olan bölgənin naibi Mixail Afşarov Ağsudan Şamaxıyadək bizimlə həmrah idi. Afşarov nəsli şəhid şah zamanı Qarabağa gələnlərdəndir. Şamaxıya bir neçə verst qalmış Hacı Əli Əkbər bəy bizi qarşılamaq üçün gəldi.

Sonra üç verst qalmış şəhərin naçalniki Yusif Martınoviç, şə­hər naibi Rudkovski, sahibmənsəblərdən bir neçəsi, kazak­ba­şı, Nemətulla bəy, şəhər əyanları qarşılamağa gəldilər.

Günün batmasına üç saat qalmış Şamaxı şəhərinə yetişdik. Ax­şam müsyö Bəylərov Pavel, Şahmirxanın oğlu görüşə gəldi. O, xeyli oturdu, xeyli söhbət etdi və dedi: «Eşitdikdə ki, həzrət cani­şin sizinlə görüşmüşdür, çox xoşhal oldum, öz çətin vəziy­yə­ti barədə ərizə yazmış Qurban ağa Ərəşidə olan Şah Abbasi-Sa­ni və Şah Süleymanın fərmanlarına əsasən onu nəciblərdən he­sab etmək barədə, inşallah, məsələ də həll olunar».

Müşarileyh fars dilində yaxşı danışır və digər bir gözəl cə­hə­ti də vardır ki, bu vaxtadək evlənməmişdir.

Müşarileyh getdikdən sonra şəhərin üləmaları görüşmək üçün gəldilər: keçən dəfə görmədiyim Hacı Molla Əhməd Şir­va­ni, Ağa Seyid Əli, sünniməzhəb əhalinin qazısı Xəlil əfəndi, şiə­məzhəb əhalinin qazısı Molla Əli Əsğər. Ağa Mirzə Əbül­hə­sən xəstə olduğu üçün gələ bilməmişdi.
Şamaxıdan hərəkət. Malakan tayfası və onların məzhəbi haqqında məlumat

Pəncşənbə, 26 səfərül-müzəffər, 1293 (23 mart, 1876). Səhə­rin açılmasından iki saat keçmiş Şamaxıdan yola düşdük. Naçalnik, sahibmənsəblər və tacirlər bizi müşayiət etmək üçün gəldilər. Onları mürəxxəs etdim. Nemətulla bəy Şamaxının sərhəddində yerləşən Cəngiyədək bizimlə oldu.

Şamaxının sərhəddi onun şərq tərəfdən 6 verst o tərəfə Lənətnamədir, ona qoşa verst deyirlər, bu da yetmiş altı verstdir. Qərb tərəfdən Girdman çayıdır. Bu çay Şamaxıyadək təxminən əlli verst uzanır.

Şəhərdən altı verst uzaqlaşdıqda, Pirsaat çayını gördük. Cənubi-şərqdə Qəbir çayıdır, kiçik günbəzi vardır, onu Pirsaat adlan­dırırlar.

Bu çay da onun adı ilə Pirsaatçay adlanır. Bahar fəsli olduğu üçün suyu boldur.

Mərəzədə nahar etmək qərarına gəldik. Bura böyük bir kənd­dir. Yel dəyirmanına tamaşa etməyə getdik. Qəribə görünüşü vardır. Dörd ədəd ağac iki ağaca qanad kimi çarpaz şəkildə əyilmiş vəziyyətdə bərkidilmişdir. Hər ağacın uzunluğu 10 zər, eni isə iki yarım zərdir. Daşlar külək vasitəsilə fırlanır.

Yel dəyirmanı ilə küləyin əsməsindən asılı olaraq gündə bir xarvar, iki xarvar un hasil olunur (1 xarvar 25 puda bərabərdir. – T.H.). Yel dəyirmanının ya iki və yaxud dörd daşı olur.

Malakanların məzhəbi

Mərəzə əhalisinin məzhəbi malakandır. Əhalinin bir nəfər ağsaqqalından onların dini etiqadları barədə müxtəsər danışmağı xahiş etdim. O dedi ki, bu tayfa rus keşişi tərəfindən rədd edilmişdir və onlar məzhəbdən xaric hesab olunurlar. Rus camaatı adətə görə cümə və şənbə günləri süd içmirlər.

«Maluke» rusca süd deməkdir. Bu tayfa isə rusun qadağan hesab etdiyi bu adəti pozaraq süd içir. Ona görə də onları malağan adlandırırlar. Yəni süd sağan sözü təhrif olunaraq belə ifadə olunur. Bu tayfada keşiş yoxdur. Özlərindən üç-dörd nəfər yaşlı insanı seçərək rəhbər təyin edirlər. Onlar kilsələrində İsanın və Məryəmin şəklini qoymurlar və bunu bidət (küfr) hesab edirlər. Malakanlar namaz qılarkən, ibadət edərkən bir istiqamətə yox, hər tərəfə dönürdülər, üz tuturdular. Bunu belə izah edirlər ki, Allah hər tərəfdə hazır və nazirdir.

Malakanlar on iki peyğəmbərə etiqad bəsləyirlər. Bunlar həzrəti-İbrahim, İshaq, Yəqub, Yusif, Musa, Əşmuil (İsmayıl?), Davud, Ərmiya, əl-Yəsau, Zəkəriyya, Həzqil, İsa əleyhissəlamdır.

Onların icad etdikləri (ixtira etdikləri) məzhəb hər məzhəbdən istifadə edərək yaratdıqları qarışıq məzhəbdir. Bu məzhəbə itaət edənlər donuz əti yemir, araq və şərab içmir, sarımsaq, soğan və tənbəki haram sayılır. Heç bir tütün məmulatı istehsal etmirlər. Yalnız pullu balıqlarla qidalanır, digərlərini haram bilirlər. Həmçinin Ucan quşları haram hesab edir, yalnız yeriyən (məs. toyuq) quşları yeyirlər. Zədə almış, yaxud canavar tutmuş, boğulmuş, dağdan yıxılmış qoyun, keçi və inək əti yemək haramdır.

Malakanlar ölülərini qüsl etdikdən və namaz qıldıqdan sonra qalın kətana bürüyür və qəbri dərin qazıb dəfn edirlər ki, canavar çıxara bilməsin.

Adətə görə əri tərəfindən incidilən qadınlar qazının yanına gedib şikayət etdikdə, qazının hökmü ilə talağı verilir və həmin kişi aliment vermir, lakin evlənmək hüququndan məhrum edilir. Öz təriqətlərində çox ciddi olan malakanlar yəhudilərin ardıcılları kimi sünnəti də icra edirlər. Mərəzə kəndində 230 ailə yaşayır və Malakan tayfası burada çoxdur.

Xülasə, günün batmasına bir saat qalmış mənzilə gəldik.



Cəngi çaparxanasından Bakıya istiqamət

Gümə günü, 27 səfərül-müzəffər, 1293 (24 mart, 1876). Səhər açılandan bir saat sonra Cəngi çaparxanasından yola düşdük və altı verst getdikdən sonra, Lənətnamə çaparxanasına çatdıq. Şamaxı torpağı burada qurtardı.

Nemətulla bəy mürəxxəs oldu. Acıdərədən Lənətnaməyə qədər olan ərazi Qəbiristan mahalı adlandırılır. Yayda suyun çatmaması, torpağın quru, havanın isti olması buraya tez-tez gələnlər üçün çox çətin, ağır şərait yaradır. Göründüyü kimi, havası ilə bu yerin belə adlanması münasibdir.

Xəriste sərhəddində böyük naçalnik (rəisi) For Antonov, Badkubədən İskəndər bəy, Quba və Salyanın ağsaqqalları ilə hazır idilər. Bir verst getdikdən sonra Saray çaparxanasına yetişib, Hacı Abdulla quyusundan şirin sudan, çox yaxşı sudan içdik.

Şəhərə üç verstdən artıq qalmış, şəhərin bəylərbəyisi və digər əyanlar artıq bizi gözləyirdilər. Badkubənin qubernatoru Staroselskinin mənzilində, Hökümət evində yerləşdik.

Müşarileyh (Staroselski) Tiflisdən teleqraf göndərərək tapşırmışdı ki, hörmətli qonaqları onun mənzilində yerləşdirsinlər. Mebel və otaqlar olduğu kimi hazır edilsin. Günün batmasına üç saat qalmış gəldik, şəhərə varid olduq. Müşarileyhin mütərcimi Nuh bəy (Nuh Hüseyn Bəyzadə kimi tanınır) və Badkubənin atlı kazak dəstələri rəisi Məlik Nəzər bəy (o da şah Nəzər kimi məşhur idi) qubernator tərəfindən gəldilər.

Bruken, vitse-kurnatorun (qubernatorun), yəni kurnatorun müavini jandarmeriyanın rəisi polkovnik Talfrinbutla birlikdə bizimlə görüşmək üçün gəldilər.

Brukeni buradan gedən vaxt görmüşəm, Talfrin isə iki-üç ay olar ki, gəlmişdir. Bu, çox qapalı bir məmurdur, beləsi hər bir vilayətdə vardır, casus hər yerdə olur.

Bruken üləma və tacirləri bizimlə görüşdürdü, onlar bizi salamladılar və bu il Badkubədən ziyarətə gedənlərin məndən razılıq etdiklərini söylədilər. Onlar bizim müctəhidlərə də öz razılıqlarını bildirdilər.

Axşamçağı Məlik Nəzər bəyi və Əsədulla bəyi göndərdim ki, «Konstantin» vaporunu (paroxodunu) gördükdə xəbər versinlər. Bu gecə Nuh bəy gəlib bizə xəbər verdi ki, iki gün bundan əvvəl teleqraf Orlovskinin 1876-ci il 9 martda, səfər ayının iyirmi dördündə Tiflisdə vəfat etdiyini xəbər vermişdir.

Orlovskinin yetmiş səkkiz yaşı vardı, çox yaxşı bir insan idi və Mirzə Əsədulla xanla sıx dostluq əlaqəsi vardı. İran əhalisi ilə mehriban münasibətdə idi. Bizim də onunla və xanımı ilə xoş münasibətimiz olduğundan ailəsinə başsağlığı teleqrafı vurdum və Mirzə Əsədulla xandan xahiş etdim ki, çatdırsın. Mirzə Əsədulla xan mənə cavabında yazdı ki, sizin onu yaddan çıxarmadığınız mehriban insan olduğunuzu göstərir. Mirzə Əsədulla xan əzadar (yaslı. – T.H.) olduğu üçün mənə təşəkkür etmiş və cavabı sonra ərz edəcəyini bildirmişdi.

Qubernatorın qaldığı imarət dənizi seyr etmək üçün çox münasib bir yerdir. Bir neçə gündür ki, dəniz sakitdir. Allah eləsin ki, inşallah biz Ənzəliyə çatanadək belə olsun!


Bakıda iqamət

Neftin süzülməsinə (distillə edilməsi) baxış

Şənbə, 28 səfərül-müzəffər, 1293 (25 mart, 1876). Nahardan sonra general Lazarev görüşmək üçün gəldi. Onun əsli Qarabağ ermənilərindəndir. Dağıstan müharibələrində çox xidmət etmiş­di və Şamili Qafqazın sərdarı Baryatinskinin xidmətinə gə­ti­ril­di­yini deyirdi. Nadir şahı tərifləyirdi və onun atlı dəstələri ilə keçdiyi yerləri indi heç bir hərbçinin keçməyə cürət etmədiyini söyləyirdi. Deyirdi: «Napoleondan sonra Nadir şah kimi rəşadətli sərkərdə yoxdur. Mən ki, Dağıstanı görmüşəm, illər uzunu orada gedən döyüşlərdə, xidmətdə, hökümət üzvü kimi olmuşam, Nadirdə olan hünəri görmüşəm. Şamil axırda insanların etiqadını itirdiyi üçün uğur qazanmadı və belə olmasaydı, rus ordusu Dağıstana bir neçə il də yiyələnə bilməzdi. Şamil müsəlmanları əsir edir, sonra onlardan pul alaraq buraxırdı. Mən Şamil kimi natiq də görməmişəm».

Müşarileyh (Lazarev. – T.H.) general rütbəsinə görə altı min manat məvacib alır və Bakıda yaşayır, Dərbənddə də imperatorun bağışladığı mülkü vardır. Ondan xeyli mənfəət götürür.

Mən ondan Dərbənd divarı barədə soruşdum. O, cavab verdi ki, onun mövcud olması, həqiqətdir və bu divar Dərbənddən başlayaraq çəkilmiş, dağın üstündən Zaqatalayadək uzanırdı. İndi də onun izləri qalır, divar bəzi yerlərdə heç dağılmamışdır.

Bu gün Mirzəyevin oğlanları gəlib bizi neft mədəninə və Atəşgədəyə tamaşa etmək üçün aparacaqlarını vəd etdilər.

Vitse-qurnator Bruken mayor Roqozinski ilə (polismeyster) gəldi, fayton hazır olduqdan sonra buğda yuyub üyüdən maşına tamaşa etməyə getdik. Üç daş birlikdə 600 pud buğdanı üyüdür. Bir daş gündə iki yüz pud üyüdür. Bizə məlumat verdilər ki, bu maşın 40 min manata alınmışdır. Tamaşa etməli maşın­dır. Sonra vitse qurnator bizi neft emalı prosesinə baxmağa apardı. Bu zavod Mirzəyevə məxsusdur. Burada destillə edilmiş ağ neft hasil olur. Çox yaxşı bir zavoddur.

İki ildir ki, Amerikadan gətirilən neftin cövhəri ucuz satılır və mənfəət vermir.

Ruslar bu xəyaldadırlar ki, bəlkə bu neftdən daha saf, və keyfiyyətlisi hasil edilsin ki, xaricdən, Amerikadan gətirilən neftdən keyfiyyətli olsun və o neftə ehtiyac qalmasın.

Bu neft zavodundan və Atəşgədədəki zavoddan dövlətə ildə yetmiş beş min manat pul yetişir. Bu zavodda 29 qazan mövcuddur. Hər qazandan dövlətə 10 manat gəlir verilir, bayram və cümə günləri istisna olmaqla.

Oradan qayıdarkən dəniz sahilində gəmilər təmir olunan yerə tamaşa etdik. Bu yerin düzəldilməsinə, yəni dəryanın qum və daşla doldurulması üçün 40 min manat pul xərclənmişdir. Bizə dedilər ki, düşənbə günü böyük yelkənli «Moskva» gəmisini sudan yuxarı qaldıraraq, bəzi təmir işləri aparılacaq, əgər tamaşa etmək istəsək, gəlib baxa bilərik.

Mən dedim ki, çox yaxşı təsadüfdür və məmnuniyyətlə bu işə tamaşa etmək olar və lazımdır.

Gün batanda oradan evə gəldik. Vitse-qurnator və polismeyster bizi mənzilədək müşayiət etdilər, sonra geri qayıtdılar.

Şükürlər olsun Allaha ki, Badkubəyə çatanadək külək əsmədi və yağış da yağmadı. Əgər o gəldiyimiz ərazi palçıq olsa idi, mənzilə yetişincə bir neçə gün itirəcəkdik.

Bakıda iqamət

«Əkinçi» qəzetinin müdiri ilə görüş. 1293, 29 səfərül-müzəffər, yekşənbə (1876, 26 mart). Səhər «Əkinçi» qəzetinin naşiri (yazanı) Həsən bəy Zərdabi gəlmişdi. Müşarileyhə dedim: «İmperatorun əmrinə görə «cənab» ifadəsi yazmaq düzgün deyil. İndi cənabı alicənab mənasını verən vüzərayi-muxtar (səlahiyyətli nümayəndə, elçi. – T.H.) və süfərayi-kübar (böyük səfir, 1-ci dərəcəli səfir. – T.H.) yazırlar. Fransada bu ifadəni alicənab mənasında olan ekslans əvəz edir. Avropada Əlahəzrət İmperator əvəzi Əlahəzrət Hümayun, şahzadələrə ingilislər Hiness, yəni yüksək məqam, mövqe tutan, fransızlar isə Altesse, yəni valahəzrət deyə müraciət edirlər». O, (Həsən bəy. – T.H.) razılaşaraq etiraf etdi ki, bu ifadəni qəbul edir və sonra xahiş etdi ki, əgər yenə bu kimi səhvlərə rast gəlsə, buyurub göstərə bilər.

Mən dedim ki, qəzet sadə xalq təbəqəsi üçündür, əgər onun bir tərəfi fars dilində olsa idi, İranda da xeyli oxucusu tapılardı.

O, burada farsdilli əhalinin az olduğunu söylədi. Mən ona dedim: «Zərdabi ifadəsi heç məlum deyil və Zərdabın harada yerləşdiyi məlum olmur, Şirvani təxəllüsü yazsa idin, bu, məlum, məşhur şəhərdir. Şah da bilir ki, Şirvanda sünni əhali yaşayır!»

Həsən bəy bildirdi ki, bu vaxtadək belə tanınmışam və Şirvani olmaq xanzadələrin haqqıdır. Əgər dəyişdirməli olsaq, gərək dövlətdən izin alaq və çətin ki, izin verələr!

Zərdab, Şamaxıda bir kənddir və müşarileyhin (Həsən bəyin. – T.H.) əsli oradandır.

Nahardan sonra vitse-qurnator, polismeyster, jandarm rəisi və digər sahibmənsəblər gəldilər ki, bizimlə birlikdə neft mədəninə baxmağa getsinlər. Vitse-qurnator mənə izhari-təşəkkür etdi, dedi: «Eşitdiyimə görə Hüseyn bəyə (Həsən bəy Zərdabini nəzərdə tutur. – T.H.) belə təklif etmisiniz ki, İmperator sözünü belə, dediyiniz kimi, yazsın. Biz fars istilahından xəbərsizik. Çox məmnun olduq».

Mən də ona dedim: «Sultanlara xudavəndi-aləm digərlərindən daha artıq əzəmət, cah-cəlal bəxş etmişdir. Əlbəttə, hər bir iş fərqli olmalıdır».

Günəşin qürub etməsinə beş saat qalmış yola düşdük.

Əvvəlcə Balaxanı kəndindəki neft mədəninə getdik. İnsan ilahinin burada yaratdığı əmələ heyran qalır.

Xəzər dənizindən iki fərsəx aralıda Atəşgədə və od. Onun yanında neft mədəni. Nə atəşi su söndürür, nə də neft atəşdən alışır.

Bu neft mədənindən ətrafa və kənar rayonlara aparılan neft Allahın verdiyi nemətdir. Hər gün iki yüzə yaxın böyüklü-kiçikli quyulardan 8 min pud qara neft çıxarılır və Badkubə şəhərinə aparılır. Neftin hər pudu 4 qəpiyə satılır. Elə quyu var ki, oradan hər gün 320 manat mədaxil götürülür. Bu quyulardan ikisi çox fövqəladədir. Quyunun biri Kokarevin quyusudur. Bu quyunun dərinliyi 34 rus sajeni, yəni 102 rus zəridir. Bu da təxminən 70 İran zərinə bərabərdir. Quyunun 17 sajeni neftlə doludur. Kokarev bu quyunu və digər 60 quyunu 20 il müddətinə dövlətdən icarəyə götürmüş, icarə haqqı da 2 milyon manatdır. İran pulu ilə bu icarə haqqı yeddi yüz min tümənə bərabərdir.

İkinci quyu Səfərovun quyusudur. Bunun hərdənbir vaxtaşırı qəribə coşması vardır (Bu, artezian quyusudur). Quyunun dərinliyi 40 sajen, yəni yüz iyirmi rus zəridir.

Quyunun nefti bəzən qaynayıb coşur.

Biz oraya gəldikdə dedilər ki, dünən gecə sübhədək quyunun nefti coşaraq öz-özünə yuxarı qalxmışdır və onu çəkməyə ehtiyac olmamışdır.

Burada bir qədər dayandıq ki, bu hadisəni görək və ona tamaşa edək. Lakin bu, baş vermədi, məyusanə yola düşdük ki, gedək. Bir qədər aralanmışdıq ki, birdən oradakı fəhlələrin qışqırığını eşitdik: «Coşdu!» Mən yenidən oraya qayıtdım.

Borunun ağzının diametrı bir çərəkdən (1/4) bir qədər artıqdır. Neft o qədər qaynayıb daşmışdı ki, borunun üstündə dördkünc, konus şəklində qoyulmuş enli taxtanı yuxarı tullamışdı. Taxta 2 zərə qədər yuxarı atılmış, ətrafa neft axmışdı. O taxtadan hörülmüş otağın hündürlüyü 15 rus zəri qədərdir və taxta dərzlərindən düzəlmişdir. Dər-divar tamam neftə bulaşmışdı. Orada neftin anbara axması üçün bir məcra düzəldilmişdir və neft oraya axmağa başladı. Yerə tökülən neft isə gölməçə əmələ gətirmişdi və neft torpağa qarışdığı üçün təmiz deyildi və itirilmiş hesab olunurdu.

Mən 15 dəqiqə orda dayanaraq tamaşa etdim! Əgər gözlərimlə görməsəydim, şahidi olmasaydım, heç vaxt bu cürə 15-16 zər hündürlüyündə neft püskürməsinə, havaya qaxmasına və Asiyada bir neft çayının axdığına inanmazdım!

Oradan iki saata Suraxanı kəndində yerləşən Atəşgədəyə gəldik. Axşam Mirzəyevin qonağı olduq. Mirzəyevin Neft distillə edilən zavodundan (ağ neft alınan) Atəşgədəyə getdik. Getdiyimiz vaxt burada gördüyümüz həmin moltanı (Hindistan şəhərlərindən olan Moltan əhlinə deyilir. – T.H.) elə həmin vəziyyətdə dayanmışdı! Üzü cənub-qərbə dayanaraq zəngi çalır və dua oxuyurdu!

Bir neçə yerdə torpağa od vurduq. Şölələndi. Bu alov tüstülənmir, təmiz yanırdı. Bürünc boru alovun arasında olsa da heç isinmirdi, onu 5-6-dəqiqə əlimlə tutdum, heç yandırmadı. Lülənin ortasında alov yoxdu.

Qaz havaya çıxan anda xaricdə olan oddan alovlanırdı. Əgər söndürsən, sərin külək turbadan çıxdıqda, hava alovla birləşir və yenidən yanmağa başlayır.

Qaz nə qədər yüksəkdə olsa, daha tez alovlanır, havadakı oksigen onu alovlandırır. Orada 4 qədim günbəz vardır. Onların ortasından 3 böyük və kiçik zəng asılmışdır. Həmin Moltanı bu zəngləri səsləndirir, onlar çox güclü səslənir. Günbəz hər 4 tərəfdən: şimal, cənub, şərq və qərb tərəfdən açıqdır.

Onun ortası hər dörd tərəfə açıqdır, orta hovuz kimidir, mərkəzdən dəmir boru keçir ki, gecə-gündüz bu borudan alov şölələnir.

Beləliklə, axşamdan dörd saat keçmiş Atəşgahdan yola düşdük və gecədən beş saat yarım keçmiş mənzilə çatdıq. Vitse-qurnator və digər sahibmənsəblər axıradək bizim arxamızca gəldilər, sonra geri qayıtdılar.

Atəşgədə Suraxanı kəndinin yaxınlığındadır.

Badkubə 40 dərəcə şimal en dairəsində, 49 dərəcə 55 dəqiqə şərq uzunluq dairəsində yerləşir.
Badkubədən yola düşdük. Nəsrəddin şah üçün

qaz tuluğu!

Düşənbə, 1 rəbiül-əvvəl, 1293 (27 mart, 1876). Günortaya bir saat qalmış vitse-qurnator gəldi. Fayton gətirdi. Gəminin sudan çıxarılmasına tamaşa etməyə getdik. Burada dəmir yolu düzəldərək, gəmini yuxarı çəkdilər, yana əyilməsin deyə, onun hər iki tərəfinə taxta qoymuşdular. Buxar maşınının gücü ilə çox asanlıqla çəkərək onu bir saat müddətinə dənizdən kənara çıxardılar. Gəmi «Moskva» adlanır, Mirzəyevə məxsusdur. Gəminin çəkisi on altı min puddur, bu da İran ölçüsü ilə 80 min Təbriz məninə bərabərdir (1 mən (batman) 2,944 kq-dır. – T.H.). Mən bir gün əvvəl Atəşgahda olarkən Mirzəyevin oğluna demişdim ki, Tehrana qayıdarkən Əlahəzrət şahənşahın hüzuruna içərisinə qaz doldurulmuş iki tuluq aparmaq istəyirəm. Mirzəyevin oğlu zavodların başçısıdır. O, saat beşdə paroxoda yetişdi. Gəminin xaricini nəzərdən keçirdik, xeyli yenilik vardı. Əgər yolda bir eyib olmasa və tuluq partlamasa, qiyamətdir!

Saat 6-da Mazandaranlı tacir Ağa Ələkbər, Badkubəli tacir Hacı Əbdülbaqi və qardaşı Hacı Əbdülqəni, tacir Hacı Nemət, Hacı Səlimin oğlu, kələntər Məşədi Əbdülbaqi və başqaları xudahafizləşərək getdilər.

Vitse-qurnator rus dilini bilən Məşədi Əbdülbaqinin Ənzəliyədək bizimlə getməyini təklif etdi. Mən razı olmadım.

Mən bölük rəisi Xristofor Antonovdan Mərəzənin Yel dəyirmanının şəklini çəkməyini xahiş etmişdim. Başlamışdı, yaxşı çəkmişdi və onu gəmiyə gətirdi.

Əgər onun üzündən Tehranda da şəkil yaratsalar, xeyli faydalı olar. Ona dedim ki, Tehranda bu alınarsa, adı sənin şərəfinə «Yadigar» qoyulacaqdır.



Bakıdan Ənzəli istiqamətinə hərəkət

Seşənbə, 2 rəbiül-əvvəl, 1293 (28 mart, 1876). Axşamdan doqquz saat keçmiş, təxminən gecə yarıdan üç saat keçmiş paroxod Badkubə limanından yola düşdü. Allaha çox şükür olsun ki, hər şey yaxşıdır.

Günorta namazından iki saat keçmiş Buraki adlanan kiçik bir adanın yaxınlığından keçdik. Bu, Tehrandakı Dovşantəpə dağından bir az böyükdür. «Buraki», rus lüğətində «çuğundur» mənasındadır. Bu dağda çuğundura bənzər görünüş olduğu üçün belə adlanır. Badkubəlilər ona Kiçik Zirə deyirlər. Ondan bir az aralı bir dağ da vardır ki, ona Böyük Zirə deyirlər. Zirənin «çəzirə» sözünün qısaldılmış ifadəsi olduğunu da düşünmək səhv deyildir.

Günortadan dörd saat keçəndə Salyan limanına çatdıq. Salyana 6-7 verst qalmış, dəniz suyunun rəngi Kür çayının töküldüyü yerdə bulanlıq göründü və bu, əhvalımıza da təsir etdi.

Buradan keçdikdən sonra dənizin rəngi yenə əvvəlki şəklini aldı.

Gəmi kapitanının adı Linfolsdur. İyirmi səkkiz ildir ki, dənizdə xidmət edir. O deyir: «Öz xanımımla kürreyi-ərzi iki dəfə dolanmışam». O bir müddət əslində rus dövlətinə aid olan Şimali Amerika qitəsində (Alyaska) qulluq etmişdir və bu gəmi əvvəl getdiyimiz «Baryatinski» gəmisindən heç nə ilə fərqlənmir.

Badkubədən Ənzəliyədək olan məsafə üç yüz əlli verstdir ki, bu da iki yüz ingilis milinə bərabərdir.

Günəşin batmasına iki saat yarım qalmış Lənkəran lima­nın­da dayandıq. Təxminən iki saata yaxın vaxt keçdikdən sonra nə­hayət şəhərin naibi Cabbar bəy gəmiyə gəldi.

Lənkəran min ailədən ibarət olan gözəl bir limandır. Günəşin qürub etməsinə yarım saat qalmış yola düşdük və bu gün bu rübaini söylədim:

Ey bəhri-Xəzər, toi be name Absekun,

Yəni ke bovəd abe-tora ab sekun.

Əz atəşe qəhre Həqq şəvi iymən əgər,

Ba şie şire həqq şəvi rahnemun.

(Ey Xəzər dənizi, sən Absekun da adlanırsan,

Yəni ki, suların sakitdir, aramdır.

Allahın qəzəbinin odundan kənarda olsan

Haqqın şiri ilə bələdçi olarsan).
***

Gər mənzili-ma be Ənzəli xahəd şod,

Rəbbe ənzəlni verdi-cəli xahəd şod.

İn nemət əgər ze həqq məra gəşt nəsib,

Əz yariye şire həqqe Əli xahəd şod.

(Əgər biz Ənzəlidə sakin olsaq,

Allahın nazil etdiyi dua aydın olacaq.

Bu nemət əgər Allahdan nəsibdirsə,

Kömək Haqqın aslanı olan Əlidən olacaq).


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin