V Təlimdə əyanilik prinsipi.
Əyanilik prinsipi tələb edir ki, təlim yalnız müəllimin sözləri üzərində şifahi şəkildə deyil, bilavasitə müşahidəyə təqdim edilən konkret şeylər və hadisələr üzərində qurulsun.
Əyanilik prinsipinin əsaslandığı pedaqoji qanunauyğunluq belədir:
əyani vasitələrdən istifadə zamanı şagirdlərin diqqəti yalnız müşahidə olunan konkret obyektlərin əlamətləri ilə məhdudlaşdırıldıqda, əsasən qavrayış və təsəvvürlərin formalaşmasına, həmin əlamətlər ümumiləşdirilərək eyni tipli digər obyektlərə aid edildikdə isə anlayışların formalaşmasına imkan yaranır.
Əyanilik prinsipinin əsaslandığı psixoloji qanu-nauyğunluqlar:
xarici qıcıqlara cavab reaksiyası görmə orqanlarında başqa duyğulara nisbətən daha həssaslıqla baş verir;
reseptorlarla mərkəzi sinir sistemi arasında ötürücülük qabiliyyəti optik kanalda daha yüksəkdir;
görmə orqanlarından baş beyinə daxil olan informasiya uşağın yaddaşında asan, tez və möhkəm saxlanılır.
VI Şüurluluq və fəallıq prinsipi.
Bu prinsipin tələbinə görə şagirdlər idraki fəallıq göstərərək nəzəri biliklərə yiyələnməli, biliklərin tətbiqi yollarını bilməli, öyrənmə texnologiyalarını mənimsəməli, öyrəndiklərini müxtəlif şəraitdə tətbiq edə bilməlidirlər.
Şüurluluq və fəallıq prinsipinin əsaslandığı qanunauyğunluqlar:
təhsilin mahiyyətini şagirdlərin yüksək əqli gərginlik və müstəqillik göstərərək dərk etdikləri biliklər təşkil edir;
biliklərin şüurlu mənimsənilməsi təlim motivlərindən, şagirdlərin idraki fəallığının səviyyəsi və xarakterindən, təlim-tərbiyə prosesinin təşkilindən və s. asılıdır.
Şüurluluq və fəallıq prinsipinin həyata keçirilməsi zamanı istifadə edilən qaydalar:
şüurlu təlimin əsas şərti görüləcək işin məqsəd və vəzifələrinin aydın dərk edilməsidir;
şagird nəyi, nə üçün və necə yerinə yetirəcəyini əzbərləməməli, başa düşməlidir;
təlim prosesində idraki fəaliyyətin hərtərəfliliyinə, təfəkkür əməliyyatlarından birgə istifadəyə xüsusi diqqət yetirilməlidir;
məsələnin düzgün həllinin tapılması mümkün qədər şagirdlərin qarşılıqlı debatına etibar edilməlidir;
şagirdlər təqdim olunan yeni faktlarla, onların artıq mənimsədikləri biliklər arasındakı oxşar və fərqli cəhətləri tapmağı bacarmalıdırlar;
şagird fakt və hadisənin mahiyyətindəki səbəb və nəticə asılılığını dərk etməlidir;
düzgün sual vermək və cavabı dinləməyi bacarmaq – şagirdin fəallığını təmin edən stimullaşdırma şərtidir.
Dostları ilə paylaş: |