Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə193/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   187   188   189   190   191   192   193   194   195
Qulaq dəlmək
Uşaq qız olursa, elə həmin gün, ya ad qoyma axşamı mama, ya zahının yaxınlarından biri uşağın hər iki qulağını dəlirdi. Qulağı dəlmək üçün əvvəl onu yumşaq kül ilə ovur, sonra yeməlı yağla sarı küldə yoğrulmuş sapı iynəyə saplar, qabaq­cadan ucu odda yandırılmış iynənin ucu ilə qulağı dələr, sapdan qırıb halqa kimi düyünləyirdilər. Bu iş deşiyin yenidən örtülmə­məsi üçün idi. Neçə gün sonra uşağın anası sapı kəsib uşağın qulağını təmizləyirdi.

Ölüm və cəza
İnsan həyatında doğum şadlıq yaratdığı halda, ölüm həsrət, qəm gətirir. İnsan iki yolla dünyadan gedir: Biri yatdığı yerdə, yataq içində yaşın çoxluğundan. Ya sağalmaz naxoşluqdan vücudun sarsılması, ölgünləşməsi ilə, ikincisi, ayaq üstə vücudunda həyat çağladığı halda ölür. Bu ikinci yolla ölənlərin içində təsadüfə uğramaq kimi gözlənilməz ölümlər olduğu kimi, bu saya göz yumanların çoxunu, din, haqq, xalq, vətən yolunda canından kecən şəhidlər təşkil edir. Doğmaq halında dünyadan gedən analar, səğir uşaqlar da bu şəhidlər sırasında olur. İnanclara görə şəhidlər bağışlanmış olur, onlar sual-sorğusuz behiştə gedir. Kərbala şəhidləri övliyaların himayəsi altında yer tuturlar. Din, haqq, vətən yolunda şəhid olanların torpağa tapşırılma, əza mərasimi el mərasiminə çevrilir, bunların cənazəsini el yola salır, əzasını da el saxlayır.

Bir adamın can üstə olduğunu duyunca, istər kişi olsun, ya qadın, xüsusən, yorğan-döşək olsa, mümkün surətdə onu təmizləyir, alt paltarlarını dəyişir, əl-ayağına həna qoyarlar. Çünki həna peyğəmbərdən qalmadır. İnkir-minkir ölünün sorağına gələndə hamıdan qabaq onun əlinə-ayağına baxır, əgər həna qoyulmuşsa onun peyğəmbər ümməti, Əli şiəsi olduğuna inanıb qayıdır. Bir para dünya görmüşlər can üstə olan adamın simasında, səsinin xırıltısından onun canını tapşırmaqda olduğunu bilirlər. Can verməkdə olan adamı üzü qibləyə üzadır, yastığı onun başının altından götürürlər. Can tapşırmaqda olan adamı tək başına buraxmaq olmaz. Lakin arvad xeylağı onun yanında tək olmamalıdır. Can verməkdə olanın yanında ucadan danışmaq, ya bərkdən ağlamaq olmaz. Onda can bezikməsi yaratdığına görə caiz sayılmaz. Bu halda ölüm yatağında olan adamın dişləri qayırma olsa, ağzından çıxarırlar. Çay qaşığı ilə ağzına suda çalınmış Kərbala türbəti damızdırarlar. Kəlmeyi-şəhadəti ona dedirdirlər, ruhun bədəndən rahat çıxması üçün mümkün qədər ona əl vurmazlar.

Can bədəndən çıxanda, ulduz göy üzərindən axandan sonra, onun gözlərini, ağzını yumar, çənəsi düşməsin deyə bağlarlar. Ayaqlarını, əllərini düz uzadırlar. Ayaq-baş barmaqlarını bir-birinə bağlayıb üstünə ağ parça çəkib, üstündən bir tirmə şal salırlar. Bütün bu işləri yerinə yetirəndə, çalışarlar əlləri ölüyə toxunmasın. Əlin, ya bədənin ölüyə toxunması ölü qüslü tökməklə pak ola bilər.

İnsan axşam öləndə, onu məhəllə, ya kənd məscidinə apa­rıb, orada əmanət qoyurdular. Lakin gecə ölsəydi, evdə saxlayıb, səhər tezdən evdən çıxardırdılar. Ölünün yerdən tez qalxmasına tələsir, onun yüngül qalxması savabkarlıq əlaməti sanılırdı.

O gecə ölənin yaxınları, qohum-qardaşları səhərə kimi ayıq qalıb ağlayıb-oxşayırdılar. Ölü gecədən evdə qalmalı olsaydı, onun sinəsı üstə Quran qoyar, başı üstə də Quran oxuyardılar. Məsciddə Allahın evi olduğu üçün şeytan oraya yol tapa bilməzdı. Məsciddə ölü tək qalmasın deyə, bir Quran oxuyanı onun başı üstə oturdardılar. Quran oxuyan gecə yuxuya getməsin, ya durub getməsin deyə, dəfələrlə ona baş vurardılar. Ölü istər evdə saxlanıla, ya məsciddən aparıla, onun otağında səhərəcən çırağ, ya şam yandırardılar.

Ağlamaq, sıtqamaq ölünün can bağışlamasından başlayar, əza mərasiminə qədər davam edərdi.

Ölünün yaxınları, uşaqları, qardaş-bacıları, hamıdan çox arvadı şıvən qoparır, başına- döşünə vurur, özündən gedərdi.

Bu bir də ona görə idi ki, arvad ərinin dalınca şivən qopar­masaydı, dalınca dodaq büzər, olmazın dedi-qodular deyərdilər. Ölünün ardınca ağlayıb sıtqamaqda arvadlar kişilərdən irəli gedirdi. Ölü torpağa tapşırılanda bərk qışqırıq qoparır, qəbrin üstünə sərilir, torpağı başlarına sovurur, tüklərin yolur, üzlərinə dırnaq çəkərdilər. Bununla belə, bir inanc da bunda idi ki, əzizlərinin qəbri üstə getməyincə soyumazdılar.

Ölünün evdən çıxarılması nə qədər lazımdırsa, onun tez yuyunub-təmizlənməsi, kəfənə tutulması da bir o qədər lazımdır. Qəbiristanlıqda ölü yumaq yeri olmurdu. Hal-hazırda bir cox kəndlərdə ölü evdə yuyulur. Ölü evdə yuyulanda həyətin açıq yerində çadır qurulurdu.

Ölü adi camaatdan olanda parçadan, ya çadradan bir pərdə çəkilirdi ki, gəlib-gedənin gözü ölüyə sataşmasın.

Ölü məhəllə məscidindən əmanət gətirilən taxta tabut üstə yuyulurdu. Əgər ölü yuyan olmasa, bir nəfər yaxın adamla­rından soyunub, belinə fitə tutar, lazım gəlirsə, bir ayrıca adam da ona su tökməyə yardımçı olardı.

Qüsl başlamamış ölünün yaxınlarından biri ölünü soyun­durub, yuyulmasına icazə verir. Ölünün üstünə suyu ilk dəfə onun yaxınlarından biri töküb, ölünün adını çağırıb deyərdi: – Heç qorxma, biz sənin qohumların, yaxınların, hamımız burdayıq.

Bu sözdən sonra ölünü yuyub-arıdıb, əvvəl sidr suyu, sonra kafur suyu, üçüncü dəfə xalis su ilə qüsl verirlər. Qüsl qurtarandan sonra bir miqdar kafur onun alnına, əllərinin içinə, dizlərinin gözünə, ayaq barmaqlarına sürtürlər. Bu kafur ölüdən yaxşı qoxu qalxmaq, qəbr evində həşaratların ona yaxın düşməməsi üçün sürtülür. Ölünün lazım olan yerlərinə pambıq qoyurlar, sonra da söyüd ağacından bir cüt qoltuq ağacı onun sağ ilə sol qoltuğu altına qoyurdular ki, sual-cavab başlayanda onlara dayansın. Kişi ölüsünü kişi, arvad ölüsünü arvad yuyardı. Ölü kişi olanda yanına möhür qoyur, arvad olsa, boynuna türbət təsbehi salardılar.

Qüsl mərasimi qurtarandan sonra ölü kəfənə tutulurdu. Kəfən hətmən ağ çəlvardan olmalı idi. Kəfən kişilərdə beş tikə­dən, arvadlarda yeddi tikədən təşkil olunurdu. Bir çox möminlər ölməkdən qabaq Məşhəd, Kərbala, Məkkə kimi müqəddəs yerlərə ziyarətə gedəndə özləri, yaxınları, habelə tapşıranlar üçün apardıqları, ya aldıqları kəfən parçasını təbərrük etməyə (zərihə sürtməklə) lazım olan günə qədər saxlayırdılar.

Ölünün əynindən çıxarılan paltarlar ölü yuyanlara çatır. Onlar qabaqcadan həmin paltarların cibinə qoyulmuş pulu muzd olaraq götürürlər. Bundan əlavə ölü yiyəsi bacardıqca onları razı salır.

Qüsl, kəfən işi qurtarandan sonra ölünü əbədi evinə apar­maq üçün tabuta, ya taxtadan qayrılmış qutuya qoymazdan qabaq üç kərə onu yerdən qalxızıb tabuta yaxınlaşdırır, yenidən yerə qoyurlar.

Dördüncü dəfə qaldırıb tabuta qoyur, üstünə bir taqə, şal, ya bir xalça salırlar. Cənazəni üç kərə qaldırıb, yerə qoymağın səbəbi budur ki, onun ruhu tabutun üstündə uçur və deyir:- Məni ev-eşiyimdən, əhli-əyalımdan ayırıb hara aparmaq istəyirsiniz?

Tabut, ölünün yaxın adamları, onu uğurlamağa gələnlərın birgə “Lailəhəillah” səsilə dörd tərəfdən qaldırılır, ona yapışan­lar tez- tez bir-birlərini dəyişir. Yoldan ötənlər savab qazanmaq üçün yoldan ayrılıb, 7 qədəm tabuta yardım göstərir, yenə qa­yı­dıb yollarına davam edirlər. Qəbiristanlıq yaxın olanda, xüsu­silə, kəndlərdə cənazə çiyində aparılır. Uzaq olanda maşınla, kəndlərdə bu kənddən o biri kəndə dəvə, ya at üstə aparılırdı.

Qəbrin dərınliyi 2 metr olur. Arvad qəbri kişi qəbrindən bir az da dərin qazılır.

Ölünün namazı evdə qılınmamış olsa, bir axund onun namazını qılır. Namaz qurtarandan sonra ailə adamlarından birisi ölü qadın olursa, mərhəm kisilərdən biri ayaqyalın-başıaçıq qəbrin içinə girir, o biriləri cənazəni tabutdan qaldırıb, yenə üç dəfə yerə qoyub, götürürlər. Dördüncü dəfə baş tərəfdən qəbrin içindəki adama verirlər. O da cənazəni sağ böyrü üstə, üzü qibləyə yatırdır, başı altına da bir kərpic qoyur, kəfənin ölünün üzünə tərəf hissəsini açır, sonra qəbrin aşağısından çıxır. Axund təlqın verir. Sonra qəbirqazanlar böyük daş, ya kərpic ilə qəbrin üstünü örtürlər. Dəfndə olanlar da hər biri qəbrin üstə bir miqdar torpaq atırlar. Arvadlardan qəbir üstünə gələn olsa, qəbrin üstünə döşənib, şivən qoparır, ondan ayrılmaq istəmirlər. Baş barmaqlarını qəbir torpağına qoyub, fatihə oxuyurlar.



Sonra qəbrin üstünə su səpib, qayıtmaq istəyəndə, bir neçə adam qəbirdən uzaqlaşıb, yenə qayıdır. Kəndlərdə çox vaxt qəbrin üstündə od yandırırlar ki, torpaq qurusun, yerin təzə qazıldığı bilinməsin. Ölünün torpağa tapşırıldığı günün axşamı məhəllə mollası, ya hər mömin hazır olsa, ölüyə məhşət namazı qılır ki, ölü təklikdən, yaxınlarından uzaq düşdüyündən vəhşətə düşməsin.

Haman gecə yenə ölənin evində, bəzən də məsciddə “şamı-qəriban” məclisi qurulur. Məclisdə “Quran”oxunur, qapı-qonşu, eşidib-bilənlər baş sağlığı verirlər.




Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin