Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Uşağın məktəb təliminə psixoloji hazırlığı



Yüklə 277,04 Kb.
səhifə93/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   89   90   91   92   93   94   95   96   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

24. Uşağın məktəb təliminə psixoloji hazırlığı
Plan:
1. Uşaqları məktəbə cəlb edən atributlar
2. Nitq və şəxsi keyfiyyətlər məktəbə hazırlığın tərkib hissəsi kimi
3. Məktəbə psixoloji hazırlığın aspektləri
Uşağın məktəb təliminə psixoloji cəhətdən hazırlanması məktəbəqədər yaş dövrünün sonunda fiziki və mənəvi inkişafın ən yüksək zirvəsini təşkil edir. Uşaqların təlim yaşının müəyyən edilməsi və onların məktəbə hazırlığı məsələsi tarixən düşündürücü bir problem olmuşdur. Y.A.Komenski yazırdı ki, uşağın yaşı və əqli qüvvəsi oxumağa imkan verməzdən əvvəl təlimə başlamaq lazım deyil. L.S.Vıqotski qeyd edirdi ki, təlim üçün müəyyən optimal dövr vardır. Ondan irəliyə getmək və ya geri qalmaq həmişə inkişafa zərəri olur. A.N.Leontyev qeyd edirdi ki, məktəb yaşına çatmış uşaq bir il də evdə saxlanılarsa, valideynlər ona əvvəlki kimi yenə də körpə gözü ilə baxacaqlar, bu isə böhranı daha da kəskinləşdirəcək. Hazırda dünyanın 100-ə qədər ölkəsində uşaqlar məktəb təliminə 6 yaşdan qəbul edilirlər.
Uşağın məktəb təliminə psixoloji baxımdan hazırlanması heç də o demək deyildir ki, məktəbə daxil olan müddətədək uşaqda müəyyən psixoloji keyfiyyətlər təzahür edir. Sözsüz ki, bu keyfiyyətlər məktəb təlimi zamanı ona məxsus olan fəaliyyət və həyat şəraitinin təsiri altında formalaşır. Yalnız onların sayəsində uşaq məktəb həyatına, müntəzəm təlim prosesinə uyğunlaşa bilir. Məktəbəqədər yaş dövrünün sonunda uşaqların əksəriyyətində məktəbli olmaq və oxumaq meylləri baş qaldırır. Uşaqların hamısı, nadir hallar istisna olmaqla, məktəbə böyük həvəslə can atır. Onların hər biri bu arzularını müxtəlif cür əsaslandırır: kimisi, məktəb həyatına əyləncələrlə dolu bir yer kimi baxır, kimisi də “məktəbdə oxumaq öyrədirlər, adam onda çox şey bilir ” cavabını verir.
Uşağın məktəb təliminə psixoloji hazırlığınin vacib komponentlərindən birincisi məktəb həyatının atributlarıdır. Psixoloji tədqiqatlar sübut edir ki, artıq 4-5 yaşlarından etibarən uşaqlar məktəbliyə məxsus geyim əşyalarına, şəkilli kitablara, rəngli karandaşlara, məktəbli çantasına və s. maraq göstərirlər. Bu, onlarda tələbat və motivləşmə sferasında yeni keyfiyyətlərin yarandığını, məktəbli mövqeyinin formalaşmasının ilkin təzahürü kimi özünü göstərir.
Uşağın məktəb təliminə psixoloji hazırlığında ikinci əsas cəhət ondan ibarətdir ki, uşaq ətraf aləm haqqında, tərbiyəçi, müəllim və onların əməyi haqqında, əxlaq normaları haqqında müəyyən bilik ehtiyatına malik olmalıdır. Burada həmin biliklərin, həcmi ilə yanaşı, həm də keyfiyyətli olması böyük əhəmiyyət kəsb edir. Uşaq bağçalarında təşkil olunmuş hazırlıq qruplarında aparılan təlim zamanı uşaqlar müxtəlif hədisələrlə tanış olur, onları bir-birindən fərqləndirir və müəyyən təsəvvürlərə yiyələnirlər.
Uşağın məktəb təliminə psixoloji hazırlığında üçüncü cəhət onun savada, saymağa, hesablamağa, hesab məsələlərinin həlli tərzlərinə yiyələnməsindən ibarətdir. Əgər məktəbdə öyrədilən biliklərin məzmunu uşağı özünə cəlb etmirsə, onda uşağın məktəbə, müəllimə və oxumağa olan müsbət münasibəti heç vaxt təlimdə müvəffəqiyyət qazandıra bilməyəcəkdir. Məktəbəqədər yaş dövründə əgər idrak maraqlarının tərbiyəsinə kifayət qədər fikir verilməmişsə, məktəbə daxil olan kimi onu yaratmaq mümkün deyildir. Bu iş tədricən və uzun müddət ərzində həyata keçirilməlidir.
Uşağın məktəb təliminə hazırlığını müəyyən edən məsələlərdən biri də uşağın nitqinin inkişafıdır. Bu cəhət özünü hər hansı bir hadisənin mahiyyətini düzgün ifadə etməkdə, öz fikir və düşüncəsini başqalarına şərh etmək bacarığında göstərir. Məktəbəqədər yaş dövründə lüğət fondunun artımında həyat tərzinin, ünsiyyət mühitinin və tərbiyə şəraitinin xüsusi rolu vardır. Lüğət artımı uşaqların cümlə qurmaq bacarıqlarının formalaşması ilə paralel surətdə inkişaf edir.
Uşağın məktəb təliminə hazırlığını müəyyən edən məsələlərdən biri də şəxsi keyfiyyətlərdir. Uşağın sinif kollektivinə daxil olmasına, orada öz yerini tapmasına və ictimai fəaliyyətə qoşulmasına kömək edən şəxsi keyfiyyətlər məktəbə psixoloji cəhətdən hazırlığın tərkib hissəsini təşkil edir. Bu, məktəbəqədər yaşlı uşaqların birgə fəaliyyətində təşəkkül tapan, öz həmyaşıdları ilə qarşılıqlı münasibət yaratmaq və onu saxlamaq bacarığında ifadə olunur.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin