Günahkarla yoldaşlıq
Hər bir insan oturub-durduğu şəxsin tə`siri altına daha tez düşür. Ona görə də Qur`ani-Məciddə və Əhli-beyt (ə) rəvayətlərində dost seçiminə münasibətdə çox ciddi göstərişlər vardır. İslam kitabxanasında sırf bu mövzudan bəhs edən kitablar kifayət qədərdir.
İslam dini insanları kafir, müşrik, günahkar şəxslərdən uzaqlaşmağa çağırır. Məqsəd mö`minlərin mədəniyyətini, əxlaqını, xarakterini şeytani tə`sirlərdən qorumaqdır.
İmam Sadiq (ə) buyurur: «Əgər mö`min şəxs Allaha itaətsizlik olunan məclisin istiqamətini dəyişməkdə gücsüzdürsə bu məclisdə oturmaq ona yaraşmaz (layiq deyil).»57
Əbu Haşim Cə`fəri deyir: “Həzrət Riza (ə) mənə buyurdu: “Nə üçün səni Əbdürrəhman İbn Yə`qubla görürəm?” Dedim: “O mənim dayımdır.” İmam buyurdu: “O, Allah haqqında qeyri-məqbul sözlər danışır. Onun sözləri Qur`an və Əhli-beyt göstərişləri ilə uyuşmur. O, Allahı əşya kimi təsvir edir. Sən ya onunla qalıb bizdən uzaqlaşmalısan, ya bizimlə qalıb onu tərk etməlisən.” Ərz etdim ki, o hər nə deyirsə desin. Mən ki, onun dediklərini təkrar etmirəm. Həzrət (ə) buyurdu: “Ona gəlmiş əzabın səni də bürüyəcəyindən qorxmursanmı? Özü Həzrət. Musa (ə), atası isə Fir`onla dost olanın əhvalatını eşitməmisən? Fir`onun qoşunu Musa və onun ardıcıllarını tə`qib edib çaya yetişdikləri vaxt oğul atasını nəsihət etmək üçün ona yaxınlaşdı. Bu an Fir`onun qoşununa gələn bəlaya oğul da düçar oldu. Bu xəbəri eşidən Həzrət Musa (ə) buyurdu: “Günahkara gələn bəla onun yanındakıları da bürüyər. Amma mö`min oğul Allahın rəhmətindədir.”58
Həzrət Əli (ə) buyurmuşdur: “Allah və Qiyamət gününə imanı olan kəs şəkk-şübhəli yerdə dayanmamalıdır.”59
İmam Sadiq (ə) buyurur: “Allah dostlarına qara yaxılan yerdə oturan kəs Allaha itaətsizlik etmişdir.”60
Həzrət Məsih (ə) buyurmuşdur: “Allahla dostluğunuzu günahkara pis münasibətinizlə göstərin və onlardan uzaqlaşıb Allaha yaxınlaşın. Onların qəzəbi əvəzində Allahın razılığını istəyin.” Soruşdular ki, belə isə kiminlə yoldaşlıq edək? Həzrət İsa (ə) buyurdu: “O şəxslə əyləşin ki, görüşü Allahı xatırlatsın, danışığı elminizi artırsın, rəftarı ilə sizi axirətə rəğbətləndirsin.”61
Bəli, təqva, paklıq, təvazö’, sədəqə ibadət insanla bəla arasında pərdə çəkirsə alkoqol, qumar, təlxəklik, qeybət, böhtan bu pərdələri aradan qaldırır. Əlbəttə ki, şeytan vəsvəsələrinə və nəfsinin istəklərinə uyan insan min bir günaha batmaqla öz əli ilə bəlaların qarşısını almış pərdələri yırtır.
Bu dərdə mübtəla olmayan insan
Çətin iki dünyada tapsın aman.
Hər kimsənin batin gözü kor olsa,
Çöl gözüylə çətin ki, görsün nəsə.
O çiçəyin ətrini almayan kəs
Sinəsində qəlbi gəzdirir əbəs.
Ey eşqdən, sevgidən dəm vuran könül,
Bəlaların qoynundadır yerin, bil.
Od içində yanmağa layiq olan
Sultan sarayından uzaqdır, inan.
Çalış uzaq dayan zənni-gümandan,
Zənnə uyan sorğu günü peşiman.
“Allahumməğfirliyəz-zunubəl-ləti tunzilui-niqəm”
(“Pərvərdigara! Cəzaları endirən, yaxınlaşdıran günahlarımı bağışla”)
Bir çox günahlar əməllərin cəzasını yaxınlaşdırır, tezləşdirir. “Məanil-əxbar”da nəql olunmuş bir rəvayətdə İmam Səccad (ə) doqquz belə günah sadalayır:
1. Zülm (bəğy);
2. Başqalarının hüququna təcavüz;
3. Allahın bəndələrinə məsxərə etmək;
4. Əhdi pozmaq;
5. Aşkar günah;
6. Yalanı açmaq;
7. Dinə zidd mühakimə;
8. Zəkat ödəməmək;
9. Ölçüdə çəkidə əskiklik.
“Bəğy”
“Bəğy” dedikdə həqiqət qarşısında itaətsizlik, ilahi hədlərin pozulması, fəsad, günah nəzərdə tutulur. “Qəsəs” surəsinin 76-cı ayəsində buyurulur: “Doğrudan da Qarun Musa qövmündən idi və onlara zülm etmişdi”. “Şura” surəsinin 27-ci ayəsində oxuyuruq: “Əgər Allah bəndələrinin ruzisini gen-bol edərsə onlar yer üzündə fəsad törədərlər”. “Məryəm” surəsinin 28-ci ayəsində isə belə buyurulur: “Ey Harunun bacısı! Atan pis, anan isə zinakar deyildi.”
İslam Peyğəmbəri (s) buyurmuşdur: “Doğrudan da ən üstün yaxşılıq xalqa yaxşılıq, ən böyük pislik isə başqalarının hüququna təcavüz etməkdir.”62
İmam Sadiq (ə) buyurur: “Mö`mində altı xüsusiyyət olmaz: acizlik, xəsislik, düşmənçilik, yalan, həsəd, xalqa zülm”.63
Dostları ilə paylaş: |